Logo
news content
User
Kateqoriyalar

Xəbər

Hörmüz gərginliyi diqqəti Orta Dəhlizə yönəldir

Hörmüz boğazında gərginlik Avrasiya ticarətini getdikcə quru alternativlərə yönəldir. ABŞ və İsrail fevralın 28-də İrana zərbələrə başlayandan sonra Tehran boğazda gəmilərin hərəkətini əsasən bloklayıb. Belə bir şəraitdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, yəni Orta Dəhliz Avrasiya logistikasında əsas diversifikasiya marşrutu kimi ön plana çıxır.

Dünya Bankı 2023-cü ildə Orta Dəhlizi strateji baxımdan mühüm, ancaq struktur baxımından məhdudiyyətli marşrut adlandırıb. Di gəl, Rusiyanın Ukraynaya qarşı müharibəsi alternativ dəhlizlərə tələbatı artırıb. Dünya Bankı bildirir ki, marşrutun uzunmüddətli dayanıqlığı üçün koordinasiyalı investisiyalar lazımdır. İnfrastruktur əngəlləri aradan qaldırılmalı, sərhədlərarası gömrük və nəqliyyat prosedurları təkmilləşdirilməlidir.

Bu istiqamətdə addım olaraq, aprelin 14-15-də Dünya Bankı və tərəfdaşları dəhlizin əsas çatışmayan hissələrinin gücləndirilməsinə 3.3 milyard dollar ayıracaqlarını açıqlayıb. Bu vəsaitin 1.9 milyard dolları Türkiyədə İstanbul Şimal Dəmir Yolu Keçidinə, 1.4 milyard dolları isə Qazaxıstanın Karaqandı-Jezqazğan avtomobil yolunun yenidən qurulmasına yönəldiləcək.

Bu qərarın açıqlandığı gün Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Astanada bir görüşdə bu cür investisiyaların əhəmiyyətini vurğulayıb: "Geosiyasi gərginliklər (Rusiyadan keçən) Şimal Dəhlizini proqnozlaşdırmağa imkan vermir. Cənub marşrutu isə tutumunun son həddindədir. Bu vəziyyət Orta Dəhlizi alternativ yox, məcburi seçimə çevirib".

Orta Dəhliz nədir

Orta Dəhliz Çin ilə Avropanı avtomobil yolları, dəmir yolları və limanlar vasitəsilə birləşdirən marşrutdur. O, əsasən, Rusiyadan keçən şimal marşrutuna və ənənəvi dəniz yollarına alternativ sayılır.

Almatıda yerləşən Risklərin Qiymətləndirilməsi Qrupunun direktoru Dosım Satpayev AzadlıqRadiosuna müsahibəsində deyib ki, Hörmüz boğazı yenidən açılsa belə, onun sabit nəqliyyat və logistika marşrutu imici uzun illər, bəlkə də, daimi zədələnib: "Qeyri-müəyyənlik artıq qlobal qiymətləri və ticarət davranışını dəyişir. Çox güman ki, neft və azot gübrələrinin qiymətlərinə "risk xərci" əlavə olunacaq. Qlobal gübrə təchizatının 25-35 faizi Hörmüz boğazından keçir və bunun son qiymətlərə təsir qaçılmazdır. Buna görə də bir çox ölkələr gedişatdan asılı olmayaraq marşrutları şaxələndirməyə çalışacaq".

Geosiyasi xaos fonunda sabitlik

Satpayevin fikrincə, Orta Dəhlizin cəlbediciliyinin artmasının əsas səbəbi onun keçdiyi regionların nisbətən sabit olmasıdır. Yaxınlıqda münaqişələr davam etsə də, Orta Asiya və Qafqaz "geosiyasi xaos şəraitində sabitlik nümayiş etdirib: "Bu, regiona nəqliyyat və logistika layihələri üçün platforma kimi marağı artırıb və onun qlobal statusunu yüksəldib".

Onun sözlərinə görə, Orta Dəhliz Rusiyadan başqa hamıya uyğundur.

"Görürük ki, böyük geosiyasi oyunçular regionda xüsusilə iqtisadi və nəqliyyat-logistika sahələrində mövqelərini gücləndirməyə çalışırlar. Çin və Avropa İttifaqı bu prosesdə xüsusilə aktivdir", – Satpayev vurğulayıb.

Amma bəzi analitiklər Orta Dəhlizin hələ mövcud ticarət marşrutlarını tam əvəz edə biləcək səviyyədə olmadığını deyirlər.

Karneqi Beynəlxalq Sülh Fondunun Mərkəzi Asiya üzrə təhlilçisi Temur Umarov hesab edir ki, Orta Dəhliz nə qədər cəlbedici və perspektivli görünsə də, hələlik Rusiyadan keçən şimal marşrutlarını əvəzləyəcək inkişaf səviyyəsinə çatmayıb: "Praktiki baxımdan Orta Dəhlizin ticarət dövriyyəsinin bütün həcmini öz üzərinə götürəcəyini gözləmək hələlik tezdir. Bunun üçün davamlı investisiyalar, bir neçə ölkə arasında sıx koordinasiya və illərlə davam edəcək inkişaf prosesi tələb olunur".

Orta Asiya üçün fürsət

D.Satpayev deyir ki, Orta Asiya ölkələri prosesi düzgün idarə etsələr, bu investisiyalar region əhalisinə real fayda verə bilər: "Xüsusilə Qazaxıstan kimi böyük ölkədə dəmir yolu və avtomobil yolu layihələri iqtisadi cəhətdən geridə qalmış regionları canlandıra bilər. Otellər, yanacaqdoldurma məntəqələri, xidmət və texniki infrastrukturun qurulması multiplikativ effekt yarada, bu ərazilərə ikinci həyat verə bilər".

"Rəsmi adı Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu olan Orta Dəhliz 2014-cü ildə Qazaxıstan, Azərbaycan və Gürcüstan tərəfindən təsis edilib. Bu marşrut Çin və Avropanı Mərkəzi Asiya, Xəzər dənizi və Cənubi Qafqaz vasitəsilə Türkiyəyə qədər birləşdirir. Uzun müddət bu dəhliz Rusiyanın nəzarətindəki Şimal Dəhlizi ilə müqayisədə ikinci dərəcəli marşrut hesab olunub.

Hazırda Orta Dəhlizi Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Asiya İnkişaf Bankı (ADB) və Avropa İttifaqının maliyyə təşəbbüsləri ilə yanaşı, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət investisiyaları dəstəkləyir. Çin isə "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində bu layihənin əsas ticari hərəkətverici qüvvəsi qismində çıxış edir.