Logo
news content
User
Kateqoriyalar

Araşdırma

“Azadlıq adası” azadlıq intizarında: inqilabın balaları fəlakətlə üz-üzə qalıb
ABŞ Kubada rejim dəyişikliyinə nail olmaq üçün hansı planlar hazırlayır?

ABŞ-ın tətbiq etdiyi neft blokadasından sonra Kubanı bürüyən misli görünməmiş yanacaq və iqtisadi böhran fonunda martın 16-da bütün ölkə üzrə elektrik enerjisi kəsildi. Bu arada Kuba prezidenti Migel Días-Kanel Havananın Vaşinqtonla danışıqlara başladığını elan etdi. Son onilliklər ərzində Kuba Venesueladan neft tədarükü hesabına mövcudluğunu qoruyurdu; bu tədarüklər ölkə prezidenti Nikolas Maduronun ABŞ qüvvələri tərəfindən devrilməsindən sonra dayandırıldı. Ölkədə ictimai həyat iflic olub: məktəblər bağlanır, yanacaq çatışmazlığı səbəbindən aviareyslər, demək olar ki, ləğv edilib, rejimə qarşı vətəndaş etirazları artır. ABŞ hakimiyyəti isə eyni zamanda adadakı sosialist hökumətin devrilməsi ehtimalına işarə edir. Kuba rəhbərliyi son ana qədər Vaşinqtonla danışıqları inkar etsə də, mətbuatda amerikalılarla Kastro xanədanının gənc nümayəndələri arasında qeyri-rəsmi təmaslar barədə dəfələrlə məlumatlar yayılmışdı.

***

1959-cu ildə Fidel Castro başda olmaqla “barbudos” (isp. “saqqallılar”) inqilabının qələbəsindən və Fulxencio Batista hərbi diktaturasının devrilməsindən sonra Kuba Latın Amerikasının bir çox ölkələri üçün ABŞ-dan müstəqillik uğrunda uğurlu mübarizənin simvoluna çevrildi və “azadlıq adası” adını qazandı. Lakin tezliklə aydın oldu ki, bu “azadlıq” nə demokratiya, nə də iqtisadi rifah deməkdir.

 Sosialist Kuba ABŞ sahilləri yaxınlığında öz forpostuna malik olmaqda maraqlı olan Sovet İttifaqının böyük yardımı hesabına yaşaya bilirdi. SSRİ-nin süqutu və 1990-cı illərdə bu dəstəyin dayanması adada dərin iqtisadi böhrana gətirib çıxardı: yanacaq və elektrik enerjisi, ərzaq və əsas tələbat malları qıtlığı yarandı. Kütləvi yoxsulluq və aclıq fonunda hakimiyyət ərzaq kartları tətbiq etməyə məcbur oldu. Nəticədə Kuba əhali üzərində nəzarətin sərtləşdirilməsi bahasına olsa da, nisbi sosial sabitliyi qoruyub saxlaya bildi.

Sosializm qurmaq niyyətində olan Uqo Çavesin Venesuelada hakimiyyətə gəlməsi Kuba üçün qurtuluş oldu. Havana müttəfiqindən ucuz neft almağa başladı, əvəzində isə onminlərlə həkim və hərbçi göndərirdi. Lakin bu, Kubanın əsas problemlərini həll etmədi – iqtisadiyyat yenə də qeyri-effektiv olaraq qalırdı.

Venesuelada sosialistlərin dörddə bir əsrlik hakimiyyəti də oxşar acınacaqlı iqtisadi nəticələrə gətirib çıxardı. Eyni zamanda hər iki ölkə daim ABŞ ilə kəskin qarşıdurma şəraitində idi. Bu qarşıdurma Donald Tramp hakimiyyətə gəldikdən sonra daha da gücləndi; o, yaxın ətrafda ideoloji baxımdan yad rejimlərə son qoymaq qərarına gəlmişdi. Görünür, buna nail olur.

Kubasuela” 

XIX əsrdə bütün Qərb yarımkürəsini ABŞ-ın təsir zonası elan edən Monro doktrinasının Tramp administrasiyası tərəfindən yenidən dirçəldilməsi həm Amerika, həm də dünya siyasətində kəskin dönüşün göstəricisi oldu. XXI əsrdə buna “Donro doktrinası” (Trampın adından) deyilməyə başlandı və o, gözlənilmədən tez bir zamanda praktik tətbiqini tapdı: ABŞ-ın 2026-cı il yanvarın 3-də Venesuela prezidenti Nikolas Maduronu ələ keçirməsi əməliyyatı şəklində.

Artıq növbəti gün Donald Tramp jurnalistlərlə təyyarəsində söhbət edərkən Venesueladan neft tədarükünün dayanması şəraitində Kuba rejiminin çökə biləcəyinə işarə etdi: “Düşünürəm ki, hər şey sadəcə çökəcək. Bizim nəsə etməyimizə ehtiyac çətin ki, olsun”.

ABŞ Dövlət Departamentinin hazırkı rəhbəri, kubalı mühacirlər nəslindən olan Marko Rubio hələ 2019-cu ildə Nikolas Maduronun devrilməsini adadakı rejimin süqutu ilə əlaqələndirirdi. Onun sözlərinə görə, Qərb yarımkürəsində bu iki ölkənin simbiozu “Kubasuela” adlanırdı, çünki şayiələrə görə, Kuba təhlükəsizlik və casusluq xidmətləri göstərmək müqabilində qonşusundan ildə 1 milyard dollardan çox gəlir əldə edirdi. Maduronu qoruyan 32 kubalı mühafizəçinin həlak olması mühüm presedent oldu – bundan əvvəl Havana Venesuelada öz hərbçilərinin olmasını inkar edirdi.

Müxtəlif məlumatlara görə, Venesuela Kubanın neftə olan tələbatının təxminən üçdə birini ödəyirdi və gündə orta hesabla 30 min barrel neft göndərirdi. Amerikalılar isə bu rəqəmlərin daha yüksək – 2024-cü ilin sonundan 2025-ci ilin dekabrında tətbiq olunan blokadaya qədər gündə təxminən 70 min barrel xam neft və neft məhsulları (1,3 milyard dollar dəyərində) olduğunu bildirirdilər. Bu zaman Kuba bu tədarükün yarıdan çoxunu – təxminən 40 min barrelini – Asiyaya satırdı.

ABŞ Dövlət Departamenti belə şəraitdə – ölkədə hər gün elektrik kəsintiləri olduğu halda – neft ixracını Kuba rejiminin zənginləşmə mənbəyi, eləcə də onun korrupsiyalaşmış və qeyri-effektiv olduğunun sübutu kimi qiymətləndirmişdi. Lakin 2025-ci ilin payızında ABŞ-ın Venesuela sahillərini blokadaya almasından sonra bu sxem gəlir gətirməyi tədricən dayandırdı.

Yeri gəlmişkən, Venesueladan Kubaya neft daşıyan gəmilərin bir çoxu “kölgə donanması”na daxil idi. Onlar aşkarlanmamaq üçün transponderlərini söndürür və yerləşmə siqnallarını saxtalaşdırırdılar. Bəzi versiyalara görə, Kubaya nəzərdə tutulan neftin bir hissəsi hətta Venesuelanın özündə də faktiki olaraq qaçaqmal idi və onun tədarükü Venesuelanın neft şirkətinin (PDVSA) sənədlərində qeyd olunmurdu.

Kuba üçün mühüm gəlir mənbələrindən biri də qeyd olunan tibbi xidmət ixracı idi, hərçənd bu xidmətlər bəzən kubalıların özlərinə əlçatan olmurdu. “Neft müqabilində həkimlər” proqramı Uqo Çavesə milyonlarla kasıb venesuelalı üçün pulsuz tibbi xidmət təşkil etməyə imkan verdi və bununla da o, öz rejiminə dəstəyi təmin etdi. Çaves özü də xərçəngə tutulduqdan sonra ömrünün son aylarını məhz Kuba xəstəxanalarında keçirdi.

Kuba Nikolas Maduro rejiminin qorunmasında da mühüm rol oynadı. Lakin son 25 ildə Kubanın ayaqda qalmasında Venesuelanın rolu, yəqin ki, həlledici idi. Beləcə, ABŞ əməliyyatından sonra Venesuela neftinin kəsilməsi onsuz da daimi böhran vəziyyətində olan Kuba iqtisadiyyatını daha da sarsıtdı.

Ayda 13 dollara həyat

2024-cü ildə Kubada adambaşına düşən ÜDM 7381,4 dollar təşkil edib – bu da dünya üzrə orta göstəricinin yarısından bir qədər çoxdur (58%). 2025-ci ildə orta aylıq əməkhaqqı 6506 pesoya çatıb – bu, kubalı hakimiyyətin müəyyən etdiyi rəsmi məzənnə ilə təxminən 270 dollar edir. Lakin qara bazarda pesonun məzənnəsi fevralda 1 dollar = 500 pesoya düşərək, tarixi minimuma enib. Buna uyğun olaraq, kubalıların real orta maaşı ayda cəmi 13 dollar təşkil edib. Mövcud məlumatlara görə, Kuba ailələrinin 89 faizi ifrat yoxsulluq şəraitində yaşayır.

Əhalinin 78 faizi ölkəni tərk etmək istəyir və ya bunu etmək istəyən tanışları var. Bir çox kubalı üçün mühüm gəlir mənbəyi ABŞ-a köçmüş qohumların göndərdiyi pul köçürmələri və bağlamalardır. Hər il mühacirlər ölkəyə təxminən 2 milyard dollar pul köçürür və təxminən eyni məbləğdə mal göndərirlər. İqtisadçı Emilio Moralesin 2023-cü ildə apardığı araşdırmaya görə, son 30 ildə Kuba bu yolla 100 milyard dollardan çox vəsait əldə edib.

Yeni Amerika blokadası başlayandan sonra Kuba, yəqin ki, inqilabdan sonrakı bütün tarixinin ən dərin böhranını yaşayır. Adada normal həyat tədricən dayanır. Bəzi məktəblər müvəqqəti olaraq fəaliyyətini dayandırıb, əməkdaşlar ödənişsiz məzuniyyətə göndərilib. Digər ölkələrlə aviareyslərin dayanması səbəbindən turistlər üçün mehmanxanalar bağlanır – adada təyyarələri yanacaqla təmin etmək üçün resurs yoxdur. Şəhərlərin küçələrində benzin çatışmazlığı səbəbindən daşınmayan zibil yığınları əmələ gəlib. 

 Ərzaqla bağlı da problemlər var: gündəlik elektrik kəsintiləri səbəbindən təchizatçılar məhsulları soyuducularda saxlaya bilmirlər.

Bütün bunlar narazılığın artmasına gətirib çıxarır. Yanvarda “Kuba Münaqişələr Observatoriyası” ümumilikdə 953 etiraz, şikayət və hakimiyyətə yönəlmiş tənqid halı qeydə alıb. Onların 395-i birbaşa siyasi rejimə qarşı yönəlmişdi, halbuki əvvəllər daha çox iqtisadi və sosial problemlərlə bağlı narazılıqlar üstünlük təşkil edirdi.

Bunlara gecə vaxtı keçirilən “qazan döymə” aksiyaları, qraffitilər və plakatlar, təbliğat lövhələrinin yandırılması, lakin hər şeydən əvvəl “Facebook” və digər sosial şəbəkələrdə çoxsaylı canlı yayımlar və paylaşımlar, beynəlxalq və müstəqil mediaya müraciətlər, eləcə də “ayrı-ayrı çatışmazlıqlar”a deyil, birbaşa Kuba rəhbərliyinə qarşı yüzlərlə tənqidi şərh daxildir.

Baş verənlərə cavab olaraq Kuba Milli Müdafiə Şurası yanvarın 17-də ölkədə hərbi vəziyyət elan ediləcəyi halda görüləcək tədbirləri təsdiqlədi. Bunlara müntəzəm təlimlər və mülki əhalinin səfərbərliyə hazırlanması da daxildir. Rejim rəhbərliyi ictimaiyyət qarşısına daha tez-tez hərbi geyimdə çıxmağa və Vaşinqtonla qarşıdurma barədə daha çox danışmağa başlayıb.

Kuba prezidenti Migel Dias-Kanel artan qıtlıq şəraitində kubalıları “yaradıcı müqavimətə” çağırıb və müharibə dövrü düşüncə tərzini qəbul etməyə səsləyib: “Biz istehlak səbəti anlayışını dəyişəcəyik. Yerli istehsal olunan hər şeyi yeyəcəyik. Yanacaq çatışmasa, ərzaq bir bələdiyyədən digərinə daşına bilməyəcək.”

Venesuela uzaqlaşır

Dias-Kanel həmçinin Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigeslə telefonla danışdığını deyib. O, ABŞ-ın hərbi müdaxiləsini və Nikolas Maduronun oğurlanmasını pisləyib, lakin nə neft tədarüklərindən, nə də Venesueladakı minlərlə kubalı həkim və hərbçinin taleyindən danışıb. Rodriges isə Kuba prezidentinə yanvarın 3-də həlak olanlardan ötrü başsağlığı verməsinə görə ritorik təşəkkür edib. 

Sosial şəbəkələrdə qeyd olunurdu ki, bu danışığın formal xarakteri iki ölkə arasındakı münasibətlərin gələcəyinin qeyri-müəyyənliyini əks etdirir. İndi Trampla dostluqdan danışan Rodrigesin qərarları müstəqil qəbul etməsinə Kubada şübhə ilə yanaşırlar. 

Fevralın 21-də “Reuters” agentliyi kubalı hərbçilərin və həkimlərin Venesuelanı tərk etməyə başladığını xəbər verdi. Delsi Rodriges də kubalı mühafizəçilərin xidmətindən imtina edib – indi onu venesuelalılar qoruyur. Böyük ehtimalla, bu, xarici təzyiq nəticəsində baş verir, lakin bunun Rodrigesin, yoxsa Kuba rəhbərliyinin qərarı olduğu aydın deyil.

Donald Tramp rəsmi Havanaya razılaşma təklif edib. Lakin Kuba rəhbərliyi danışıqların aparılmadığını bildirir. Vaşinqtonun adaya dair konkret planlarını açıqlamaması səbəbindən ekspert və jurnalist dairələri müxtəlif ehtimalları geniş müzakirə edir. Ən sərt ssenarilərdən biri Kubaya qarşı tam blokadadır. Bu isə tez bir zamanda humanitar fəlakətə və kubalıların qonşu ölkələrə – o cümlədən ABŞ-ın yaxın tərəfdaşları olan Dominikan Respublikası, Kosta-Rika və Panamaya kütləvi axınına səbəb ola bilər.

Bir sıra ölkələr artıq Kubaya humanitar yardım göstərir. Məsələn, Çin adaya 60 min ton düyü və 80 milyon dollar maliyyə yardımı ayırdığını açıqlayıb. ABŞ da 6 milyon dollar humanitar yardım ayırdığını bəyan edib, lakin bu məbləğ böhranın miqyası ilə müqayisədə çox kiçikdir. BMT ənənəvi şəkildə Kubadakı vəziyyətlə bağlı narahatlığını ifadə edib. Lakin təşkilatdan sürətli yardım gözləmək çətindir: o, artıq 2025-ci ilin payızında “Melissa” qasırğasından sonra ölkənin bərpası və 2,2 milyon zərərçəkənə yardım üçün 74 milyon dollar ayırmışdı.

Fevralın 15-də Rusiyanın Havanadakı səfiri Viktor Koronelli bildirib ki, Rusiya yaxın vaxtlarda Kubaya humanitar yardım kimi neft və neft məhsulları göndərməyə başlayacaq. Fevralın 18-də isə Kuba xarici işlər naziri Bruno Rodriges Parrilla əvvəlcə Rusiyanın XİN rəhbəri Sergey Lavrov, daha sonra isə prezident Vladimir Putinlə görüşüb. Putinin mətbuat katibi Dmitri Peskov görüşü qısa şəkildə belə şərh edib: “Konkret məsələlər müzakirə olundu”. Buna görə də Rusiyanın Kubaya mümkün neft tədarükü məsələsi hələ də açıq qalır.

Tramp çılğınlaşır

Kubada əhalinin bu qədər ağır vəziyyətə düşməsinin səbəbi ilə bağlı iki əsas yanaşma var: ya kommunist rejimi, ya da ABŞ-ın blokadası. Latın Amerikası və ispandilli mətbuatda adadakı vəziyyət müzakirə olunarkən bu iki kəskin ideoloji mövqe tez-tez toqquşur və şərhçilər adətən ortaq nöqtə tapa bilmirlər.

Aydındır ki, Kuba iqtisadiyyatını bu vəziyyətə ABŞ salmayıb, lakin onun tənəzzülünə ciddi şəkildə töhfə verib. ABŞ Kubaya qarşı ilk sanksiyaları hələ 1960-cı ildə – inqilabdan sonra Amerika şirkətlərinin mülkləri müsadirə ediləndə tətbiq etmişdi. 1962-ci ildə prezident Con F. Kennedi məhdudiyyətləri demək olar ki, tam ticarət embarqosu səviyyəsinə qədər sərtləşdirdi və bu, müasir tarixdə ən uzunmüddətli embarqoya çevrildi. Kuba hökumətinin 2016-cı il hesabatına görə, bu embarqo adaya təxminən 754,7 milyard dollar, inflyasiya nəzərə alınmaqla isə 1 trilyon dollardan çox ziyan vurub.

Sonrakı onilliklərdə ABŞ bəzən məhdudiyyətləri yumşaldıb, bəzən isə yenidən sərtləşdirib. Donald Tramp isə onları kəskin şəkildə gücləndirərək, Kubanı planlı şəkildə iqtisadi “boğma” siyasətinə üstünlük verdi və bunu diplomatik alətlərlə birləşdirdi.

Yanvarın 29-da Tramp ABŞ-a qarşı Kuba hökumətindən gələn təhdidlərə qarşı tədbirlər haqqında fərman imzaladı və adaya neft satan və ya göndərən ölkələrin istənilən mallarına rüsum tətbiq etdi. Bundan sonra Meksika prezidenti Klaudiya Şeynbaum Havanaya yanacaq tədarükünün dayandırıldığını bildirdi. Halbuki Nikolas Maduro devrildikdən sonra məhz Meksika Kuba üçün əsas yanacaq ixracatçısına çevrilmişdi.

Şeynbaum ölkəsinin Kubaya humanitar yardım göstərməyə davam edəcəyini vurğuladı, lakin bu, problemi həll etmir. ABŞ-ın martın əvvəlində Venesuela neftinin kiçik həcmdə tədarükünə icazə verməsi də vəziyyəti dəyişmir. Kuba hakimiyyəti ölkənin bütün beynəlxalq hava limanlarında aviasiya yanacağının kritik çatışmazlığı ilə bağlı xəbərdarlığın qüvvədə qalma müddətini uzadıb. Məhdudiyyətlər ən azı aprelin 10-na qədər davam edəcək.

İqtisadi təzyiqi artırmaqla yanaşı, Ağ Ev “Venesuela modeli” üzrə danışıqları da istisna etmir. Bu modeldə vitse-prezident Delsi Rodríges ABŞ təzyiqi altında iqtisadi və bəlkə də gələcək siyasi islahatlara razılaşmışdı. Görünür, Tramp administrasiyası Kuba hökumətinə yaxın olan və rejimin dəyişdirilməsinə kömək edə biləcək fiqurlar axtarır. Kubada Vaşinqtonla əməkdaşlığa hazır olan kifayət qədər nüfuzlu şəxsin olub-olmaması böyük sual altındadır, lakin digər tərəfdən Rodrigesdən də belə addımlar gözlənilmirdi.

Hətta siyasi müxalifətin mövcud olduğu Venesuelada belə rejim dəyişikliyindən hələ danışılmırsa, onda 60 ildən artıqdır yalnız bir partiyanın – kommunist partiyasının fəaliyyətinə icazə verilən və rəhbərliyi kifayət qədər birləşmiş görünən Kubada bunu təsəvvür etmək daha çətindir. Hətta ABŞ-dakı Kuba diasporunda belə hesab edirlər ki, mümkün islahatçı daha çox kommunist partiyasından və ya ordudan çıxmış biri ola bilər.

Havanaya təzyiq göstərmək üçün başqa addımlar da atılır. Fevralın 13-də ABŞ Konqresinin mənşəcə kubalı olan dörd üzvü Trampa müraciət edərək, keçmiş prezident Raul Kastroya qarşı 1996-cı il fevralın 24-də Kuba Hərbi Hava Qüvvələrinin mülki təyyarələrə zərbə endirməsi nəticəsində dörd nəfərin (onlardan üçü amerikalı idi) ölümünə görə ittiham irəli sürülməsini xahiş etdilər.

Həmin vaxt ABŞ-a sal üzərində çatmağa çalışan kubalıları xilas edən “Hermanos al Rescate” təşkilatına məxsus iki təyyarə vurulub. Hücum beynəlxalq sularda baş verib. O dövrdə müdafiə naziri olan Raul Kastro əmrin verilməsinə məsul şəxs kimi müəyyən edilmişdi.

Razılaşma ümidləri

ABŞ-ın Kuba ilə bağlı planlarında ən mübahisəli məqamlardan biri Kastro ailəsi üzvlərinin ölkəni tərk etmədən və məhkəmə qarşısına çıxarılmadan hakimiyyətdə qala biləcəyi ehtimalıdır. Trampın müşavirləri və dövlət katibi Marco Rubio, görünür, hətta tarixi rəqiblərlə də danışıqlara hazırdır – bu, rejim dəyişikliyinə gətirib çıxaracaqsa.

Fevralın əvvəlində mətbuatda məlumat yayıldı ki, Fidel Kastronun qardaşı Raulun oğlu Alexandro Kastro Mərkəzi Kəşfiyyat İdarəsi ilə qeyri-rəsmi şəkildə “keçid dövrü”nü – Kastro rejimi devrilmədən iqtisadi güzəştləri və təhlükəsizlik sahəsində əməkdaşlığı, başqa sözlə, Venesuela ssenarisini müzakirə edib. Kuba hökuməti bu danışıqları inkar edir.

 “Təkgöz” ləqəbi ilə tanınan Alexandro Kastro Espin (gerçəkdən bir gözünü itirdiyinə görə) Raul Kastronun yeganə oğludur və 2014-cü ildə Barak Obama administrasiyası dövründə ABŞ-Kuba münasibətlərinin yumşalmasında mühüm rol oynayıb. O, uzun illər Kuba kəşfiyyatına rəhbərlik edib və atasının əsas müşaviri olub. Daha sonra 2018-ci ildə Qərb diplomatlarına qarşı akustik hücumların təşkilində şübhəli bilindiyi üçün kölgəyə çəkilib. Bu hücumlar onun sıx əməkdaşlıq etdiyi Rusiya kəşfiyyatı ilə əlaqələndirilirdi. Siyasi təcrid dövründən sonra o, 2024-cü ildə yenidən ictimaiyyət qarşısında görünməyə başladı. Siyasi çəkisi və mürəkkəb danışıqlarda təcrübəsi onu mümkün keçid prosesində mühüm fiqura çevirir.

ABŞ administrasiyasına yaxın “Axios” nəşri fevralın 18-də üç hökumət mənbəsinə istinadən Marko Rubio ilə Raul Kastronun nəvəsi Raul Gilermo Rodriges Kastro arasında gizli danışıqlar aparıldığını yazdı. Bu məlumat dezinformasiya da ola bilər – çünki həmin nəşrin İranla bağlı yaydığı oxşar məlumat dərhal təkzib edilmişdi. Hər halda, Tramp administrasiyası Raul Kastronu Kubada qərar verən əsas şəxs hesab edir, Rubio isə onun 41 yaşlı nəvəsini kommunist ideologiyasından daha çox biznesə yönəlmiş gənc nəsil nümayəndəsi kimi görür və Vaşinqtonla yaxınlaşmaya hazır ola biləcəyini düşünür.

ABŞ-ın Venesuelada Maduronun tərəfdarlarını hakimiyyətdə saxlaması Kubaya siqnal verə bilər ki, Tramp və Rubio ideoloji rəqiblərlə belə razılaşma bağlamağa hazırdır. Amerikalılar üçün vacib məqamlardan biri də gənc Raul Kastronun Kubanın əsas iqtisadi sahələrinə – turizmə, ticarətə və maliyyə sisteminə nəzarət edən hərbi-sənaye konqlomeratı GAESA ilə sıx əlaqəli olmasıdır. Bu qurumun ümumi gəliri dövlət büdcəsinin illik gəlirindən 3,2 dəfə çoxdur.

Ağ Ev silahlı qarşıdurmaya yol vermədən Kubaya siyasi və iqtisadi təzyiqi davam etdirir. Venesuela nümunəsi göstərir ki, aylarla davam edən mühasirədən sonra vəziyyət gözlənilmədən dəyişə bilər. Əlbəttə, Kubanı ABŞ-ın müttəfiqinə çevirmək Venesueladan daha çətin olacaq – çünki orada siyasi müxalifət mövcuddur və Kuba ilə müqayisədə iqtisadiyyat daha inkişaf edib. Bununla belə, hakimiyyətin kəskin dəyişmədən iqtisadiyyatın açılması ssenarisi Kubada da mümkündür. Əvəzində isə Kuba rejiminin əvvəlki kimi ABŞ ilə qarşıdurma şəraitində yaşamaq ehtimalı xeyli aşağıdır.

Hazırladı: Yadigar Sadıqlı

Mənbə: Burada