Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ-dən deportasiya olunan rusiyalıları hərbi komissarlığa çağırıblar

Dekabrın 9-na keçən gecə ABŞ-dən deportasiya olunmuş Rusiya vətəndaşlarını daşıyan təyyarə Moskvaya enib. Xəbəri "Agentstvo" nəşri "Russian America for Democracy in Russia" təşkilatının rəhbəri Dmitri Valuyevə istinadla yayıb. Qahirədən gələn reys son bir ildə sayca üçüncüdür.

Valuyevin dediyinə görə, ABŞ-dən deportasiya olunan rusiyalılara təyyarədən düşən kimi hərbi komissarlığa çağırış vərəqələri verilib. Bu sənədlərin onların hərbi qeydiyyata alınması ilə bağlı olduğu güman edilir. Hələlik, Moskvaya enişdən sonra kiminsə saxlanması barədə bilgi yoxdur.

Rusiyalıları xüsusi reyslə Arizonadan Qahirəyə aparıblar. Valuyev "Agentstvo"ya deyib ki, Misir paytaxtında deportasiya edilən şəxslərə telefon, digər əşyalar verilib, onları Moskva reysinə müşayiət ediblər.

"Agentstvo" ABŞ-dən Rusiyaya bundan öncə iyun və avqustda iki kütləvi deportasiyanın gerçəkləşdirildiyini, bundan əlavə insanların fərdi qaydada da ekstradisiya olunduğunu yazır.

Rusiyalı müxalifətçilərin Kanadaya müraciəti

Donald Tramp administrasiyası hakimiyyətə gələndən ABŞ-də qeyri-qanuni miqrantlar və sığınacaq müraciəti təmin olunmayanlar daha intensiv deportasiya olunurlar. Bu, Rusiya vətəndaşlarına da aiddir.

Sentyabrda rusiyalı müxalifətçilər Vladimir Kara-Murza, Yuliya Navalnayaİlya Yaşin Kanadanın baş naziri Mark Karniyə müraciət ediblər. Onlar ABŞ-dən deportasiya təhlükəsi ilə üzləşən Rusiya vətəndaşlarını qəbul etməyə çağırıblar.

"Putin həbsxanalarından qaçan bir çox həmvətənlərimiz Amerika miqrasiya həbsxanalarında qalıblar", – Yaşin yazırdı.

"İnsanları Amerikadan sadəcə deportasiya edirlər. Bu, böyük risklər yaradır, bəzən taleləri məhv edir", – müxalifətçi qeyd edir. O, deportasiyadan sonra Rusiyada həbs olunan müxalifətçi Leonid Melyoxinin işini xatırladıb. Sosial şəbəkələrdə ABŞ-dən Rusiyaya deportasiya olunan fəal Aleksandr Qudun məsələsi də geniş müzakirə olunub. O, İstanbulda tranzit zamanı başqa təyyarəyə minib üçüncü ölkəyə uça bilib.