Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zelenski və Rubio arasında qeyri-rəsmi görüş keçirilib

Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ dövlət katibi Marko Rubio Münxen Təhlükəsizlik Konfransı çərçivəsində qeyri-rəsmi görüş keçiriblər.

Xarici KİV-in məlumatına görə, görüş təxminən 40 dəqiqə davam edib.

Zelenski teleqram kanalında yazıb ki, Rubio ilə görüşdə Ukraynanın enerji obyektlərinə Rusiyanın zərbələrinin nəticələrini və sülh danışıqlarının gedişini müzakirə ediblər.

"Mən (Rubionu - red.) cəbhədəki vəziyyət, Rusiyanın zərbələri və enerji sisteminə hücumların nəticələri barədə məlumatlandırdım. Qışın soyuğunda insanların həyat təhlükəsizliyi və bizim davamlılığımızı gücləndirmək barədə danışdıq", - paylaşımda qeyd olunub.

Zelenskinin sözlərinə görə, onlar diplomatik prosesi və Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə Kiyev, Vaşinqton və Moskva arasında üçtərəfli görüşləri də ətraflı müzakirə ediblər.

"Cenevrədə planlaşdırılan danışıqların nəticəli olması vacibdir və mən ABŞ-yə konstruktiv yanaşmaya görə təşəkkür edirəm. Addımların ardıcıllığı məsələsinə də toxunduq. Təhlükəsizlik təminatları və iqtisadi bərpa məsələlərində irəliləyişin olması vacibdir", - Ukrayna lideri yekunlaşdırıb.

Rubio fevralın 14-də konfransda çıxış edərkən Rusiyanın Ukraynaya qarşı müharibəni dayandırmaq istəyib-istəmədiyinin hələ aydın olmadığını bildirib.