Logo
news content
User
Kateqoriyalar

Xəbər

Türkmənistan "Cəhənnəmin qapıları"nı bağlayır

Türkmənistana gələn turistlər son vaxtlar "Darvaza" qaz kraterinin daha zəif yandığını görürlər. Hökumət artıq məşhur qaz alovunu tamamilə söndürmək üçün texniki plan açıqlayıb.

Britaniyanın "Lupine Travel" turizm şirkətinin direktoru Dilan Harris AzadlıqRadiosuna müsahibəsində deyib ki, "xüsusilə son bir ildə alovların intensivliyi xeyli azalıb".

Radionun əməkdaşı Amos Çappl 2025-ci ildə çəkilmiş şəkillər əsasında alovların sayının azaldığını yazır.

Dekabrın 28-də ölkənin "Turkmengaz" milli qaz şirkəti bildirib ki, "Darvaza fenomenini həll etmək" üçün yeni bir quyu qazılacaq və qaz "Darvaza" kraterinin mənbəyindən uzaqlaşdırılacaq, bununla da atmosferə nəzarətsiz qaz emissiyaları tamamilə aradan qaldıralacaq.

"Turkmengaz"ın baş tədqiqatçısı İrina Luryeva iyunda enerji konfransında deyirdi ki, "Darvaza" ətrafında bağlanmış bir neçə qaz quyusu yenidən açılıb, beləliklə də, qaz axını kraterdən uzaqlaşdırılıb: "Alovların həcmi təxminən üç dəfə azaldılıb". Həmin konfransın məqsədi qazla zəngin ölkənin yaşıl enerji sahəsindəki uğurlarını nümayiş etdirmək idi.

Türkiyənin Batman Universitetində təbii qaz mühəndisliyi üzrə mütəxəssis Sükrü Merey isə alovun tamamilə söndürülməsinin çətin bir mühəndislik məsələsi olduğunu deyir. O, AzadlıqRadiosuna müsahibəsində söyləyib ki, "yeni quyu qazılandan sonra belə, qazın kraterə sızmasını tamamilə aradan qaldırmaq mümkün olmaya bilər". Merey belə bir ikinci quyunun qurulmasının milyonlarla dollara başa gələ biləcəyini düşünür.

"Təcrid olunmuş ölkəyə ziyarətin əsas səbəbi"

"Darvaza"dakı alovların söndürülməsi çağırışlarını ilk dəfə 2010-cu ildə ozamankı prezident Qurbanqulu Berdiməhəmmədov irəli sürüb. Amma avtoritar ölkə bunu reallaşdırmağa tərəddüd edib. Axı, "Qaraqum parıltısı" ölkəyə turizm cəlbində rol oynayır.

Bu yaxınlarda yayılan hesabatlara görə, Türkmənistanın iki qaz yatağının atmosferə buraxdığı istixana qazları Böyük Britaniyanın illik emissiyasından çoxdur. Təhlilçilərin hesablamasına görə, "Darvaza"dan yayılan istixana qazlarının ümumi miqdarı təxminən 7 milyon nəqliyyat vasitəsinin illik emissiyalarına bərabərdir. Onların hesablamalarına görə, onilliklər boyu qaz sızmalarının bazar dəyəri təxminən 300 milyon dollar civarındadır.

Alovun söndürülməsi isə Türkmənistana turizmə əhəmiyyətli təsir göstərəcək.

Harris kraterin "Türkmənistanın ən populyar turizm məkanı", "insanların bu təcrid olunmuş ölkəyə ziyarətini əsas səbəbi" olduğunu bildirir.

"Alovların azalmasını 15 ildir izləyirik, bir müddətdir yaxınlıqdakı qaz sahələrində işlər aparılır. Amma rəsmi məlumat verilmir, çünki bu cür məsələlər həmişə gizli saxlanılır", – Türkmənistanda fəaliyyət göstərən, adının açıqlanmasını istəməyən bir turizm operatoru bildirir.