Mirzoyan Antalya forumuna niyə getmir?
16 Aprel 2026
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 2022-ci ildən bəri ilk dəfə Türkiyədə illik beynəlxalq konfransa qatılmayacaq. Bu tədbirə hər il onlarla xarici lider və yüksəkvəzifəli şəxs qatılır.
Son dörd ildə Mirzoyan Antalyada konfranslar çərçivəsində panel müzakirələrdə çıxış edib, türkiyəli, azərbaycanlı həmkarları ilə ikitərəfli görüşlər keçirib.
Rubinyan da getmir
Builki Antalya Diplomatiya Forumuna qatılmamaq qərarını isə Ermənistan Xarici İşlər Nazirliyi şərh etməyib. Forumun rəsmi saytında bildirilir ki, Ermənistanı Mirzoyanın müavini Vaan Kostanyan təmsil edəcək.
Parlamentin sədr müavini Ruben Rubinyan da bu həftənin sonunda Antalyaya getməyəcəyini təsdiqləyib. O, qərarının səbəbini açıqlamayıb.
"Mən niyə hər dəfə ora getməliyəm?", – Rubinyan jurnalistlərə deyib.
Rubinyan Yerevanı Ankara ilə normallaşma danışıqlarında təmsil edir. O, Türkiyənin xüsusi elçisi Serdar Kılıç ilə bir neçə raund danışıqlar aparıb, 2022-ci ildə iki ikitərəfli saziş imzalanıb. Bu sazişlərdən biri Türkiyə-Ermənistan sərhədinin diplomatik pasport sahibləri və üçüncü ölkə vətəndaşları üçün açılmasını nəzərdə tutur. Ancaq bu razılaşma hələlik gerçəkləşməyib. Ankara Yerevanla münasibətlərinin normallaşmasını Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycan üçün məqbul həlli ilə şərtləndirir.
Fidanın tənqidlərə yol açan bəyanatı
Türkiyə mediası ötən ilin sonlarında yazırdı ki, Ankara Ermənistanda parlament seçkiləri ərəfəsində - martda sərhədi qismən açmağı planlaşdırır. Türkiyənin xarici işlər naziri Hakan Fidan yanvarda bu seçkilər kontekstində baş nazir Nikol Paşinyanı tərifləyib.
Ermənistan müxalifəti Türkiyə hökumətini ölkənin daxili işlərinə qarışmaqda suçlayıb. Paşinyanın siyasi müttəfiqləri isə Fidanın Ermənistan liderini dəstəkləmədiyini bildiriblər.
Fidanın açıqlamasından öncə Paşinyanın siyasi rəqibləri iddia edirdilər ki, Türkiyə və Azərbaycan 'Mülki Müqavilə' partiyasının seçkilərdə qələbə qazanması üçün hər cür dəstəyi verə bilər. Müxalifət cinahı illərdir Paşinyanı öz hakimiyyətini qorumaq naminə Ankara və Bakıya birtərəfli güzəştlərdə ittiham edir. Baş nazirin komandası isə bu iddiaları qəti şəkildə rədd edir.
"Paşinyan hökuməti nəhayət dərk edib ki, Türkiyə Ermənistana qarşı düşmənçilik fəaliyyətinə son qoymaq üçün konkret addımlar atmadığı müddətcə, Antalya Forumunda yüksək səviyyədə təmsil olunmaq mənasızdır". Bu fikirləri Ermənistan parlamentinin müxalif deputatı Geqam Manukyan səsləndirib.