Logo
news content

Atası öldü, təxəllüsü dəyişdi, pulu kəsildi... şedevr yaratdı
Ölkəyə səs salan məşhur əsər necə yarandı

Bir az ordan, bir az burdan “Ordan burdan”.

Film-tamaşa o vaxtkı sovet pulu ilə 8972 rubla və çox böyük əziyyətlər hesabına başa gəlib. Məbləğ isə kollektivə gəlib çatıncaya qədər yarıbayarı azalmışdı. Rejissor məcbur olub sədrə müraciət etdikdən sonra kəsilən vəsait kollektivə qaytarılıb.

Azərbaycan televiziyasının tarixində ilk dəfə iştirakçılardan ötrü  40-a yaxın kostyum tikdirilmişdi. Çəkilişlər düz 13 pavilyonda aparılmışdı. Rəssam Rafael Əsədov 13 dəfə dekorları dəyişdirmişdi.

Söhbət bir az “O olmasın, bu olsun”u, “Arşın mal alan”ı, bir az da  “Uzuncorab Meri Poppins” bədii filmini xatırladan məşhur “Ordan burdan” muziklından gedir.

Ölən ata, doğulan təxəllüs

1987-ci ilin yanvarın 1-də o vaxtlar hamımız üçün yeganə olan dövlət televiziyasında “Ordan-burdan” adlı muzikl  yayımlandı. Əslində Az.TV-də o vaxt çox maraqlı televiziya tamaşalarını həsrətlə gözləyirdik.  “Ötən ilin son gecəsi”, “Yollar görüşəndə”, “Qatarda”, “Ömrün yolları”, “Kökdən düşmüş piano”, “Evləri köndələn yar”, “Topal Teymur”, “Günahsız Abdulla”, və nəhayət, “Ordan-burdan”.

Hələ ondan sonra da “Yaşıl eynəkli adam”, “Qonşu qonşu olsa”, “Kamança”, “Ac həriflər”, “Bala başa bəla”, “Yarımştat”, “Fatehlərin divanı”, “Nigarançılıq”, “Nekroloq”, “Dəvətnamə”, “Yumurta”, “Bəylik dərsi”, “Müraviyə vəkilləri” və sair. Hər birinin altında rejissor kimi imzası artıq tamaşaçıya çox doğma olan Ramiz Həsənoğlunun adı. Bu imza Ramiz Mirzəyev kimi də çox işlənib. Elə söz açacağımız “Ordan-burdan” teletamaşası efirə çıxan il Ramiz müəllim atası rejissor Həsənağa Mirzəyevi itirir, özü də məşqlərə başı qarışdığından atasının ölümü barədə yalnız axşam evə gələndə bilir. Və bu ağrıdan  atasının xatirəsini əziz tutmaq üçün sonradan Həsənoğlu təxəllüsünü götürür.   

Rejissor inadı

Həsənoğlunun özü danışır: “1985-ci ilin ortaları idi, televiziyanın sədri Elşad Quliyev məni çağırıb, ssenarini verdi. Oxudum, xoşuma gəldi. İdeya belə idi ki, tamaşanı libretto müəllifləri Zəminə və Fuad Hacıyevlərlə hazırlayım. Sonra dedilər ki, məndən yalnız televiziya rejissoru kimi bəhrələnəcəklər. Qəti etirazımı bildirdim və dedim ki, tamaşanı təkbaşına qoymaq istəyirəm. Bir müddət sonra sədr məni çağırıb dedi ki, get tamaşanı hazırla. Başladım”.

Çox uzun məşq prosesi başlayıb. Müəlliflər yeni rejissorun işinə qarışmağa cəhd göstəriblər. İstəyiblər ki, tamaşada Nəsibə, Hacıbaba və Siyavuş üçlüyü “Hicran” tamaşasında olduğu kimi oynasınlar. Rejissor başqa seçim edib və onların üstündə dayanmağa nail olub.

Siyavuş Aslanı Cahangir Novruzov əvəz elədi, ermənini isə Telman Adıgözəlov

Təbii ki, bir neçə aktyorun seçilməsi, sonradan müəyyən səbəblərdən onların da dəyişdirilməsi vazkeçilməz olub. Məsələn, Salman bəy roluna əvvəlcə rəhmətlik Hamlet Qurbanov dəvət olunub. Bir neçə ay məşq prosesindən sonra aktyor özü etiraf edib ki, rol ona görə deyil.

Sonra həmin obraza Siyavuş Aslan dəvət olunub, amma onun da ailəsində və bu səbəbdən səhhətində yaranan problemlər tamaşanın məşqləri ilə üst-üstə düşdüyündən aktyoru əlimyandıda Cahangir Novruzovla əvəz etməli olublar. Tamaşa az bir vaxtda təhvil verilməli idi, çünki istehsala buraxılma vaxtı artıq ləngimişdi. Bu ləngimə isə həmin vaxt rəhbərliyin məqsədli şəkildə Ramiz Həsənoğluya “Azərbaycan təranələri” adlı film-konsertin istehsalını tapşırması idi. İki daşın arasında rejissor həm də o işin öhdəsindən gəlməli idi. Cahangir Novruzov vəziyyəti və dostu Ramiz Həsənoğlunu anlayıb, tez bir zamanda obraza daxil olur. Bu minvalla, Salman bəyin əvəzsiz ifaçısına çevrilir.

Əlibəylə Həmid obrazları əvvəlcə Fəxrəddin Manafovla Telman Adıgözəlova tapşırılır. Rejissor istədiyi nəticəni ala bilmədikdə onları Yaşar Nuri ilə Rafael Dadaşovla dəyişir. 

Tamaşaya baxanda onların yerinə başqa aktyorları təsəvvürə belə gətirə bilmirsən. Telman Adıgözəlov isə ondan əvvəl bir erməni aktyora verilmiş, sonra geri alınmış rəqs müəllimi rolunu oynamalı olur.

“Mne eto nado?”

Ağaxan Salmanov (Bayram bəy): “Düz bir il o rol üzərində məşq etdim, çünki tərəf müqabillərimi bir neçə dəfə dəyişdilər, onların hər biri ilə yenidən məşqə başlayırdıq. Rejissor məni qoymurdu əlavələr etməyə. Mən də elə mətni ifa edirdim. Bir gün Ramiz dedi ki, Ağaxan, səndə heç nə alınmır. Dedim, çünki mənə nə isə alındırmaq üçün azadlıq vermirsən. Dedi, bu andan etibarən nə istəyirsən, elə, görək necə alınır. Sağ olsun, elə bil bir illik qandaldan sonra əl-qolum açıldı. “Tebe eto nado?”, “Mne eto nado”?  kimi əlavələr, sonra arada yıxılmaq, mimikalar əlavə etdim, hərəsini öz yerində. Düzdür, o yıxılmaq səhnəsində hər dəfə Cahangir gülüb əldən getdiyi üçün kadrı yenidən çəkməli olurduq. Bir 5-6 dəfədən sonra Ramiz Cahangirə dedi ki, bir də gülsən, ayrı-ayrılıqda çəkib, sonra montaj etməli olacağıq. Ondan sonra Cahangir özünü ələ aldı. “Tebe eto nado?” deyəndə də Yaşarla Gülşən əldən gedirdilər. Çox uğurlu rol oldu mənə”.

Xəncərli xalanın bığ etirafı

Zərnigar Ağakişiyeva (Firuzə, Rəna, xəncərli xala): “Ramizin ondan əvvəl də tamaşalarında oynamışam. Burda da böyük zövqlə oynadım. Bir əsərdə bir neçə xarakter yaratmaq hər aktyorun arzusudur. Ən xoşuma gəlməyən xəncərli xalanı oynamağım oldu. Bığ qoymaq ürəyimcə deyildi, utanırdım, o da tamaşada hiss olunur.  Çox fəxr elədim, o tamaşa Rusiyanın ORT kanalı ilə nümayiş olundu”.

Yeri gəlmişkən, tamaşa elə həmin ilin yanvarında Rusiyanın ORT kanalı ilə nümayiş edildi. O vaxt ordan Elşad Quliyevin adına təşəkkür məktubu da gəlmişdi ki, tamaşa çox xoşumuza gəldi, rejissorla yaradıcılıq ünsiyyətində olmağı arzu edirik. 

Tamaşa Üzeyir Hacıbəyovun xatirəsinə həsr olunmuşdu. Musiqilər Rauf Hacıyevindir və bəzi musiqiləri Elxan Əhədzadənin bariton səsində eşidirik.