Logo
news content
User
Kateqoriyalar

Xəbər

rəvan Avrasiya İqtisadi İttifaqından çıxmağı zəruri hesab etmir - Simonyan

Ermənistan Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmağı zəruri hesab etmir.

Bunu Ermənistan parlamentinin sədri Alen Simonyan Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar zamanı bəyan edib.

Simonyan vurğulayıb ki, Ermənistan cəmiyyəti Moskvada səsləndirilən bəyanatlara çox mənfi reaksiya verir, çünki Rusiyanı öz müttəfiqi hesab edir. "Belə fikirləri eşitmək çox ağrılıdır. Qalan məsələlərlə bağlı düşünürəm ki, biz onları müzakirə edərək irəliləyə bilərik. Aİİ və gömrük ittifaqına gəlincə, biz oradan çıxmalı olduğumuzu hesab etmirik. Hər iki tərəfə faydalı olacaq həll yolunu birlikdə tapa bilərik", - o bildirib.

Öz növbəsində, Lavrov qeyd edib ki, Aİİ-yə üzvlük Avropa İttifaqına qoşulmaqla uyğun gələ bilməz, lakin Rusiya Ermənistanın seçiminə hörmətlə yanaşacaq. Onun sözlərinə görə, Rusiya vaxtaşırı Ermənistana qarşı "şimaldan mifik hücumlar" barədə qəribə fikirlər eşidir.

"Şimaldan Ermənistana qarşı hansısa mifik hücumların hazırlanması, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) tərəfindən təhlükənin olması barədə vaxtaşırı səsləndirilən fikirləri eşitmək bizə bir az qəribə gəlir", - o bildirib.

Lavrov bildirib ki, Rusiya və Ermənistanın sovet dövründəki ümumi tarixini, o cümlədən Böyük Vətən müharibəsini şübhə altına almaq cəhdləri də bu qəbildəndir.

Danışıqlar zamanı Simonyan Lavrovu əmin edib ki, Ermənistan Rusiyaya qarşı hər hansı bir addım atmaq niyyətində deyil: "Mən istəmirəm ki, sizdə belə bir anlayış olsun ki, guya Ermənistan Rusiyaya - dost müttəfiq dövlətə qarşı nəsə etməyə çalışır".

Spiker vurğulayıb ki, Ermənistanın KTMT ilə bağlı bir sıra sualları qalır. "Biz hələ də cavab almamışıq. Onlar dəfələrlə səsləndirilib. Siz və həmkarlarımız bunu çox yaxşı bilirsiniz. Təbii ki, ictimai məkanda çox vaxt eşitdiyimiz ritorika bizi bir qədər narahat edir. Bu, təkcə bizi deyil, Ermənistan cəmiyyətini də narahat edir", - o bildirib.

Lavrov qeyd edib ki, Rusiya Ermənistanın əsas ticari-iqtisadi tərəfdaşı olaraq qalır və Moskva bu əməkdaşlığı genişləndirmək niyyətindədir.

"Moskva sizin üçün əsas ticari-iqtisadi tərəfdaş olaraq qalır, bu mövqeyimizə məsuliyyətlə yanaşırıq, əməkdaşlığı genişləndirmək, iri infrastruktur layihələri irəli sürmək istəyirik", - o bəyan edib.