Logo
news content
User
Kateqoriyalar

Xəbər

Milli Onkologiya Mərkəzində partlayış olub, xəstə ölüb, həkim yaralanıb

Aprelin 30-da saat 14:00 radələrində Bakıdakı Milli Onkologiya Mərkəzində partlayış baş verib. Hadisə nəticəsində bir xəstə yerindəcə vəfat edib, həkim-radioloq isə ağır yaralanaraq xəstəxanaya yerləşdirilib.

Baş Prokurorluğun Mətbuat xidməti faktla bağlı cinayət işinin başladıldığını bildirib.

İstintaqın rəsmi versiyasına görə, onkoloji xəstə Mübariz Əliyevin qanunsuz gəzdirdiyi partlayıcı vasitəni Radiologiya şöbəsində işə salaraq həkim Asif Nəsirovu qəsdən öldürmək istədiyinə dair əsaslı şübhələr var.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Rəsmi açıqlamaya, hələlik, nə mərhumun yaxınlarından, nə həkimdən, nə də Milli Onkologiya Mərkəzinin rəhbərliyindən münasibət almaq mümkün olub.

Xatırlatma

Azərbaycanda onkoloji xəstəliklərin müalicəsi icbari tibbi sığorta zərfinə daxil deyil. Xəstələrin yaxınlarından müalicənin bahalığı və keyfiyyəti ilə bağlı tez-tez şikayətlər eşidilir. Amma rəsmi qurumların bu şikayətlərlə bağlı araşdırmalar apardığı ictimaiyyətə bəlli deyil.