Logo
news content
User
Kateqoriyalar

Analitika

Fəlakəti durdurmaq üçün Bakı və Ankara seçimi
Ekspert: “İranın ABŞ ilə danışıqları bərpa etməsi üçün başqa uyğun müstəvi qalmayıb”

ABŞ-İsrail koalisiyasının İrana qarşı hərbi əməliyyatlara başladığı 28 fevral tarixindən etibarən Azərbaycan ilə İran arasında diplomatik təmaslar intensiv xarakter alıb. Bu çərçivədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İranın xarici işlər naziri Seyid Abbas Əraqçi arasında bir neçə dəfə telefon danışığı baş tutub.

Rəsmi məlumatlara görə, tərəflər arasında telefon əlaqələri 1 mart, 17 mart və 23 mart tarixlərində gerçəkləşib.

Danışıqlar zamanı əsas müzakirə mövzularından biri regionda artan hərbi gərginlik olub. Bununla yanaşı, Azərbaycan tərəfi xüsusilə Naxçıvan istiqamətində baş verən pilotsuz uçuş aparatlarının (PUA) hücumları məsələsini qaldırıb. Rəsmi Bakı bu hadisələrlə bağlı narahatlığını ifadə edərək, təhlükəsizlik risklərinin aradan qaldırılmasının vacibliyini vurğulayıb və hadisənin başvermə səbəbi barədə izahat tələb edib.

Nazirlərin sonuncu təmasında da regional vəziyyət müzakirə olunub. Bayramov və Əraqçi bölgədə hərbi eskalasiyaya son qoyulması istiqamətində mümkün səylər ətrafında fikir mübadiləsi aparıblar. Bununla yanaşı, Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunmasının əhəmiyyəti vurğulanıb. C.Bayramov bununla yanaşı, İran ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumları üzrə araşdırmanın tamamlanması istiqamətində gözləntilərimizi bir daha diqqətə çatdırıb. Nazirlər həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Maraqlıdır, Azərbaycan İranla bağlı proseslərdə hər hansı formada yer almır, bir sıra qonşu ölkələrdən fərqli olaraq münaqişənin genişlənməsindən narahatlığını ifadə edib, Tehrana humanitar yardımlar göndərib. Rəsmi bəyanatlarda və açıqlamalarda İran hökumətindən bu dəstəyə görə minnətdarlıq sərgilənməyib. Belə təsəvvür yaranır ki, intensiv telefon danışıqlarında hər iki tərəfi narahat edən ciddi məsələlər müzakirə olunur, amma mövzular ictimailəşdirilmir. 

Politoloq Nəsimi Məmmədli Pressklub.az-a şərhində bildirib ki, İran ətrafında hərbi-siyasi proseslərin gərgin çağında Azərbaycan xarici işlər naziri ilə İranın xarici işlər naziri arasında telefon söhbətləri bir neçə istiqamətdən diqqət çəkir: “İranda hazırda mərkəzi icra hakimiyyətinin təsir gücünün və nəzarət imkanlarının zəiflədiyini nəzərə alsaq, belə təmasların situativ xarakter daşıdığını deyə bilərik. İlk növbədə Tehranın ABŞ hərbi bazalarına, İsrailə və Körfəz dövlətlərinə raket zərbələri endirdiyi bir şəraitdə Bakı ilə diplomatik kanalları açıq saxlaması müsbət haldır. Telefon danışığının kimin təşəbbüsü ilə baş tutduğu barədə rəsmi məlumat yoxdur. Amma müzakirə olunan məsələlərin xarakterinə nəzər salsaq, bu təşəbbüsün İran tərəfindən gəldiyini ehtimal etmək olar”. 

Politoloq xatırladır ki, ABŞ və İsrailin başladığı müharibənin 24 günü arxada qalıb. Onun sözlərinə görə, İran ərazisinə hava zərbələrinin yekunlaşması istiqamətində ABŞ tərəfinin müəyyən etdiyi 4 həftəlik ilk mərhələ yekunlaşmaq üzrədir: “Bundan sonra hansı hərbi addımların atılacağı ilə bağlı müxtəlif variantlar üzərində müzakirələr davam edir. İran da bu müddət ərzində ABŞ-İsrail və müttəfiqlərinə xeyli gözlənilməz zərbələr endirə bildi. Hazırda ABŞ, müttəfiqləri və İran üçün hərbi eskalasiyanın artması əlavə risklər doğura bilər. Odur ki, hərbi eskalasiyanın dayandırılması istiqamətində təşəbbüslər istisna deyil. Təsadüfi deyil ki, nazirlər bölgədə hərbi eskalasiyaya son qoyulması istiqamətində mümkün səylər ətrafında fikir mübadiləsi aparıblar. Azərbaycanın həm ABŞ, həm İsrail, həm də İranla diplomatik əlaqələri var. Bu isə tərəflərin bir-birinə mesajlarını çatdırması baxımından uyğun müstəvilərdən biri kimi qəbul oluna bilər”. 

N.Məmmədli hesab edir ki, ABŞ və İsrailin İrana qarşı müharibəsi Bakı və Ankaranın regionda mövqelərini daha da gücləndirib. Ekspert vurğulayıb ki, Tehranın hazırkı şəraitdə ABŞ ilə danışıqları bərpa etməsi üçün Bakı və Ankaradan başqa uyğun müstəvisi qalmayıb: “Eyni zamanda Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunmasının əhəmiyyəti ilə bağlı müzakirə edilən məsələ də olduqca diqqət çəkir. Azərbaycanın neft və qaz yataqlarının əhəmiyyətli hissəsi Xəzər dənizindədir. Xəzərdən çıxarılan neft və qazın marşrutu əsasən Avropanın tələbatını, qismən də olsa, qarşılamağa istiqamətlənir. İsrail tərəfindən Xəzərdə İran donanmasının vurulması İranın bu istiqamətdə cavab addımları atması narahatlığını saxlayırdı. Nazirlərin Xəzərdə təhlükəsizliyin əhəmiyyətinə vurğu salması bu baxımından müsbət qiymətləndirilə bilər”. 

Politoloqun fikrincə, nazir Bayramovun İran ərazisindən Naxçıvana dron hücumları üzrə araşdırmanın tamamlanması istiqamətində gözləntiləri diqqətə çatdırması da Tehranın sonrakı davranışlarına təsir etməyə hesablanıb. “İran prezidenti və onun komandası Naxçıvana hücumda İranın əlinin olmadığını bəyan etsə də, fakt ortadadır. İranda prezidentdən daha üstün hərbi-siyasi iradənin olduğu bir şəraitdə xarici işlər naziri ilə etimadlı müzakirələrə ümid etmək sadəlövhlük olar”, - Nəsimi Məmmədli qeyd edib. 

Turqut