Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycanın xarici ticarəti azalsa da, Çinlə artıb

Bu ilin birinci rübündə Azərbaycanla Çin arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 7.3 faiz artaraq 1 milyard 103 milyon ABŞ dollarını üstələyib.

Dövlət Gömrük Komitəsinin (DGK) statistikasına görə, Çindən Azərbaycana idxal 6.9 faiz artaraq 1 milyard 74 milyon dollar təşkil edib. Çin 2024-cü ildən etibarən Azərbaycanın idxal tərəfdaşları arasında Rusiyanı geridə qoyaraq birinci yerə yüksəlib.

Azərbaycandan Çinə ixrac edilən məhsulların dəyəri 25.2 faiz artaraq 29 milyon dollara çatıb.

Çinlə ticarət əməliyyatları ölkənin ümumi dövriyyəsinin 11.73 faizini təşkil edir.

Ümumilikdə isə Azərbaycanın xarici ticarət dövriyyəsi ötən ilin müvafiq dövründəki 12 milyard dollardan 9.4 milyard dollara qədər geriləyib.

Xatırlatma

Son illər Azərbaycan və Çin arasında həm iqtisadi, həm də siyasi baxımdan yaxınlaşma müşahidə olunur. 2024-cü il iyulun 3-də "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə" qəbul edilib. Ötən il də "Azərbaycan ilə Çin arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş" qüvvəyə minib.

Son aylar isə iki ölkə qurumları arasında birgə investisiya fondunun yaradılması ilə bağlı addımlar atılır.

Müxalifət hesab edir ki, Çin, Rusiya kimi ölkələrlə əlaqələri genişləndirməkdənsə, Qərbə inteqrasiya prosesini sürətləndirmək lazımdır.

Üstəlik, onların fikrincə, Çinlə yaxınlaşma ABŞ ilə əməkdaşlığa xələl gətirə bilər.