Logo
news content
User
Kateqoriyalar

Müsahibə

Erməni analitik: Hər şey yenicə başlayır və ən maraqlı hadisələr qabaqdadır – MÜSAHİBƏ
Nikol Paşinyan inamlı qələbə qazanıb qarşısında kifayət qədər imkanlar açlıb

Tanınmış erməni analitik və publisisti İşxan Verdiyanın Pressklub.az-a müsahibəsi.

– Ermənistanda keçirilmiş parlament seçkilərinin nəticələrini və cəmiyyətin bu nəticələrə reaksiyasını necə qiymətləndirirsiniz? Mövcud şəraitdə Ermənistanla Azərbaycan arasında danışıqların davam etdirilməsi və uğurla nəticələnməsi şanslarını necə görürsünüz?

– Ermənistanda parlament seçkiləri tamamilə gözlənilən nəticə ilə başa çatdı. Nikol Paşinyan inamlı qələbə qazanaraq hazırda ona və onun siyasi qüvvəsinə konstitusiya qanunlarını, o cümlədən Ermənistanın məhkəmə sistemini tənzimləyən qanunvericiliyi dəyişdirməyə imkan verən konstitusion çoxluğu formalaşdırdı. Buna görə də mövcud siyasi düzən Nikol Paşinyana ölkədə demək olar ki, mütləq hakimiyyətə malik olmaq üçün kifayət qədər imkanlar yaradır.

Lakin söhbət Azərbaycanla münasibətlərdən gedəndə, burada sülh müqaviləsi baxımından Ermənistanın Müstəqillik Bəyannaməsi ilə bağlı problemlə üzləşirik. Bu, Azərbaycanın öz suveren ərazilərinin xarici dövlətlərin qanunvericiliyində qeyd olunması məsələsində tutduğu qəti mövqedən irəli gəlir. Buna görə də prosesin irəliləməsi üçün Ermənistan Konstitusiyasından Müstəqillik Bəyannaməsinə istinad çıxarılmalı, yəni Konstitusiyaya dəyişiklik edilməlidir.

Lakin Ermənistanda Konstitusiyaya dəyişiklik təşəbbüsü irəli sürmək üçün sadəcə konstitusion çoxluğa malik olmaq kifayət deyil. Bunun üçün parlamentdə mütləq çoxluq, yəni səslərin üçdə ikisi tələb olunur ki, Nikol Paşinyan hazırda belə bir çoxluğa malik deyil. Buna görə də onun uğuru nə qədər böyük olsa da, qarşıya qoyulmuş məqsədə çatmaq üçün hələ görüləsi işlər qalır.

Lakin Ermənistan və Azərbaycanın telekommunikasiya şirkətləri arasında müqavilələrin imzalanması ilə bağlı son xəbəri, eləcə də ölkələr arasında mövcud olan bütün real iqtisadi fəaliyyəti (minimal həcmdə olsa belə) nəzərə alsaq, aydın olur ki, imzalanmış sülh müqaviləsinin olmaması dövlətlər arasında əməkdaşlıq üçün maneə yaratmır.

Cəmiyyətə gəlincə, ölkədə həyat öz axarı ilə davam edir. Mən internetdə və Facebook-da yayılan paylaşımlara həddindən artıq diqqət yetirməzdim. İnanın ki, Ermənistanda və İrəvanda həyat adi qaydada davam edir, kütləvi narazılığın heç bir əlaməti müşahidə olunmur. Sözün həqiqi mənasında, dünən İrəvanın meydanlarından birində “Artsax” bayrağı endirildi və bu, cəmiyyətdə hər hansı nəzərəçarpacaq reaksiyaya səbəb olmadı.

Buna görə də hesab edirəm ki, Ermənistan cəmiyyəti Nikol Paşinyana gələcəkdə həm Azərbaycanla, həm də Türkiyə ilə münasibətlərdə uğurlar qazanmağa tam imkan verəcək.

– Seçkilərdən sonra Rusiya ilə Ermənistan arasında münasibətlərin yaxşılaşmamasının və Moskvanın ritorikasının sərt olaraq qalmasının səbəbi nədir? Ermənistana siyasi təzyiq göstərmək və malların idxalına qoyulan qadağaları ləğv etməməklə Rusiya Federasiyası hansı konkret məqsədlərə nail olmağa çalışır? Mövcud vəziyyətdə Nikol Paşinyan Rusiya rəhbərliyi ilə ortaq məxrəcə gələ biləcəkmi?

– Ermənistan açıq şəkildə Rusiyanın xoşuna gəlməyən addımlar atır və Moskva hələlik İrəvana təzyiq siyasətini davam etdirir. Rusiya öz hərəkətlərini Ermənistanın Avropa ilə yaxınlaşmasıyla əsaslandırır və səbəbin məhz bunda olduğunu nümayiş etdirir. Lakin mənə elə gəlir ki, məsələ tamamilə başqadır. Mənim fikrimcə, Nikol Paşinyan müstəqil Ermənistanın bütün tarixi ərzində ilk dəfə ölkənin Rusiyadan tam siyasi suverenliyinə nail olmağa çalışır. Bu, Rusiya siyasi düşüncəsi baxımından, aradan qaldırılması vacib olan nonsens kimi görünür.

Mənə elə gəlir ki, Rusiyanın Ermənistana təzyiq göstərmək, məhdudiyyətlər tətbiq etmək və yeni sanksiya tədbirləri ilə hədələmək cəhdləri məhz bununla izah olunur. Böyük ehtimalla, Moskva hazırda parlament seçkilərinin yekun nəticələrini gözləyir və bundan sonra növbəti addımını atacaq. Bu addım həm təzyiqlərin daha da sərtləşdirilməsi, həm də Cənubi Qafqazda formalaşmaqda olan yeni konfiqurasiya ilə barışmaq formasında ola bilər.

Hər necə olursa-olsun, Nikol Paşinyanı Rusiya ilə hələ uzun və çətin dialoq gözləyir. Mənim fikrimcə, bu dialoqun ən maraqlı mərhələləri hələ qarşıdadır.

– Xarici oyunçulara yönəlmiş müxalif qüvvələrin parlamentdə təmsil olunması qanunvericilik fəaliyyətinin sabitliyinə necə təsir göstərəcək? Paşinyan hökuməti müxalifətin Bakı ilə sülh sazişinin imzalanmasını pozmaq cəhdlərini neytrallaşdıra biləcəkmi? Kəskin qarşıdurma şəraitində hakim partiyanın Konstitusiyaya dəyişikliklə bağlı referendum keçirməsi nə dərəcədə realdır və bunun uğrunda mübarizədə hansı üsullardan istifadə olunacaq?

– Anlamaq lazımdır ki, Ermənistan parlamentinə düşən müxalifət barışmaz mövqedədir. Bu, Nikol Paşinyana və onun qurmağa çalışdığı Ermənistana daim müxalifətdə olacaq siyasi qüvvədir.

Əlbəttə, əvvəlki çağırışda olduğu kimi, yeni çağırışın müxalifəti də prosesə mane olmağa, müzakirələri başqa istiqamətə yönəltməyə və ya parlament tribunasından yalnız öz siyasi məqsədlərinə çatmaq üçün istifadə etməyə çalışacaq. Lakin parlamentin hazırkı tərkibi Nikol Paşinyana və onun fraksiyasına müstəqil qərarlar qəbul etməyə imkan verir. Onların artıq müxalifətin sərt müqavimətinə baxmayaraq qərarlar qəbul etmək sahəsində böyük təcrübəsi olduğuna görə, böyük ehtimalla, prinsipial baxımdan yeni heç nə görməyəcəyik.

Böyük ehtimalla, Nikol Paşinyanın müxalif deputatların dəstəyinə arxalanaraq referendum keçirməsi mümkün olmayacaq. Lakin o, qalan bütün məsələlərdə öz siyasi gündəliyini ardıcıl şəkildə irəli aparmağa çalışacaq. Yeri gəlmişkən, bu da bəzi siyasi xadimlərin həbsi ilə nəticələnə bilər.

Gözləyək. Hər şey yenicə başlayır və mənim fikrimcə, ən maraqlı hadisələr hələ qarşıdadır.

Rauf Orucov