Bakı-Sumqayıt üzrə iki avtobus marşrutunda gedişhaqqı artırılır
14 Yanvar 2026
Yanvarın 17-dən Bakı-Sumqayıt istiqamətində fəaliyyət göstərən 594 və 595 nömrəli ekspres-marşrutlarda gedişhaqqı 10 qəpik artırılaraq 90 qəpik olacaq.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bu gün, yanvarın 13-də bildirilib.
Qurum qeyd edib ki, 594 və 595 nömrəli marşrutlar artıq əsas xətlərə alternativ kimi fəaliyyət göstərəcək: "Sözügedən marşrutlar istifadəyə verildikdə həmin istiqamətdə alternativlər az idi. Hazırda isə bu istiqamət üzrə yeni yaradılmış 500 və marşrutu uzadılmış 503 nömrəli avtobuslar ötən ildən iki şəhər arasında əsas tələbatı qarşılayır. Bu marşrutlarda tarif dəyişilmir və 80 qəpik səviyyəsində qalır. Xətlərdə hazırda 41 ekoloji təmiz CNG mühərrikli avtobus istismar olunur".
Vurğulanıb ki, hər zaman ekspres-marşrutlarda qiymət müntəzəm marşrutlardan daha yüksək təyin olunur.
Adının çəkilməsini istəməyən Sumqayıt sakinlərindən bir neçəsinin AzadlıqRadiosuna deməsinə görə, bundan sonra digər marşrutlarda da bahalaşmanın olacağından narahatdırlar. Onlar qeyd ediblər ki, Sumqayıt şəhəri vaxtilə "fəhlə şəhəri" adlanıb və indi də orada aztəminatlı ailələr az deyil.
Bu ildən Azərbaycanda Tarif Şurasının qərarı ilə benzin 5, dizel yanacağı 10 qəpik bahalaşıb.