Logo
news content

Köhnə hiylələrin zamanı bitir! – Diqqətli olun, yeniləri gəlir...
Süni intellekt artıq oyun qaydalarını sürətlə dəyişir

Bir vaxtlar uğurlu biznesin sirri sadə idi: alıcıdan daha çox bilmək və bu barədə peşəkar görkəmlə susmaq.

Menecerlər və bankirlər komissiyaları xırda şriftlə gizlədirdi, hüquqşünaslar müqavilələri absurd həddə qədər dolaşıq formada təqdim edirdi, həkimlər isə elə hesab-fakturalar yazırdı ki, sığorta şirkətləri belə utanırdı.

Amma səhnəyə süni intellekt çıxdı və köhnə “hiylə məktəbi” müştərilərini itirməyə başladı.

Süni intellekt, mahiyyətcə, bilik infrastrukturunun yeni formasıdır. O, nə qanunların, nə də tənzimləyicilərin bacarmadığı bir işi görür: satıcı və alıcını eyni səviyyəyə qoyur. Məlumat artıq şirkətlərin və monopoliyaların silahı olmaqdan çıxır – ümumi resursa çevrilir.

Gizli biliklərin sonu

Əsrlər boyu bazar informasiya bərabərsizliyinə əsaslanırdı: satıcılar həmişə alıcılardan daha çox bilirdi və buna görə də qaydaları onlar diktə edirdilər. Beləcə “hiylə iqtisadiyyatı” yarandı: hər zaman cinayətkar olmasa da, demək olar, həmişə ədalətsiz idi.

Qanunlar, reytinqlər və məhkəmələr bu fərqi aradan qaldırmağa çalışdı. Amma qanunlar həmişə həyatın sürətindən geri qalırdı, reputasiyanı saxtalaşdırmaq mümkün idi, məhkəməyə müraciət isə çoxlarının cibinə uyğun gəlmirdi. İnternet bərabərlik vəd etdi, amma tezliklə yeni saxtakarlıq üsulu tapıldı: artıq qiymətlərlə yox, məlumatlarla manipulyasiya aparılırdı. 

Süni intellekt isə vəziyyəti dəyişməyə başladı – indi smartfon həm hüquqşünas, həm mühasib, həm də analitik rolunu oynayır.
Məsələn, DoNotPay kimi hüquqi startaplar aviaşirkətləri müştərilərə pul qaytarmağa məcbur edir. Truebill AI kimi maliyyə servisləri isə müştəri bildirişi oxuyub qurtarmamış artıq gizli komissiyaları aşkar edir. Tibbi Sİ sistemləri isə hesabları öncədən proqnozlaşdırır, xəstələri müalicədən sonrakı “şok”dan qoruyur.

Nəticədə, dürüstlük uzun müddətdən sonra ilk dəfə olaraq iqtisadi cəhətdən sərfəli olmağa başlayıb.

Etimad kapitala çevriləndə

İqtisadçıların hesablamalarına görə, informasiya bərabərsizliyi səbəbindən dünya iqtisadiyyatı hər il ÜDM-in 2–3%-ni itirir – bu, bir növ “cahillik vergisidir”. Süni intellekt bu vergini ləğv edir.

Məlumatlı istehlakçı daha az səhv edir, daha ağıllı xərcləyir və nəticədə iqtisadiyyat daha səmərəli işləyir. DanimarkaSinqapur və Cənubi Koreya kimi rəqəmsal şəffaflığa sahib ölkələrin daha sürətli inkişafı təsadüfi deyil. Orada etimad artıq mənəvi dəyər deyil, iqtisadi aktivliyə çevrilir.

Yeni asimmetriya: alqoritm alqoritmə qarşı

Amma hər inqilabın bir “kölgə tərəfi” olur. Biz insan manipulyatorlarından xilas oluruq – amma indi rəqəmsal manipulyatorlar meydana çıxır.

İndi alıcı artıq insanla deyil, onun haqqında hər şeyi – maaşından tutmuş, stress səviyyəsinə qədər – bilən korporativ Sİ ilə “danışır”.
Alqoritm alqoritmə qarşı! Və burada daha ağıllı olan deyildaha çox məlumata malik olan qalib gəlir.

Şirkətlər artıq GEO – Generative Engine Optimization (Yaradıcı Axtarış Optimizasiyası) texnologiyasını mənimsəyirlər. Bu, brendin təkcə saytı optimallaşdırmasından ibarət deyil: şirkət öz “düzgün faktlarını” süni intellekt modellərinin təlim bazalarına daxil edir ki, çat-botlar onların məhsullarını “etibarlı” kimi tövsiyə etsin. Manipulyasiya görünməz olur və bu da onu daha da təhlükəli edir.

Üstəlik, dünya Sİ infrastrukturunun 80%-i hazırda beş böyük korporasiyanın nəzarətindədir. Bu, artıq sadəcə kapital deyil – məlumat üzərində hakimiyyətdir, deməli, reallığın qavrayışı üzərində də nəzarətdir. Alqoritmlər nəyi görəcəyimizi, oxuyacağımızı, alacağımızı və hətta nəyə inanacağımızı müəyyən edir. Beləliklə, süni intellekt nəinki bazarı təmizləyə, həm də yeni monopoliyalar da yarada bilər.

Təhsil: gələcəyin əsas filtri

Bu yeni dünyada bilik yenidən gücə çevrilir – amma fərqli mənada. Söhbət diplomlardan yox, rəqəmsal savadlılıqdan gedir.
Kim Sİ ilə işləməyi bacarırsa, qorunur. Kim bacarmırsa – asan ova çevrilir.

Müasir dünyada alqoritmləri anlamaq keçmişdə oxumaq, yazmaq və hesablamaq qədər əsas bacarıq olmalıdır – çünki insan bu bacarıq olmadan maşınların qərar verdiyi dünyada istiqamət tapa bilməyəcək.

Məktəblər texnologiyadan istifadə etməyi deyil, onun necə qərar qəbul etdiyiniharada səhv edə biləcəyini və onu necə yoxlamağın mümkünlüyünü öyrətməlidir.

Universitetlərdə isə rəqəmsal etika və məlumat analitikası üzrə kurslar inkişaf etdirilməlidir – çünki süni intellektin ədalət alətinə, yoxsa yeni manipulyasiya üsuluna çevriləcəyini məhz gənc nəsil müəyyən edəcək.

Təhsil – cəmiyyəti “alqoritmik saxtakarlığa” qarşı dayanıqlı edə biləcək yeganə vasitədir.

Etika yeni iqtisadiyyat kimi

Süni intellekt yalnız köhnə aldatma üsullarını dağıtmır – o, bizi rəqəmsal dünyada dürüstlük anlayışını yenidən müəyyən etməyə məcbur edir.

Sənaye inqilabı insana fiziki güc bəxş etmişdisə, süni intellekt şəffaflıq verir.

Amma hər güc məsuliyyət tələb edir. Sİ savadsız cəmiyyətin əlində kütləvi aldatma silahına; yetişmiş cəmiyyətin əlində isə ədalət alətinə çevrilə bilər.

Görünür, elə bir dövrə çatmışıq ki, uğur kim kimi aldadacağından deyil, kimin nəyi yoxlaya biləcəyindən asılıdır.

Yeni dünyada qalib gələn – gizlətməyi bacaran yox, yoxlamağı bacarandır