Filippində 8 bal gücündə zəlzələ: ölənlər var
08 İyun 2026
Filippinin cənubunda baş verən 7,8 bal gücündə zəlzələ nəticəsində üç nəfər ölüb, dörd şəxs yaralanıb.
Bu barədə Filippin Milli Polisi məlumat verib.
Qeyd olunub ki, Mindanaonun şimal və mərkəzi hissəsində məktəblər, xəstəxanalar və evlər də daxil olmaqla, ümumilikdə 37 binaya ziyan dəyib.
"Təsirə məruz qalan ərazilərdə polis yardım göstərmək üçün səfərbər edilib və ziyanın qiymətləndirilməsi davam edir", - deyə açıqlamada bildirilir.
Filippin Prezidenti Ferdinand Markos, cənub sahillərində zəlzələnin baş verdiyi Mindanao adasının bir neçə bölgəsində məktəblərdə dərslərin dayandırılmasını əmr edib.
05:35
Filippin sahillərində 8,1 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib.
Zəlzələnin episentri təxminən 697.000 əhalisi olan General-Santos şəhərindən 51 km şimalda, ocağı 10 km dərinlikdə yerləşib.
Filippin Mülki Aviasiya İdarəsi (CAAP) zəlzələ və sunami xəbərdarlığı səbəbindən General Santos hava limanının fəaliyyətini müvəqqəti olaraq dayandırıldığını açıqlayıb.
Ölkə Prezidenti Ferdinand Markos yeraltı təkanlardan sonra Mindanaonun bəzi ərazilərində dərslərin dayandırılmasını əmr edib. Dövlət başçısı dövlət qurumlarına fəlakətlərin nəticələrinin aradan qaldırılması səylərini əlaqələndirməyi, humanitar yardımın göstərilməsini və təxliyə mərkəzlərinin fəaliyyətini təmin etməyi tapşırıb. Yerli hakimiyyət orqanları zəlzələ nəticəsində hər hansı bir xəsarət və ya mümkün tələfat barədə məlumat verməyib.
Zəlzələdən sonra 1 metrə qədər sunami xəbərdarlığı verilən Yaponiyanın bir neçə bölgəsindəki sahil ərazilərində yaşayan on minlərlə sakinə ərazidən təxliyə edilmələri tövsiyə edilib.
Bundan əvvəl Yaponiyanın Milli Meteorologiya Agentliyi cənub-qərbi Okinava prefekturasının adaları, Kyusu və Sikoku adaları, eləcə də Honsyu adasının Sakit okean sahili və İbaraki prefekturasına qədər sunami xəbərdarlığı etmişdi.