Logo
news content
User
Kateqoriyalar

Analitika

Ermənistanda seçkilər və müharibə riski: hər şey nəticədən asılıdır
Paşinyan seçkiqabağı kampaniyası zamanı ciddi xəbərdarlıqla çıxış edib

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, əgər “Vətəndaş Müqaviləsi” partiyası seçkilərdə konstitusion çoxluq əldə etməsə, ölkəni müharibə gözləyə bilər.

Mənə deyirlər ki, niyə 2018-ci ildə düşdüyümüz vəziyyət barədə xəbərdarlıq etmədin? İndi isə açıq şəkildə xəbərdarlıq edirəm ki, əgər “Vətəndaş Müqaviləsi” seçkilərdə konstitusion çoxluq qazanmasa, sentyabrda dağıdıcı müharibə olacaq. Mən bunu sakit şəkildə deyirəm, çünki əminəm ki, xalq konstitusion çoxluq verəcək”, – o bildirib.

Onu dərhal parlamentin vitse-spikeri və Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə Ruben Rubinyan dəstəkləyib: “Müharibə ona görə olmayacaq ki, bu, “Vətəndaş Müqaviləsi”ndən asılıdır. Müharibə ona görə olacaq ki, ölkə “Vətəndaş Müqaviləsi”nin təklif etdiyi yolla deyil, oliqarxların aparmaq istədiyi yolla gedəcək”.

Daha sonra Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Milli Məclisdə keçirdiyi brifinqdə Paşinyanın açıqlamalarını şərh edib. O bildirib ki, əgər seçkilərdə müxalifət qalib gəlsə, 2026-cı ilin sentyabrında Azərbaycanla yeni müharibə başlaya bilər.

Məncə, baş nazirin dediyi tarix şərtidir, yəni seçkilərdən qısa müddət sonra baş verə biləcək vəziyyəti nəzərdə tutur. Belə bir perspektivin real ola biləcəyi isə şübhəsizdir. Bəzi müxalif dairələrin ideologiyası ondan ibarətdir ki, demək olar bütün qonşularla ərazi problemlərimiz var, ərazi iddialarımız və ambisiyalarımız mövcuddur. Aydındır ki, belə düşüncəli insanlar hakimiyyətə gəlsə, dərhal qonşularla problemlər yaranacaq. Müasir dövrdə problemlərin hansı metodlarla həll edildiyini nəzərə alsaq, Ermənistanın dərhal müharibə ilə üzləşməsi ehtimalı yüksəkdir.

Biz deyirik ki, ölkəmizə sülh lazımdır. Əks halda, Ermənistanın uğuru və inkişafı deyil, ümumiyyətlə müstəqil dövlət kimi mövcudluğu sual altına düşəcək. Sülh bizim vətəndaşlara təklifimizdir. Paralel olaraq başqa bir yanaşma da var: “Yox, bizə bu Ermənistan lazım deyil, bizə hansısa Ermənistan lazımdır”. Bu fikirlərimizdə şantaj elementi görürəmmi? Xeyr. Niyə belə deyirik? Düz edirik. Bu, Ermənistan vətəndaşlarına bizim təklifimizdir”, – nazir bildirib.

Maraqlıdır, Paşinyanın bu xəbərdarlığı nə dərəcədə reallığa uyğundur? Yəni keçmiş hakim qüvvələr yenidən hakimiyyətə qayıdarsa, müharibə qaçılmaz olacaq? Niyə? Ona görə ki, Koçaryan, Sarqsyan və digər Rusiyaya meylli müxalifət İkinci Qarabağ müharibəsinin nəticələri ilə razılaşmır və yekun sülh sazişinə aparan prosesdən imtina edə bilər?

Yoxsa bu, Paşinyanın seçkiöncəsi siyasi manevridir – “əgər mən olmasam, mütləq müharibə olacaq” mesajı? Hazırda onun rəqibləri çıxışını məhz belə izah edirlər.

Mövzu ilə bağlı Pressklub.az-a danışan müstəqil ekspert Xəqani Cəfərlinin sözlərinə görə, Ermənistan dövlət siyasətinin hakimiyyətdə olan qüvvədən asılı olduğu ölkələrdən biridir.

Yəni bu, sabit və uzunmüddətli dövlət siyasəti olmayan bir ölkədir. Belə ölkələrdə dövlət siyasəti hakim qüvvənin öz maraqlarına uyğun şəkildə formalaşır. Buna görə də Ermənistanda çox şey parlament seçkilərinin nəticələrindən asılıdır.

Məlumdur ki, Rusiyanın Cənubi Qafqazdakı təsiri son 200 ildə ən aşağı səviyyəyə düşüb. Moskva bununla barışmaq istəmir və revanş istəyir. Heç kimə sirr deyil ki, Rusiya Ermənistanı yenidən öz təsir dairəsinə qaytarmaqla itirdiyi mövqeləri bərpa etmək niyyətindədir. Ermənistanda hakimiyyət dəyişikliyi isə müharibə ehtimalını artıra bilər. Bildiyimiz kimi, baş nazir Nikol Paşinyanın rəqibləri Azərbaycanla bağlanmış sülh müqaviləsinin mətnini qəbul etmir və qondarma “Dağlıq Qarabağ Respublikası” ilə bağlı iddialar irəli sürürlər”, – analitik bildirib.

Onun fikrincə, hətta müharibə baş verməsə belə, yenidən qurulmuş əməkdaşlıq dayana və yerini qarşıdurmaya verə bilər.

Bu isə Azərbaycanın maraqlarına uyğun deyil. Azərbaycanın maraqları əməkdaşlığın davam etdirilməsini tələb edir. Xüsusilə TRIPP layihəsi – “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” – İrəvanın siyasətində Azərbaycanın maraqlarına uyğun deyil, çünki bu layihə Azərbaycanın siyasi və iqtisadi gücünün artmasına gətirib çıxaracaq.

Aydındır ki, Azərbaycan hökuməti ilə Nikol Paşinyan hökuməti arasında normal əməkdaşlıq münasibətləri formalaşıb. Ən doğru variant bu münasibətlərin davam etdirilməsidir. Bunu isə Ermənistan seçiciləri müəyyən edəcək”, – Cəfərli bildirib.

Rauf Orucov