Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyada məhkəmə "Dojd" telekanalının aparıcısına qiyabi 8 il həbs cəzası kəsib

Moskvanın Qolovinski rayon Məhkəməsi "Dojd"un aparıcısı Yekaterina Kotrikadzeni qiyabi olaraq 8 il həbsə məhkum edib. Cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulub. Xəbəri "Ostorojno, novosti" Telegram kanalı və "SOTAvision" yayıb. Dövlət ittihamçısı ona 9 il həbs istəmişdi.

"SOTAvision" yazır ki, o, "hərbi feyklər" işi üzrə təqsirli bilinib. "Ostorojno, novosti"nin məlumatına görə, Kotrikadze ordu barədə saxta xəbərlər yaymaqda, "xarici agentlər" haqqında qanunu pozmaqda təqsirli sayılıb.

"Mediazona" yazır ki, jurnalistin 2022-ci il 4 aprel tarixli Telegram paylaşımları iş üçün əsas olub. Paylaşımlarda o, Buçada dinc sakinlərin qətlindən söz açıb, Rusiyanın Ukraynadakı hərbi cinayətlərinə dəlilləri yığmağa çağırıb. Nəşrin yazdığına görə, o, üçaylıq Kira və anası da daxil, Odessaya raket zərbəsindən həlak olanlar haqda açıqlamalarına, "Human Rights Watch" təşkilatının direktoru Kennet Rotun "Dojd"un efirində dediyini paylaşdığına görə təqib olunur.

"Dojd"un baş redaktoru Tixon Dzyadko və aparıcı Valeriya Ratnikova barəsində də oxşar cinayət işləri açılıb. Kotrikadze, Dzyadko və Ratnikova qiyabi həbs edilib, axtarışa verilib və "terrorçular və ekstremistlər" siyahısına salınıblar.

2025-ci ilin oktyabrında Moskva məhkəməsi telekanalın jurnalisti Anna Monqaytı "hərbi feyklər" işi üzrə qiyabi olaraq 5 il ümumi rejimli koloniya cəzasına məhkum edib. Jurnalist Denis Katayev isə "xarici agent" öhdəliklərini yerinə yetirməmək maddəsi ilə qiyabi olaraq 1 il 4 ay həbs cəzası alıb. Jurnalist Valeriya Kiçiqina isə Rusiyanın Gürcüstanla müharibəsi ilə bağlı "saxta xəbərlər" üzrə ilk iş üzrə mühakimə olunacaq.