Rusiya iranlıları Ukraynada müharibəyə cəlb edirmi
12 Dekabr 2025
Mənbə: Azadlıq Radiosu
İranın paytaxtı Tehranda reklam vərəqələri peyda olub – kişilərə Rusiyanın Ukraynadakı işğalçı müharibəsinə qoşulmaq üçün yüksəkmaaşlı müqavilələr təklif edilir.
Rusiya səfirliyi bu elanların saxta olduğunu bildirib. Vərəqələrdə 18-45 yaşlı iranlı kişilərə ilkin 20 min dollaradək bonus, ayda isə 2 min dollaradək maaş təklif olunur.
Moskvanın təkzibinə baxmayaraq, Rusiyanın Yaxın Şərq, Orta Asiya, Kuba daxil bir çox ölkədən minlərlə xarici döyüşçü cəlb etmək üçün gizli şəbəkələrə əl atdığı bəllidir.
AzadlıqRadiosunun fars xidməti (Radio Fərda) elanlardakı WhatsApp nömrəsinə zəng edib. Bir nəfər cavab verərək vərəqələrin Rusiyanın "rəsmi" qüvvə cəlbetmə kampaniyasının bir hissəsi olduğunu deyib, dəlil göstərmədən iddia edib ki, bu, İran hökuməti ilə razılaşdırılıb.
"Həm saxta, həm kriminal"
Elanlarda deyilir ki, Rusiya Müdafiə Nazirliyi əsgər, dron operatoru, sürücü postlarına qüvvə yığır.
Yüksək maaş və bonuslardan savayı, Rusiyaya uçuş, pulsuz mənzil, tibbi xidmət təklif edilir. Tibb təhsilli qadınlar üçün də yerlərin olduğu göstərilir.
Elanlar farscadır, elektron poçt ünvanı, Ermənistana bağlı WhatsApp nömrəsi, Telegram kanalı təqdim edilib.
"Radio Fərda" WhatsApp nömrəsi ilə əlaqə saxlayıb, zəng qəbul edilməyib. Əlavə məlumat almaq üçün səsli mesaj göndərilib. Özünü "sadəcə admin" kimi təqdim edən bir nəfər mesaja cavab verib, Moskvada olduğunu iddia edib.
Həmin şəxs vərəqələrin İranda Rusiyanın rəsmi qüvvə cəlbetmə kampaniyasının bir hissəsi olduğunu deyib. O, İran hakimiyyətinin bu kampaniyadan xəbərdar olduğunu bildirib.
Elanlardakı Telegram kanalı "Join To Russian Army For Foreigners" adlanır, rus, ingilis, fars və ərəb dillərində paylaşımlar edir. Kanal noyabrın 4-də açılıb, 2 mindən çox abunəçisi var.
İngilis və fars dillərində bir mesajda deyilir ki, "Rusiya Müdafiə Nazirliyi müqavilə imzalamağa və şərəflə xidmət etməyə hazır əcnəbilərə qapılarını açır". "Rus dilini bilməsəniz belə, sizi qəbul edirik", – mesajda bildirilir.
Tehrandakı Rusiya səfirliyi bu vərəqələri "saxta və kriminal" xarakterli adlandırıb.
"Səfirlik, yaxud Rusiya dövlətinin hər hansı rəsmi qurumunun bu məktubla heç bir əlaqəsi yoxdur", – İran mediasının yaydığı bəyanatda deyilir.
"Oturuşmuş tarixçə"
Vaşinqtonda Demokratiyaların Müdafiəsi Fondundan Con Hardi "Radio Fərda"ya deyib ki, elanların həqiqiliyini barədə danışa bilməz, amma "Rusiyanın Ukraynada döyüşmək üçün müxtəlif ölkələrdən əcnəbilərin cəlbi ilə bağlı oturuşmuş tarixçəsi var".
Hardinin sözlərinə görə, rusiyalılar, əsasən, yoxsul ölkələrdə kişiləri hədəf alıblar. Bu şəxslər cəbhəyə göndərilməzdən öncə böyük təlim keçmirlər.
Karneqi Beynəlxalq Sülh Fondundan Nikol Qrayevski bildirir ki, bu vərəqələr Rusiyanın həmişəki metodlarına uyğun deyil: "Vərəqələrin həqiqi olub-olmadığı, Rusiyanın cəlbetmə üçün bu qədər səhlənkar bir üsula əl atıb-atmadığı aydın deyil".
Təhlilçinin fikrincə, Rusiyaya əlavə canlı qüvvə lazım olsaydı, bunu İran hökumətinin qeyri-rəsmi razılığı, hətta iştirakı ilə edərdi.
İran hakimiyyəti isə vərəqələrə hələlik ictimai şəkildə reaksiya verməyib.
Əsgər sayını saxlamaq
Rusiya Ukraynada itkilərin artmasına baxmayaraq, əsgər sayını qorumağa çalışır və xarici döyüşçülərin cəlbini genişləndirir.
Ukraynanın iddiasına görə, Moskva 128 ölkədən azı 18 min xarici döyüşçü cəlb edib. Moskva ilə Pxenyanın hərbi əməkdaşlıq sazişi çərçivəsində 11 mindən çox şimali koreyalı əsgər müharibəyə cəlb olunub.
Ekspertlər bildirirlər ki, Rusiya Kubadan, Suriyadan, İordaniyadan, Nepaldan, Hindistandan, Keniya və Orta Asiya ölkələrindən insanları məcburetmə, rüşvət, aldatma ilə yığır.
Xarici döyüşçülərin sayının artıran Rusiya ölkədə yeni səfərbərlik elan etmək istəmir. 2022-ci ilin sentyabrında səfərbərlik xaotikliyi, rusiyalıların xaricə kütləvi axını ilə yadda qalıb. Qərbin hesablamalarına görə, 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı hücuma başlayandan Rusiya ordusu 1 milyondan çox itki verib. Bura ölü və yaralı sayı daxildir.
İran isə qüvvə yığmağa açıq məkan kimi görünür.
88 milyonluq ölkə ABŞ-nin ağır sanksiyaları altındadır, işsizlik, yoxsulluq artır.
İran və Rusiya son illər əlaqələri dərinləşdirib. İslam Respublikası Rusiyanı dronlarla təmin edib, Moskva onlardan Ukraynada istifadə edir.
İranda milyonlarla əfqan qaçqını və miqrant yaşayır. Görünür, Rusiya həm də bu icmanın üzvlərini hədəf alıblar.
Əfqanıstanın keçmiş hərbi qüvvələrinin üzvləri, o cümlədən ABŞ-nin təlim keçdiyi elit xüsusi təyinatlılardan İranda yaşayanlar var. Onlar daha öncə əvvəllər Ukraynada muzdlu kimi döyüşmək barədə düşündüklərini deyiblər.
Əfqanıstandan üç keçmiş general 2022-ci ildə "The Associated Press"ə deyib ki, Rusiya xarici legion yaratmağa çalışır, aya 1 min 500 dollaradək maaş təklif edir.