Rusiya neftinə yeni sanksiyalar Hindistan və Türkiyəyə zərbə vurur. Yenə Çin?
20 Yanvar 2026
Yanvarın 21-də Avropa İttifaqının (Aİ) Rusiya neftinə yeni sanksiyası qüvvəyə minəcək. Bu məhdudiyyətlər Rusiya xam neftindən əldə olunan məhsulların Aİ-yə idxalını qadağan edir.
AzadlıqRadiosunun beynəlxalq məsələlər üzrə aparıcı jurnalisti Rey Förlonq yazır ki, bu tədbirlər Türkiyə və Hindistandakı emal zavodlarına təsir göstərir. Həmin zavodlar Rusiya xam neftini idxal edir, onu aviasiya yanacağı, dizel və ya qarışıq komponentlərə çevirir və daha sonra Aİ bazarlarına göndərirlər.
ABŞ ötən payız Rusiya neft nəhənglərinə sanksiyaları açıqlayıb, Venesueladan neft tədarükünü blokadaya alıb, İrana mümkün hərbi zərbələrlə bağlı qeyri-müəyyənlik mövcuddur. Bütün bunların fonunda Aİ-nin bu tədbirləri beynəlxalq neft təchizatında qeyri-sabitliyi daha da gücləndirir.
"Biz fövqəladə bir durumdayıq, sistem daxilində qlobal geosiyasi dalğalanmalar çox güclüdür", – Londonda yerləşən, xammal bazarları üzrə "General Index" analitik şirkətinin təmsilçisi Devid Edvard yanvarın 14-də bir vebinarda deyib.
Ümumilikdə 2026-cı il üçün qlobal neft bolluğu proqnozlaşdırılır. Hasilatın yüksəkliyi 2025-ci ildə neft qiymətlərini kəskin ucuzlaşdırıb. Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatına görə, Rusiyanın neft gəlirləri 2022-ci ildən bəri ən aşağı səviyyəyə enib.
Boşluqlar
"Kpler" şirkətinin təhlilçisi Sumit Ritoliya deyir ki, Aİ-nin yeni məhdudiyyəti bu həftə dünyada ən çox danışılan məsələlərdən olacaq. Sanksiya iyulda elan olunub və emal zavodlarına idxalı azaltmaq üçün vaxt verilib. Təhlilçi Hindistan zavodlarının artıq özlərinə sanksiya qoyduqlarını, Rusiyadan daha xam neft almayacaqlarını elan etdiklərini deyir.
"Türkiyə hələ də Rusiyadan neft idxal edir, amma getdikcə azalır, artıq 20-30 faiz azalma var", – o əlavə edib.
Enerji və Təmiz Hava Tədqiqatları Mərkəzinin (CREA) məlumatına görə, Hindistanın Rusiyadan xam neft idxalı 2025-ci ilin dekabrında 29 faiz azalıb. Amma bu azalmanın böyük hissəsi Rusiyanın "Rosneft" və "Lukoil" şirkətlərinə ABŞ sanksiyalarının nəticəsi də ola bilər.
Tənqidçilər xəbərdarlıq edirlər ki, bəzi emal zavodları Aİ sanksiyalarından yayınmaq üçün məhsullarında istifadə olunan xam neftin mənşəyini gizlətməyə çalışa bilərlər.
Yaxud Britaniya və Serbiya kimi ölkələrə istisnaların olması Rusiya neftindən hazırlanmış məhsulların Aİ-yə təkrar ixracına yol açar.
CREA təhlilçisi İsaak Levi deyir ki, ayrı-ayrı ölkələr də oxşar taktikaya əl ata bilərlər, çünki qadağa Rusiyadan xam neft idxal edən limanlara və zavodlara aiddir.
"Gürcüstanda Qara dəniz sahilində Kulevi adlı emal zavodu var – Rusiyadan xam neft alır, məhsullara çevirir və həmin məhsulları başqa bir limandan göndərir", – o, AzadlıqRadiosuna bildirib.
Yenə Çin?
Bəzi müşahidəçilərin ehtimalına görə, Hindistan, Türkiyə və başqalarının istəmədiyi Rusiya neftinin bir hissəsini Çin "uda" bilər.
CREA dekabrda Çinin Rusiyadan xam neft idxalında 23 faiz artım baş verdiyini bildirir. Hindistanın istəmədəyi, Ural nefti ilə dolu tankerləri Sarı dənizdə Çin limanlarında görüblər.
Kolumbiya Universitetində Çinin enerji bazarları üzrə baş elmi işçi Erika Dauns radioya deyib ki, "çaydan" adlanan kiçik, müstəqil neft emalı zavodları burada əsas rol oynaya bilər. Onlar isə Çinin emal gücünün 20 faizini təşkil edir: "Məncə, Hindistan və Türkiyənin geri qaytardığı neftin hamısını Çin ala bilməz. Amma "çaydanlar" arasında alverçilər olur. Endirim yetərlidirsə, risk həddini götürə bilərlərsə, daha çox alacaqlar".
Ötən il Vaşinqton üç belə limana İran nefti aldığına görə sanksiya qoyub. Dauns deyir ki, Çinin böyük neft şirkətləri sanksiyalara ehtiyatlı yanaşsa da, kiçik limanlar daha az narahatdır. Onlar ABŞ-nin dollarla maliyyə sisteminə bağlı deyil, sanksiyalı neftlə işləməyə daha həvəslidirlər.
CREA-dan Levinin fikrincə, bu məhdudiyyət Rusiyanın ixrac gəlirlərinə təsir göstərəcək: "Amma onun effektli olması, Rusiyanın ixrac gəlirlərini azaltması üçün daha çox iş görülməlidir".