Rusiya var gücü ilə Belarusu müharibəyə cəlb etmək istəyir
Moskva ikinci dəfə Ukraynanı qonşu dövlətin ərazisində avtobusa hücumda ittiham edib
05 İyul 2026
Rusiya hakimiyyəti Ukraynanı Belarusdan Rusiyanın cənubuna gedən sərnişin avtobusuna son bir ay ərzində ikinci dəfə pilotsuz uçuş aparatı ilə zərbə endirməkdə ittiham edib.
Rusiya İstintaq Komitəsinin hücumla bağlı ilk məlumatlardan təxminən 1,5 saat sonra yaydığı açıqlamaya görə, hadisə iyulun 2-də günorta saatlarında Bryansk vilayətinin Zlınkovski rayonunun Krasnıy Kamen kəndi yaxınlığındakı dayanacaqda baş verib.
“Həmin vaxt turist avtobusu pilotsuz uçuş aparatının hücumuna məruz qalıb. Partlayıcı qurğu nəqliyyat vasitəsinin bilavasitə yaxınlığında işə düşüb. Bu cinayət nəticəsində avtobusun iki sürücüsü – Belarus Respublikası vətəndaşları xəsarət alıblar”, – Rusiya İstintaq Komitəsi iddia edir.
“İzvestiya” qəzetinin mənbələri bildiriblər ki, avtobus Minskdən Anapaya gedirmiş və onun salonunda ümumilikdə 14 nəfər olub. “Mash” və “News.by”ın məlumatına görə isə avtobusda 19 sərnişin var imiş. Hücumdan sonra sərhəd-keçid məntəqəsinin bağlanması səbəbindən həmin ərazidə avtomobil və avtobuslardan ibarət uzun tıxac yaranıb.
“Shot” Telegram kanalının iddiasına görə, pilotsuz uçuş aparatı “Higer” markalı avtobusun ön hissəsinə çırpılıb.
Bryansk vilayətinin qubernator səlahiyyətlərini icra edən Yeqor Kovalçuk bildirib ki, avtobusda altı Rusiya vətəndaşı olub və onlar müvəqqəti yerləşdirmə məntəqəsinə aparılıblar. Belarus vətəndaşları isə Qomel vilayətinə təxliyə olunublar.
Xatırladaq ki, iyunun 17-də Bryansk vilayətinin rəhbəri Belarusdan istirahət üçün Gelencikə yollanan uşaq futbol komandasını daşıyan avtobusun dron hücumuna məruz qaldığını bildirmişdi. Kovalçukun iddiasına görə, A-240 magistralında baş vermiş həmin hücum nəticəsində komandanın məşqçisinin həyat yoldaşı həlak olub, daha yeddi nəfər, o cümlədən altı uşaq yaralanıb. Avtobusda ümumilikdə 44 sərnişin, o cümlədən Reçitsa şəhərinin 2 saylı İdman Məktəbinin 28 azyaşlı yetirməsi olub. Rusiya İstintaq Komitəsi faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 205-ci maddəsi (terror aktı) ilə cinayət işi açıb.
Ukrayna hakimiyyəti həmin hücumla əlaqəsinin olmadığını bəyan edib və bu barədə yayılan məlumatları Kremlin “Rusiya Silahlı Qüvvələrinin cəbhədə üzləşdiyi problemlərdən diqqəti yayındırmaq məqsədi daşıyan informasiya təxribatı” adlandırıb.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi isə Rusiya tərəfinin Belarus avtobusuna ikinci hücumla bağlı bəyanatlarını “saxta bayraq altında həyata keçirilən təxribat” kimi qiymətləndirib və vurğulayıb ki, Moskva bu yolla “Belarusu Ukraynaya qarşı müharibəyə cəlb etməyə çalışır”.
Beləliklə, Rusiya tərəfi hər iki hadisəyə görə dərhal Ukrayna Silahlı Qüvvələrini ittiham edib. Kiyev isə sərt cavab verərək bildirib ki, heç vaxt mülki obyektlərə məqsədli zərbələr endirməyib və endirmir. Deməli, böyük ehtimalla, bu hadisələrin arxasında elə Moskvanın özü dayanır. İzah isə sadədir – Belarusu istənilən yolla Ukraynaya qarşı müharibəyə cəlb etmək istəyi. Başqa sözlə, söhbət məqsədyönlü təxribatlardan gedir. Görünür, Belarusda da bunu anlayırlar və buna görə də Ukraynanı tələsik ittiham etmirlər. Üstəlik, Aleksandr Lukaşenko Asiya ölkələrinə səfərə getdikdən sonra hələ də geri qayıtmayıb. Ola bilsin ki, Putinin bu məsələdə təzyiqlərindən yayınmaq üçün vəziyyətin sakitləşməsini gözləyir.
Bu hücumları necə xarakterizə etmək olar? Kreml Lukaşenkonu Ukraynaya qarşı təcavüzə qoşulmağa məcbur edə biləcəkmi?
Bu barədə Pressklub.az-a danışan tanınmış belaruslu ekspert, Belsat TV-nin (Varşava) jurnalisti Zmitcer Mitckeviçin sözlərinə görə, bu hücumların mahiyyəti və xarakteri barədə ilk növbədə Lukaşenko rejiminin rəsmilərinin reaksiyası çox şey deyir.

“Onların Ukraynanı tələsik ittiham etməməsi və “bandera rejimi” haqqında ritorikadan istifadə etməməsi belə davranış üçün müəyyən əsaslarının olduğunu göstərir. Görünür, Rusiya Federasiyası bu cür təxribatlar vasitəsilə həm rejimin, həm də Belarus cəmiyyətinin belə insidentlərə reaksiyasını yoxlayır. Və aydındır ki, bu reaksiya Moskvanın gözlədiyi kimi deyil: heç kim Ukraynanı ittiham etməyə can atmır, cəmiyyətdə də kütləvi təşviş müşahidə olunmur.
İkincisi, Rusiya təbliğatının təyyarə tipli pilotsuz uçuş aparatının avtobusa dəydiyi barədə iddiaları reallığa uyğun gəlmir. Belə aparat avtobusa çırpılsaydı, ondan sadəcə sınıq şüşələr deyil, yalnız qalıqlar qalardı. Bu da təsdiqləyir ki, Rusiya əslində insanların belə vəziyyətlərdə reaksiyasını sınaqdan keçirir.
Eyni zamanda, Ukraynanın da Lukaşenko rejiminə təzyiqi müşahidə olunur, xüsusən də Zelenskinin irəli sürdüyü ultimatum. Həmin ultimatumda qeyd olunan retranslyatorların məhv edilməsi ilə bağlı məlumatlar yayılandan sonra nə Lukaşenko, nə də Rusiya Federasiyası demək olar, heç bir ciddi reaksiya vermədi.
Rejimin təbliğatı da susur. Çünki Moskvanı və ya öz regionlarını qoruya bilməyən Rusiya Federasiyasının hazırkı vəziyyətdə ən son istəyəcəyi şey Lukaşenkonun müdafiəsinə əlavə resurslar sərf etməkdir. Rejim üçün Ukrayna tərəfindən istənilən eskalasiya ölkə daxilində nəzarətdən çıxan proseslərin başlanması riski yaradır. Çünki Lukaşenko uğrunda ölmək istəyənlərin sayı son dərəcə azdır. Belarus Respublikasının Silahlı Qüvvələri isə genişmiqyaslı döyüş əməliyyatları aparmaq üçün yaradılmayıb və Kreml bunu çox yaxşı anlayır”, – analitik hesab edir.
Onun fikrincə, məhz buna görə də, Belarus hərbi birləşmələri Ukraynaya qarşı müharibədə istifadə edilmir. Çünki onların döyüşlərə cəlb olunması ölkə daxilində ciddi sabitsizlik yarada bilər və bunun qarşısını almaq üçün əlavə resurslar tələb olunar.
“Belarus cəmiyyəti nə müharibəni, nə Lukaşenko rejimini, nə də Kremlin avantüralarını dəstəkləyir. Buna görə də bu ərazi Rusiya üçün əslində dost olmayan bir məkandır. Kreml Lukaşenko rejimindən əraziyə nəzarət etmək və Belarusun sənaye potensialını müharibənin maraqları naminə istismar etmək üçün “işğal administrasiyası” kimi istifadə edir. Buraya Rusiyaya tədarüklər və sanksiyalardan yan keçmək məqsədilə həyata keçirilən əməliyyatlar daxildir.
Bundan başqa, Belarus Avropa və Ukraynaya qarşı təxribatlar üçün də dayaq məntəqəsi kimi istifadə olunur. Məlumatlar var ki, Rusiya yaxın aylarda Polşaya qarşı “saxta bayraq” və Belarus silahlı qüvvələrinin adı altında silahlı təxribat hazırlaya bilər. Bu, Rusiya Federasiyasının mövcud vəziyyət çərçivəsində nəzərdən keçirdiyi mümkün təxribat ssenarilərindən biridir”, – Mitskeviç bildirib.
Rauf Orucov