Logo
news content
User
Kateqoriyalar

Xəbər

Avropa Hörmüz boğazına hərbi dəniz missiyası göndərməkdən imtina etdi

Avropa İttifaqına (Aİ) üzv ölkələr özlərinin "Aspides" hərbi-dəniz missiyasının mandatını genişləndirməyi və Hörmüz boğazından keçən gəmiçiliyi dəstəkləmək üçün ora gəmilər göndərməyi zəruri hesab etməyiblər.

Bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Xarici İşlər Şurasının yekunlarına dair mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, iclasda Aİ-nin xarici işlər nazirləri Fars körfəzi regionunda, xüsusən İran tərəfindən bloklanmış Hörmüz boğazında gəmiçiliyin daha səmərəli qorunması variantlarını müzakirə ediblər.

Kallas Şuranın iclası başlamazdan əvvəl bildirib ki, "Aspides" hərbi-dəniz əməliyyatının mandatının genişləndirilməsi və Hörmüz boğazından keçən gəmiçiliyi dəstəkləmək üçün onun gəmilərinin göndərilməsi təklif edilmişdi.

"Müzakirələrimiz zamanı bu əməliyyatı gücləndirmək üçün aydın istək səsləndi. Lakin hazırda "Aspides" əməliyyatının mandatını dəyişdirmək istəyi yoxdur. Nazirlərin fikrincə, Hörmüz boğazının diqqət mərkəzində olmasına baxmayaraq, Qırmızı dəniz də kritik dərəcədə vacib olaraq qalır", - Kallas deyib.

O, qeyd edib ki, Aİ nümayəndələrinin əksəriyyəti özlərinin başlamadığı müharibəyə müdaxilə etmək istəmirlər.

Böyük Britaniyanın Baş naziri Kir Starmer də mətbuat konfransında Hörmüz boğazının açılması əməliyyatının NATO çərçivəsində həyata keçirilməyəcəyini bildirib.

"Biz Hörmüz boğazının blokadadan çıxarılması istiqamətində digər ölkələrlə işləyirik. İcazə verin aydınlıq gətirim: bunun NATO missiyası çərçivəsində ediləcəyi heç vaxt nəzərdə tutulmayıb. Bu, tərəfdaşlar alyansı olmalıdır. Buna görə də biz həm Avropada, həm də Fars körfəzi ölkələrindəki tərəfdaşlarla və ABŞ ilə işləyirik", - o deyib.