Logo
news content

Tarixi yaşadan nəsil yaddaşı - RESENZİYA

Millətin, xalqın var olması yalnız onun dövlətçilik tarixi, mədəniyyəti, dili, ərazisi ilə bağlı deyil. Düzdür, bunlar əsas sütunlardır, amma həm də milli yaddaş, nəsil yaddaşı böyük anlam daşıyır. Yaddaş irsdir, qədim abidələr, xalçalar, musiqilər kimi, xalqın düşüncə tərzi, mənəvi kimliyidir. Millətin yaddaşı məhv olarsa, onun tarixi kitablarda saxtalaşdırılar, gələcək nəsillərə olduğu kimi ötürülməz və beləliklə silinib gedər. 

Nəsil yaddaşı isə heç vaxt silinməz, atadan oğula, oğuldan nəvəyə və nəsildən-nəslə ötürülər, yaşayar. 

Yaddaşlardan ötürülən irs əvvəl-axır tarixin saralmış səhifələrində öz yerini tapar...

Baku Cinema Breeze çərçivəsində hazırlanmış, bu amala xidmət edən “Nəsil yaddaşı” adlı sənədli bir film izlədim. 

Film ahıl bir kişinin əlindən tutduğu balaca nəvəsi ilə kimliyi bəlli olmayan köhnə məzarı ziyarəti ilə başlayır. Baba nəvəsinin yaddaşına keçmişdə olanları, nəsillərin başına gətirilənləri, sonradan o barədə danışmağın belə yasaq olduğunu, bir sözlə, tarixi həqiqətləri danışır. Uşaq ağıllı gözləri ilə məzara baxır, babasını dinləyir və susur...

...İllər keçir, həmin uşaq böyüyür, babasının ona nəql etdiyi 1918-ci il hadisələrinin yenidən təkrarlandığı 1988-90-cı illəri öyrənir, 2000-ci illəri yaşayır və əsgər gedir. 

Film həmin uşağın xatirələri və yaddaşı ilə bağlıdır. Onun dilindən nəql edilir. 

1918-ci ildə erməni daşnaklarının törətdiyi qırğınlar yalnız Bakı, Şamaxı, Quba ilə tamamlanmır. Məlum olur ki, İsmayıllı rayonunda, filmdə göstərildiyi kimi, konkret Talıstan kəndində də azərbaycanlılara eyni vəhşilikləri yaşadıblar, daha doğrusu, heç kimi yaşatmayıblar. 

O hadisələrin şahidləri artıq yoxdur, amma soyqırımına məruz qalmış insanların nəvələri, nəticələri  danışırlar. O adamlar ki, bir vaxtlar öz ata-babaları xatirələrini danışıb, yaddaşlarındakıları ötürüblər. Tarix belə yaşayır. 

Oğlan bir səfərə çıxır, yol boyu maşında xatirələrini vərəqləyib, babasının ona danışdıqlarını yada salır, sonra bir-bir danışdırdığı adamların yaddaşı vərəqlənir. Hər kəs öz eşitdiyini, bildiyini bu günə daşıyır, tarix belə yazılır. 

Onu bu müqəddəs amal üçün yola salanda anası arxasınca su səpir, yolçu aydınlığa çıxır. 

Film boyu sənədli kadrlar hadisələrin özülünü bir daha təsdiqləyir və yaddaşı möhkəmləndirir. 

Sonra maşın ilk kadrda gördüyümüz yaşıllıqda saxlayır, ətraf ağaclar, çəmənlik-cənnət kimi. Sürücü maşından düşüb arxaya keçir, baqajı açıb, əlil arabasını çıxarır, sonra arxadakı sərnişinə kömək edib, arabaya oturdur. 

Əsgər qiyafəsindədir, mundiri qürurla geyinir, yaxası orden və medallarla dolu, bir ayağı dizdən aşağı yoxdur. Arabanı köhnə bir məzarın başına sürür. İndi o məzarın kimə məxsus olduğu bəllidir, üstü götürülüb, xatirə yazısı yazılıb. Sərnişin əlindəki gülləri məzara düzür, arxaya çəkilib, əsgər salamı verir... 

İstər-istəməz sinəndən qürurla dolu bir ah qopur, göz yaşın boğazında düyünlənir, amma sevinirsən, bu mənzərəyə, bu şərəfli tarixə, bu sonluğa qüruru dolu sevinc boğazındakı qəhəri yanağında sevinc göz yaşlarına çevirir... 

Bu hissi yaşadan bugünkü nəslə, komandana, qəhrəmanlara və bir də filmi bu qədər məhəbbətlə, peşəkarlıqla yaradan yaradıcı heyətə “Əhsən!” deyirsən. 

Bu yerdə onların adlarını da deyək ki, tamaşaçı tanısın. 

 “Nəsil yaddaşı” sənədli filmi Mədəniyyət Nazirliyi tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin təşkil etdiyi post-prodakşn mərhələsində olan filmlər arasında keçirilən “2025-ci il üzrə filmlərə dəstək müsabiqəsi”ndə qalib olub. Filmin rejissoru və ssenari müəllifi Babək Abbaszadə, operatoru Bulud Quliyev, bəstəkarı Nigar Süleyman, montaj rejissoru Rza Əsgərov, səs rejissoru Mehman Nadirov, prodüseri Ramil Ələkbərov, istehsalçı şirkət isə Kinobiz MMC-dir.

***

Millətin, xalqın var olması yalnız onun dövlətçilik tarixi, mədəniyyəti, dili, ərazisi ilə bağlı deyil, düzdür, bunlar əsas sütunlardır, amma həm də milli yaddaş, nəsil yaddaşı böyük anlam daşıyır. Yaddaş irsdir,  qədim abidələr, xalçalar, musiqilər kimi, xalqın düşüncə tərzi, mənəvi kimliyidir. Millətin yaddaşı məhv olarsa, onun tarixi kitablarda saxtalaşdırılar, gələcək nəsillərə olduğu kimi ötürülməz və beləliklə silinib gedər. 

Nəsil yaddaşı isə heç vaxt silinməz, atadan oğula, oğuldan nəvəyə və nəsildən-nəsilə ötürülər, yaşayar. 

Yaddaşlardan ötürülən irs əvvəl-axır tarixin saralmış səhifələrində öz yerini tapar...

Dünən bu amala xidmət edən “Nəsil yaddaşı” adlı sənədli bir film izlədim.