Müharibəyə qarşı çıxdığına görə Rusiya vətəndaşlığından məhrum edilənlər
22 Aprel 2026
Rusiyanın Norilsk şəhərindən 34 yaşlı Maksim Polovnikov peşəkar futbolçu idi. O, "terrorçuluğa bəraət qazandırılması" ittihamı ilə 2 il həbs cəzası çəkib, azadlığa buraxıldıqdan sonra Azərbaycana deportasiya edilib. Bundan 10 ay əvvəl isə 2005-ci ildə aldığı Rusiya vətəndaşlığından məhrum olunmuşdu. Sosial şəbəkələrdə müharibə əleyhinə yazdığı şərhlərə görə istintaq onu "terrorçuluğa açıq şəkildə bəraət qazandırmaq"da ittiham etmişdi. Əslində isə o, sadəcə müharibəyə qarşı mövqe bildirib.
2023-cü ildə qəbul edilən yeni vətəndaşlıq qanunu sonradan vətəndaşlıq almış, hakimiyyətin siyasəti ilə razılaşmayan şəxslərə qarşı sanksiyaların tətbiqinə geniş imkan yaradır.
"Müharibə məndən ötrü faciədir"
M.Polovnikov 1994-cü ildə, cəmi iki yaşı olarkən ailəsi ilə Norilskə köçüb. Atasına "Norilsk Nikel" şirkətində iş təklif olunub. O özü və valideynləri Azərbaycanda doğulub. 2008-ci ilədək Bakıya, nənə və babalarının yanına gedib-gəlib. Sonradan onları da Rusiyaya köçürüblər.
Uşaqlıqdan futbol ilə məşğul olan Maksim "Norilsk Nikel" komandasında oynayıb, "Superliqa" klublarının gənclər komandaları arasında Rusiya çempionu olub.
Deyir, Ukrayna ilə müharibənin başlaması onu emosional cəhətdən sarsıdıb, dostları və həmkarları ilə bu mövzuda tez-tez danışıb. Bir dəfə "Müharibəyə yox" yazılmış plakat hazırlayıb və çalışdığı Norilsk kombinatının administrasiya binasının qarşısına qoyub. Bunu onun etdiyini müəyyənləşdirsələr də, inzibati protokol tərtib olunmayıb.
"Kənarda qala bilmədim, bu barədə danışmağın vacib olduğunu düşünürdüm. 2022-ci ilin mayında təhlükəsizlik xidmətinin rəhbəri sexə gəlib dedi ki, "xüsusi hərbi əməliyyat" üçün pul yığmaq lazımdır. Açıq dedim ki, pul verməyəcəyəm. Bundan sonra məni tez-tez sorğuya çağırmağa başladılar, hətta poliqrafdan (yalan detektoru) keçməyi təklif etdilər", – Maksim danışır.
O, yalan detektorundan imtina etsə də, psixoloqla söhbətin videoya çəkilməsinə razılıq verib. Daha sonra təhlükəsizlik xidmətinin rəhbəri onu xəbərdar edib: "Dedim ki, müharibə məndən ötrü faciədir, onu dəstəkləyə bilmərəm. O isə cavab verdi ki, "belə fikirləri açıq deməyə davam etsən, növbəti söhbətimiz daha pis yerdə olacaq"".
2023-cü ilin avqustunda FSB iş yerində Maksimi saxlayıb. Ona iki seçim təklif olunub: ya sosial şəbəkələrdə yazdığı şərhləri etiraf etməli, ya da evində Ukrayna ilə əlaqəsinə "daha ciddi sübutlar" tapılacaqdı. O, qorxub razılaşdığını deyir.
"Gözlərimi bağlayıb iki saat döydülər"
Maksim bildirir ki, işi aparan əməliyyatçı ilə əvvəllər birlikdə futbol oynayıb. Ona etirafı imzalamaq qarşılığında yalnız cərimə kəsiləcəyi vəd olunub. İmtina etsə, daha ağır ittihamlarla üzləşəcəyi ilə hədələnib.
Sonradan onun təqsirsizliyini təsdiqləyən faktlar - sosial şəbəkələrdə aktiv olmaması və həmin günlərdə oyunda olması - iş materiallarına əlavə edilməyib.
Məhkəmədə prokuror ona 7 il həbs istəsə də, 2 il həbs cəzası verilib.
Polovnikovun sözlərinə görə, istintaq təcridxanasında saxlanıldığı müddətdə aldığı dəstək məktublarına görə işgəncəyə məruz qalıb. Ukrayna soyadlı bir qızdan da məktub alıbmış: "Məni otağa saldılar, soyundurub, gözlərimi bağlayıb iki saat döydülər. Dostumun guya hansısa şifrədən istifadə etdiyini öyrənmək istəyirdilər, guya dostum hansısa terakt hazırlayır. Heç nə demədim. İki saatdan sonra buraxıb dedilər ki, "Maks sənə inanırıq, bu, bir daha təkrarlanmayacaq. Biz sadəcə işimizi görürdük"".
"Hamı məni təbrik edirdi"
Polovnikov cəzasını Krasnoyarskda çəkib. 2025-ci ildə koloniyada Rusiya vətəndaşlığından məhrum ediləcəyini öyrənib: "Açığı, bunu normal qarşıladım. Onsuz da son illər ölkəni tərk etməyi düşünürdüm... Koloniyada mənimlə eyni maddə üzrə yatanlar - diversantlar, terrorçular, - hamı məni təbrik edirdi. Soruşurdular ki, görəsən, biz də bu vətəndaşlıqdan necə imtina edə bilərik? Valideynlərim də dərhal məktub yazdılar ki, narahat olma, hər şey yaxşıdır".
Azadlığa çıxandan sonra o, miqrantların saxlandığı mərkəzə yerləşdirilib və üç gün sonra valideynləri ilə birlikdə Bakıya uçub. Ona beş il müddətinə Rusiyaya giriş qadağası qoyulub.
Maksim Bakının onu isti qarşıladığını deyir. Konsulluqdan arayış ilə Azərbaycan pasportu almaq üçün müraciət edib. Azərbaycan vətəndaşlığı əvvəldən olduğu üçün Rusiya hakimiyyəti onu asanlıqla deportasiya edə bilib.
Qanun və reallıq
Rusiya Konstitusiyası vətəndaşın vətəndaşlıqdan məhrum edilməsinə icazə vermir. Dövlət isə praktikada fərqli ifadələrdən istifadə edir: "vətəndaşlığa qəbul etmə qərarının ləğvi" və ya "əldə edilmiş vətəndaşlığın ləğvi".
2023-cü ildə qəbul edilən yeni qanun vətəndaşlıqdan məhrumetmə əsaslarını xeyli genişləndirib. Artıq bu, yalnız saxta sənədlərə görə deyil, milli təhlükəsizliyə təhdid sayılan hərəkətlərə, ordu haqqında "feyk" xəbərlər yaymağa, "arzuolunmaz təşkilatlar"la əlaqəyə və s. görə də mümkündür. 2025-ci ildə belə əsasların sayı 80-ni keçib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, 2024-cü ildə 1757, 2025-ci ilin oktyabrın 8-dək isə 2675 nəfər vətəndaşlıqdan məhrum edilib.
"Biabırçılıq"
Vətəndaşlığa siyasi əsaslarla xitam verilməsi geniş vüsət almaqdadır. 2024-cü ilin iyulunda müharibə əleyhinə mövqe sərgiləyən emiqrant Vladislav Çerkaşin "Rusiya Federasiyasının milli təhlükəsizliyinə təhdid yaradan hərəkətlərə görə" vətəndaşlıqdan məhrum edilib. Belə nümunələrin sayı çoxdur.
Hüquqşünas İlya Şablinski bu praktikanı "biabırçılıq" adlandırır. Onun sözlərinə görə, bu, Konstitusiyaya ziddir, sovet dövründəki siyasi səbəblərlə vətəndaşlıqdan məhrumetmə praktikasına qayıdışdır: "Sovet dövründə vətəndaşlıq siyasi etibarsızlığa görə ləğv edilirdi. Məhz buna görə SSRİ dağıldıqdan sonra vətəndaşlıqdan məhrum etmənin qeyri-mümkünlüyü ilə bağlı hüquqi norma qəbul olundu. Bu, 1960-1970-ci illərdə xaricə gedənlərin vətəndaşlıqdan avtomatik çıxarılmasına prinsipial cavab idi. İndi isə biz, əslində, həmin modelə qayıdırıq".
Polovnikovun özü isə vətəndaşlıqdan məhrum edilməsini müəyyən mənada bir uğur kimi qiymətləndirir: "Deportasiya olunmasaydım, düşünürəm ki, mənə başqa üsullar tətbiq edə bilərdilər".
Buna baxmayaraq, o, ona qarşı iş quranlara kin saxlamadığını vurğulayır: "İnsanlara inanmağa çalışıram. Mənim üçün inanıb məyus olmaq əvvəlcədən inanmamaqdan daha yaxşıdır. Onları bağışlamağa hazıram. Məncə, əslində onların köməyə daha çox ehtiyacı var".
Məqalə AzadlıqRadiosunun rus xidmətinin "Sibir.Realii" layihəsinin materialı əsasında hazırlanıb.