Logo
news content
User
Kateqoriyalar

Xəbər

İnflyasiya 5 faizdir, dava-dərman xərcləri 25 faizdən çox artıb

2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 10.1 milyard manatlıq mallar satılıb.

Dövlət Statistika Komitəsi (DSK) bildirir ki, bunun 5.5 milyard manatlıq hissəsi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının payına düşür.

Bu o deməkdir ki, Azərbaycan vətəndaşlarının ticarət şəbəkələrində xərclərinin yarıdan çoxu yemək-içməyə gedib. Ekspertlər hesab edirlər ki, bu, əhalinin maddi güzəranının heç də yaxşı olmamasının göstəricisidir.

"2025-ci ilin yanvar-fevral ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3.6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1.2 faiz, qeyri-ərzaq malları üzrə 6,5 faiz artıb", - DSK əlavə edir.

Artan xərclər arasında əczaçılıq məhsulları və tibbi ləvazimatlar xüsusi diqqət çəkir. DSK-nin açıqlamasına görə, 289.7 milyon manat təşkil edib. Bu da bu ilin iki ayında ötən ilin analoji dövrü ilə müqayisədə belə xərclərin 60 milyon manata yaxın artdığını göstərir.

Ekspertlər vurğulayırlar ki, son bir ildə Azərbaycanda dərmanların qiymətində ciddi artım var. Onlar vurğulayırlar ki, Azərbaycanda bəzi dərmanlar qonşu ölkələrlə müqayisədə qat-qat baha olur. Bunu da onlar ölkədə dərmanların qiymətinin rəsmən tənzimlənən olması və bu biznesin monopoliyada saxlanması ilə izah edirlər.

DSK-nın məlumatına görə, son bir ildə ölkədə inflyasiya 5.7 faiz təşkil edib. Amma əczaçılıq məhsulları və tibbi ləvazimatlara aid xərclərin illik müqayisəsi göstərir ki, həmin sahədə 25 faizdən çox artım var.