Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tramp Azərbaycandan rüşvət alldığı iddia edilən konqresmeni əfv edib

Mənbə: Azadlıq Radiosu

ABŞ prezideni Donald Tramp Azərbaycandan rüşvət almaqda suçlanan demokrat konqresmeni əfv edib.

Konqresmen Henri Kuelyar X sosial şəbəkəsində prezidentə bu addımına görə təşəkkür edib.

"Bu əfv bizə təzədən başlamaq imkanı verir. Səs-küy aradan qalxdı. Görüləsi işlər var və onu birbaşa qarşılaşmaq niyyətindəyəm", – konqresmen yazıb.

2024-cü ilin mayında ABŞ Konqresi Nümayəndələr Palatasının Texasdan olan üzvü H.Kuelyar və xanımı Mexikodakı bir bankdan və Azərbaycana məxsus bir neft-qaz şirkətindən 600 min dollar rüşvət almaqda ittiham olunub. Onun özü günahsız olduğunu iddia edir.

68 yaşlı Kuelyar və həyat yoldaşı 67 yaşlı İmelda Mexikoda yerləşən bir bankın və Azərbaycana məxsus bir enerji şirkətinin xeyrinə göstərdikləri səylərə görə rüşvətxorluq və pulyumada suçlanırlar. Sonradan bu iş üzrə 67 yaşlı azərbaycanlı İradə Axundovaya da ittiham irəli sürülüb. O, ABŞ Ədliyyə Nazirliyində xarici agent kimi qeydiyyatdan keçmədən Azərbaycan maraqlarının agenti kimi fəaliyyət göstərməkdə ittiham edilib. Onun ittihamı qəbul etdiyi, ABŞ ilə tam əməkdaşlıq etdiyi açıqlanıb.

İttihamnamədə deyilir ki, Azərbaycan neft şirkəti əvvəlcə ödənişləri konqresmeninin arvadı İmeldaya və Texasda cütlüyün iki övladına məxsus şirkəti vasitəsilə edib. Həmin şirkətə saxta müqavilə əsasında "naməlum" strateji konsaltinq xidmətləri müqabilində ayda 25 min dollar ödəndiyi iddia olunub.

İttihamnamədə deyilirdi ki, Azərbaycan rəsmiləri ölkənin Ermənistanla ərazi münaqişəsində, habelə Azərbaycan vətəndaşlarının miqrasiya statusu məsələsində Bakının ABŞ-nin strateji müttəfiqi kimi təbliğ olunmasında dəstək əldə etmək istəyiblər. Bu da iddia edilir ki, Kuelyar qanunvericilik aktlarına Azərbaycanın xeyrinə təsir göstərməli və ABŞ Konqresində Azərbaycana dəstək üçün çıxış etməli idi. Kuelyar bir vaxtlar Konqresdəki Azərbaycan kokusunun həmsədri olub.

İttihamnamədən öncə verdiyi açıqlamada Kuelyar özünün günahsız olduğunu deyib.

Azərbaycan hökuməti bu iddialara münasibət bildirməyib.

Prezident D.Tramp "Truth" sosial şəbəkəsində konqresmeni əfvi barədə postunda əvvəlki Co Bayden administrasiyasını ədliyyə sistemindən siyasi opponentlərinə qarşı silah kimi istifadə etməkdə günahlandırıb.

Azərbaycan hakimiyyəti Bayden administrasiyası dövründə Vaşinqton ilə münasibətlərini "böhranlı" adlandırıb. Tramp administrasiyası ilə isti münasibətlər qurulub. Avqustun 8-də Vaşinqtonda Ermənistanla sülh sazişi paraflanıb. D.Tramp Azərbaycana hərbi yardımı qadağan edən "907-ci düzəliş"i dondurub.

Texasdan konqresmen H.Kuelyar artıq dekabrın 3-də Demokrat Partiyasından yenidən seçilmək üçün müraciət edib. O, əfv olunandan sonra təqaüdə çıxmayacağını, yaxud partiya dəyişməyəcəyini deyib. "Politico" yazır ki, Trampın veteran konqresmeni tərifləməsi onu illərdir seçkidə məğlub etməyə çalışan respublikaçıları şoka salıb.