Mustafayevin “qəfil” səfəri və İrəvandakı əks-səda
Azərbaycanla Ermənistan arasında elə bir ticarət razılaşması olub ki...
30 Aprel 2026
Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Ermənistana səfəri İrəvanda geniş rezonans doğurub. Yerli media, ekspertlər, müxalifətə və iqtidara yaxın siyasətçilər bu barədə geniş şərhlər verirlər. Səfər seçki prosesinin ən qızğın debatlardan birinin əsasını qoyub. Xüsusilə də, müxalifətə yaxın medianın Mustafayevin 300 min azərbaycanlının Ermənistana qaytarılması layihəsi ilə gəldiyi barədə şayiələri dövriyyə buraxması hökuməti geniş izahat verməyə vadar edib.
Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan nümayəndə heyətinin Ermənistana səfərini sülh prosesi məntiqində “tarixi hadisə” kimi qiymətləndirib. Baş nazir çıxışında iqtisadi və tranzit əlaqələrindəki yeniliyi açıqlayıb. O, bildirib ki, ötən ilin noyabrından bu günə qədər Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana təxminən 26 min ton məhsul daxil olub. “Hazırda praktiki olaraq Ermənistandan malların ixrac edilməsi üçün heç bir maneə və maneə yoxdur”, - Paşinyan sülh gündəliyinin iqtisadi dividendlərinə işarə edib.
Jurnalistlərin azərbaycanlıların Ermənistana qayıdışı ilə bağlı sualına cavab verən Paşinyan bildirib ki, Azərbaycanla belə bir məsələ müzakirə olunmur: “Biz Azərbaycanla nə azərbaycanlıların, nə də Bakı ermənilərinin və ya Qarabağ ermənilərinin qayıdışı məsələsini müzakirə etmirik. Çünki hər iki istiqamətdəki müzakirələr cari siyasi vəziyyətə provokativ təsir göstərir. Bu məsələləri gündəmdə saxlayanlar eyni qüvvələrdir və bu, sadəcə ucuz daxili siyasi manipulyasiyadır”.
Paşinyan bəyan edib ki, görüşlərin üçüncü ölkələrdə deyil, birbaşa tərəflərin ərazisində keçirilməsi tərəflərin bir-birinə inamının göstəricisidir.
Müxalifət mediası (7or.am, Panorama.am) və revanşist siyasətçilər səfərin “qəfil” baş tutmasını tənqid edirlər. İddia olunur ki, Mustafayevin səfəri Ermənistanın anklavlarla bağlı yeni güzəştlərə getməsinin anonsudur. Səfərin media üçün qapalı keçirilməsi isə “xalqdan gizli sövdələşmə” kimi qiymətləndirilir.
Ermənistanın tanınmış politoloqları və regional ekspertləri Şahin Mustafayevin səfərinin təhlilinə geniş yer veriblər. Məsələn, Tiqran Abramyan bildirib ki, delimitasiya prosesinin şimaldan (Qazax-Tavuş) başlayıb cənuba doğru irəliləməsi Azərbaycanın hərbi və diplomatik üstünlüyünü qəbul etməkdir. Onun fikrincə, Mustafayevin İrəvana gəlişi artıq “kim güclüdürsə, o da diktə edir” prinsipinin vizual təsdiqidir.
Analitiklərdən Areg Köçinyan isə yerli mətbuata bildirib ki, birbaşa görüşlər Rusiyanın vasitəçiliyini minimuma endirir. Lakin bu, Ermənistan üçün həm də riskdir, çünki Bakı ilə təkbətək qalan İrəvanın manevr imkanları məhduddur.
Qeyd edək ki, ekspert dairələrində N.Paşinyanın səsləndirdiyi “26 min ton yük” rəqəmi də geniş müzakirə olunur. Bəzi politoloqlar hesab edir ki, bu, Zəngəzur dəhlizi məsələsinin “yumşaq” şəkildə, Ermənistanın suverenliyi altında, amma Azərbaycanın şərtləri ilə açılmasına hazırlıqdır.
Xatırladaq ki, Şahin Mustafayev Azərbaycan tərəfindən sərhədlərin delimitasiyası üzrə dövlət komissiyasının sədridir. Komissiyaların son görüşü ötən ilin noyabr ayında Qəbələ şəhərində keçirilmişdi. Həmin görüş zamanı tərəflər növbəti iclasın Ermənistan şəhərlərindən birində baş tutması barədə razılığa gəlmişdilər, amma görünür, sonradan Mustafayevin Ermənistana səfəri qərarlaşdırılıb.
Rəsmi məlumata görə, Ağverəndə baş tutan iclasda tərəflər delimitasiya tədbirlərinin həyata keçirilməsi qaydasına dair təlimat layihələrinin mətnlərini razılaşdırıb və mübadilə ediblər. Bura iki ölkə arasında dövlət sərhədinin delimitasiyası zamanı delimitasiya üzrə ekspert qruplarının iş qaydası, delimitasiya xəritəsinin hazırlanması və delimitasiya sənədlərinin tərtibatı və nəşri qaydası haqqında təlimatlar daxildir. Bundan başqa, tərəflər bu təlimatların müvafiq qaydada təsdiq edilməsi üçün öz hökumətlərinə müraciət etmək barədə razılığa gəliblər.

Politoloq Fərhad Məmmədov Pressklub.az-a şərhində bildirib ki, səfər çərçivəsində şərhlərlə bağlı hökumətlərarası komissiyanın iclası keçirilib və çoxdan gözlənilən sənədlər toplusu razılşadırılıb ki, sonradan hökumətlər hüquqi prosedura keçib onları təsdiq etsinlər. “Beləliklə, sərhədlərin müəyyən edilməsində ümumi metodologiya təsdiq edilir və vahid xəritə üzərində işlərin aparılması qeyd edilir. Bu bürokratik məsələdir, sərhədlərin müəyyən edilməsində ən çox vaxt aparan prosesdir. Onun yekunlaşması ilə bağlı məlumat verilibsə, nəzəri işlər yekunlaşmaq üzrədir, praktiki addımlar üçün zəmin yaradılıb”, – o, qeyd edib.
Politoloq vurğulayıb ki, bu gün Azərbaycan-Ermənistan münasibətləri qeyri-adidir, çünki diplomatik münasibətlərin olmadığı bir şəraitdə hökumətlərarası komissiya fəaliyyət göstərir, iqtisadi münasibətlər formalaşır, yüksək səviyyədə siyasi dialoq var, vətəndaş cəmiyyətləri arasında qarşılıqlı səfərlər həyata keçirilir:
“Bunlar birinci mərhələ üçün atılan addımlardı. İkinci mərhələ isə Ermənistanda parlament seçkilərindən sonra başlamalıdır. Əlbəttə, seçkilərin nəticələrindən çox şey asılı olacaq. Demək olar ki, seçki öncəsi Azərbaycan-Ermənistan münasibətlərində əksər sahələr üzrə nailiyyətlər mövcuddur”.
F.Məmmədov əlavə edib ki, Şahin Mustafayevin səfəri çərçivəsində ölkələr arasında iqtisadi münasibətlərə də yer verilib. “Düşünürəm ki, ticarətin elə istiqamətləri müəyyən edilib ki, onlar haqqında biz yaxın vaxtlarda yeni məlumatlar eşidəcəyik”, – o, fikrini yekunlaşdırıb.
Turqut