ABŞ Mərkəzi Komandanlığı: İranın Oman körfəzində hərbi gəmisi qalmayıb
03 Mart 2026
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Oman körfəzində hazırda İranın heç bir hərbi gəmisinin qalmadığını açıqlayıb.
Qurum bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.
Məlumata görə, iki gün əvvəl bölgədə İranın 11 gəmisi qeydə alınmışdısa, hazırda bu rəqəm sıfıra enib. Bildirilib ki, ABŞ qüvvələri beynəlxalq gəmiçiliyin təhlükəsizliyini və azadlığını qorumaqda davam edəcək.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats ölkə ordusunun İrana qarşı "Şir nəriltisi" əməliyyatı çərçivəsində preventiv zərbə endirdiyini açıqlamışdı. Daha sonra ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun da əməliyyatda iştirak etdiyini bəyan edib. Pentaqon ABŞ-nin əməliyyatını "Epik qəzəb" adlandırıb.
İran isə cavab olaraq İsrail istiqamətinə onlarla ballistik raket buraxıb, həmçinin Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazalarına zərbələr endirib. Tehran öz əməliyyatını "Həqiqi vəd - 4" adlandırıb.