İran ətrafında gərginlik dəniz nəqliyyatına 125 milyard dollara yaxın ziyan vurub
24 İyun 2026
Yaxın Şərqdə münaqişənin eskalasiyası və Hörmüz boğazının blokadası gəmilərə, yüklərə və liman infrastrukturuna əhəmiyyətli ziyan vurub.
Bu barədə "Allianz" sığorta şirkətinin hesabatında bildirilib.
Bu il iyunun 15-nə olan vəziyyətə görə, Fars körfəzi akvatoriyasında ümumi tutumu 100 GT-dən çox olan təxminən 1 150 yük gəmisi olub. Onların ümumi tutumu 29 milyon GT təşkil edib, gəmilərin və onların daşıdıqları yüklərin ümumi dəyəri isə təxminən 125 milyard dollar olaraq qiymətləndirilib.
"Allianz"ın məlumatına görə, sığortaçılar regionda raket və pilotsuz uçuş aparatlarının hücumlarına məruz qalan konteyner gəmilərinin, neft tankerlərinin zədələnməsi səbəbindən dəniz sığortası müqavilələri üzrə əhəmiyyətli ödənişlərlə üzləşirlər. Daşınan yüklərə də ciddi ziyan dəyib.
"Münaqişəyə baxmayaraq, dəniz sığortaçıları sığorta təminatını qoruyub saxlayaraq gəmiçilik sənayesini dəstəkləməyə davam ediblər, hərçənd gəmilərin gövdələrinin və yüklərin sığorta dəyəri əhəmiyyətli dərəcədə artıb. Lakin gəmi sahibləri üçün əsas problem sığorta məsələləri deyil, silahlı münaqişə zonasından keçərkən heyət və gəmilərin özləri üçün yaranan risklər olub", - hesabatda bildirilib.
Qeyd edilib ki, Hörmüz vasitəsilə gəmiçilik tam bərpa olunduqdan sonra belə etibarlı beynəlxalq təhlükəsizlik zəmanətləri tələb olunacaq.