“Müharibəni uduram, özü də böyük fərqlə!”
21 Aprel 2026
ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” platformasında İranla davam edən hərbi münaqişə və tətbiq edilən dəniz blokadası barədə paylaşım edib.
“Qafqazinfo” xəbər verir ki, Tramp ABŞ ordusunun hərbi əməliyyatlarda böyük uğur qazandığını və İranın hərbi potensialının sıfıra endiyini iddia edib.
Prezident bildirib ki, Amerika mediasında yayılan mənfi xəbərlərin əksinə, cəbhədə vəziyyət Vaşinqtonun tam xeyrinədir:
“Mən müharibəni uduram, özü də böyük fərqlə! Ordumuz möhtəşəm işlər görür. Əgər “saxta xəbər” yayan nəşrləri oxusanız, elə bilərsiniz ki, uduzuruq. Amma reallıq budur ki, düşmənin dəniz donanması tamamilə məhv edilib, hava qüvvələri sıradan çıxıb, raket əleyhinə müdafiə sistemləri artıq yoxdur”.
Tramp İranın iqtisadi iflasın eşiyində olduğunu vurğulayaraq, tətbiq edilən dəniz blokadasının sarsıdıcı nəticələrindən danışıb:
“Ən əsası isə blokadadır. Yeni bir “razılaşma” əldə olunana qədər bu blokada götürülməyəcək. İran hazırda hər gün 500 milyon dollar itirir. Bu, qısamüddətli dövr üçün belə dözülməz bir rəqəmdir. Onlar məhv olurlar”.
Donald Tramp çıxışında daxili rəqiblərini və medianı da hədəf alıb. O, ABŞ mediasını İranın tərəfini tutmaqda ittiham edib:
“Anti-Amerika mediası İranın qalib gəlməsini istəyir, amma bu, baş verməyəcək. Çünki rəhbər mənəm! Bu insanlar seçkilərdə mənə qarşı necə vuruşurdularsa, indi də İran məsələsində eyni şeyi edirlər. Amma nəticə dəyişməyəcək – biz artıq qalib gəlmişik!”
Qeyd edək ki, Trampın sözügedən sərt mesajları İslamabadda ABŞ və İran nümayəndə heyətləri arasında keçirilən kritik danışıqların ikinci raundu ərəfəsində gərginliyi daha da artırıb. Analitiklər bunu Trampın danışıqlar masasında Tehrana qarşı “son zərbə” taktikası kimi qiymətləndirirlər.