İsrail BMT Baş Assambleyasının Fələstin dövləti ilə bağlı qətnaməsini rədd edib
13 Sentyabr 2025
İsrail bu gün axşam saatlarında BMT Baş Assambleyasının qərarını tamamilə rədd edərək, bunu "reallıqdan ayrılmış siyasi sirk" adlandırıb.
Bu barədə İsrail Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsində yaydığı məlumatda deyilir.
Bəyanatda qeyd olunub ki, dəstəklənən qətnamədəki onlarla bənddə HƏMAS-ın terror təşkilatı olması ilə bağlı heç bir qeyd yoxdur və hərəkatın girovları qaytarmaqdan və tərksilah etməkdən imtina edərək müharibəni davam etdirmək məsuliyyətinə məhəl qoyulmur.
"Qətnamə sülh yolu ilə nizamlanmaya kömək etmir, əksinə, HƏMAS-ı hərbi əməliyyatları davam etdirməyə təşviq edir", - bəyanatda bildirilib.
BMT Baş Assambleyası böyük səs çoxluğu ilə İsrail-Fələstin münaqişəsinin iki dövlət əsasında həllinə dair addımları əks etdirən bəyannaməni təsdiqləyib. Bəyannamənin lehinə 142 ölkə, əleyhinə 10 ölkə səs verib, 12 ölkə bitərəf qalıb.
Sənəddə həmçinin İsrailin Qəzza zolağındakı hərəkətləri və HƏMAS-ın 7 oktyabr 2023-cü ildə həyata keçirdiyi hücumlar pislənir.