Bakıda 14 yaşlı yeniyetmə uşaq dünyaya gətirib
12 Dekabr 2025
Bakıda 14 yaşlı qız ana olub.
Yeniyetmə bu gün qız uşağı dünyaya gətirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır.
Dekabrın 11-də saat 01:45 radələrində 2011-ci il təvəllüdlü yeniyetmə (qadın) qarın nahiyəsində şiddətli sancı şikayəti ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.
TƏBİB-dən bildirilib ki, pasiyentdə dərhal USM müayinəsi aparılıb və 36 həftə 4 günlük hamiləlik müddəti, baş gəlişi, DQVEC- doğuşun I dövrü diaqnozu müəyyən edilərək o, Ginekologiya şöbəsinə yerləşdirilib.
Aparılan əlavə müayinələr zamanı kəskin azsululuq, dölün distres sindromu və taxikardiya qeydə alınıb.
Dekabrın 11-də pasiyent üzərində abdominal doğuş icra edilib. Çəkisi 2 600 qram, boyu 47 sm olan qız uşağı dünyaya gəlib.
Hazırda həm ana, həm də körpənin vəziyyəti kafidir.
Bakıda 14 yaşlı yeniyetmənin uşaq dünyaya gətirməsi faktı ciddi narahatlıq doğuran və dərhal müdaxilə tələb edən məsələdir.
Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib.
Dövlət Komitəsi belə hallarla bağlı fəaliyyətini həm hüquqi, həm də sosial müdaxilə mexanizmləri əsasında həyata keçirir. Faktla bağlı artıq Rayon İcra Hakimiyyətinə rəsmi müraciət olunub.
Qeyd olunub ki, fakt barədə məlumat daxil olan kimi Komitə əməkdaşları hüquq-mühafizə orqanları ilə birgə araşdırmaya başlayıb. Yeniyetmənin təhlükəsizliyi, vəziyyəti və hüquqlarının qorunması yönündə təcili tədbirlər görülür.
"Komitə üçün əsas prioritet yeniyetmənin hüquqlarının müdafiəsi, təhlükəsizliyinin təmin olunması və pozuntuya yol verən şəxslərin qanunvericilik qarşısında cavab verməsidir. Bu iş üzrə araşdırma tamamlananadək proses diqqətdə saxlanılacaq", - açıqlamada bildirilir.