“Uçan bədheybət”, qafqazlı zabitin qaçışı, Amerikanın ölümcül qorxusu
Baş leytenant Belenko SSRİ-dən niyə və necə qaçmışdı?
19 Dekabr 2025
1976-cı il sentyabrın 6-da Yaponiyanın şimaldakı Hokkaydo adasında yerləşən Hakodate şəhəri yaxınlığında buludların arasından bir təyyarə peyda olur. Bu, iki mühərrikli reaktiv təyyarə idi, lakin Hakodatenin adət etdiyi qısa məsafəli sərnişin laynerlərinə bənzəmirdi. Bu nəhəng, boz rəngli maşının üzərində Sovet İttifaqının qırmızı ulduzları vardı. Qərbdə indiyədək heç kim belə bir təyyarə görməmişdi.
Təyyarə Hakodate hava limanının beton-asfalt uçuş zolağına enir. Lakin zolaq kifayət qədər uzun deyil. Təyyarə yüzlərlə metr torpağı şumlayaraq yalnız hava limanının lap sonunda dayanır.
Pilot kabinədən çıxır və tapançasından iki xəbərdarlıq atəşi açır – hava limanının yanındakı yoldan ötən avtomobil sürücüləri bu qəribə mənzərəni şəkillərə çəkirdilər. Terminaldan maşınla gələn hava limanı rəsmilərinin ona çatması bir neçə dəqiqə çəkir. Elə həmin anda 29 yaşlı pilot, SSRİ Hava Hücumundan Müdafiə qüvvələrinin baş leytenantı Viktor İvanoviç Belenko Qərbə qaçmaq istədiyini bildirir.
Bu, adi bir qaçış deyildi. Belenko nə səfirliyə sığınmışdı, nə də xarici limana səfər zamanı gəmini tərk etmişdi. Təxminən 400 mil uçduğu və indi Yaponiyanın əyalət aerodromunun zolağından kənarda qalan təyyarə Mikoyan-Qureviç MiQ-25 idi. Bu, Sovet İttifaqının indiyə qədər yaratdığı ən məxfi təyyarə sayılırdı. Ən azı, Belenkonun enişinə qədər.

Qərb sonralar MiQ-25 kimi tanınacaq təyyarənin varlığından ilk dəfə təxminən 1970-ci ildə xəbər tutdu. Sovet aerodromlarını izləyən casus peykləri gizli şəkildə sınaqdan keçirilən yeni tip uçuş aparatları qeydə aldılar. Onlar nəhəng qırıcıları xatırladırdı və Qərb hərbçilərini xüsusilə bir detal narahat edirdi: bu təyyarələrin çox böyük qanadları vardı.
Böyük qanad sahəsi qırıcı təyyarə üçün çox faydalıdır – o, qaldırıcı qüvvəni artırır, həm də çəkini qanad boyunca daha bərabər paylayır ki, bu da təyyarəni daha çevik və dönməsini asan edir. Yeni sovet reaktiv təyyarəsi isə bu xüsusiyyəti nəhəng mühərrik cütü ilə birləşdirirdi. Görəsən, nə qədər sürətli idi? ABŞ Hərbi Hava Qüvvələrində və ya digər ordularda ona çata biləcək bir şey var idimi?
Yaxın Şərqdə də bəzi müşahidələr olmuşdu. 1971-ci ilin martında İsrail 3,2 Max sürətinə – səs sürətindən üç dəfədən çox – çatan və 63 min fut (təxminən 20 kilometr) hündürlüyə qalxan qəribə bir təyyarə qeydə aldı. İsraillilər və ABŞ kəşfiyyat məsləhətçiləri indiyə qədər belə bir şey görməmişdilər. Bir neçə gün sonra ikinci dəfə müşahidə olundu və İsrail qırıcıları bu təyyarəni ələ keçirmək üçün havaya qalxdılar, lakin ona heç yaxınlaşa bilmədilər.
Noyabr ayında israillilər bu sirli “qonaqlardan” birinə pusqu qurdular və 9 min metr hündürlükdən bir neçə raket atdılar. Bu, mənasız bir cəhd idi. Tanınmayan hədəf səs sürətindən təxminən üç dəfə artıq sürətlə yanlarından şığıyıb keçdi – raketlər partlayanda təyyarə artıq təhlükə zonasından çıxmışdı.
Pentaqon faktları tutuşdurdu və bunu Soyuq müharibə dövrünün böhranı kimi qiymətləndirdi. Onlar hesab edirdilər ki, bu təyyarə peyk şəkillərində görünənlə eyndir. Qəflətən qarşılarında belə bir perspektiv açıldı: sürətinə və manevr bacarığına görə ABŞ-ın istənilən təyyarəsindən üstün olan sovet qırıcısının mövcudluğu.
“Flightglobal” nəşrinin ABŞ üzrə redaktoru Stiven Trimblin sözlərinə görə, bu, hərbçilərin yanlış interpretasiyasının klassik nümunəsi idi: “Onlar sırf zahiri görünüşünə – qanadların ölçüsünə və hava qəbukedicilərinin nəhəngliyinə - əsaslanaraq təyyarənin imkanlarını gerçəkdə olduğundan yüksək qiymətləndirmişdilər”.
“Onlar onun çox sürətli olacağını bilirdilər və eyni zamanda yüksək manevrli olduğunu düşünürdülər. Birincidə haqlı idilər, ikincidə isə o qədər də yox”.
ABŞ peyklərinin gördüyü və İsrail radarlarının izlədiyi obyektlər eyni təyyarənin – MiQ-25-in müxtəlif modifikasiyaları idi. Bu təyyarə 1960-cı illərdə ABŞ-ın silahlanmaya qəbul etməyə hazırlaşdığı bir sıra uçuş aparatlarına cavab olaraq yaradılmışdı – F-108 qırıcısından tutmuş SR-71 kəşfiyyat təyyarəsinə və nəhəng B-70 bombardmançısına qədər. Bu təyyarələrin hamısını bir xüsusiyyət birləşdirirdi: onlar səs sürətindən üç dəfə artıq sürətlə uçurdular.
1950-ci illərdə sovetlər aviasiyada baş verən sıçrayış xarakterli irəliləyişdən əsasən geri qalmırdılar. Onların, demək olar ki, Amerika B-52-si qədər sürətli və hündürdə uça bilən bombardmançıları vardı. Böyük hissəsi MiQ konstruktor bürosu tərəfindən hazırlanan qırıcı təyyarələri Amerika analoqları ilə rəqabət aparırdı, hərçənd radar və digər elektronikası elə də təkmil deyildi.
Lakin bir təyyarəni 2Max sürətindən 3Max-a çıxarmaq üçün lazım olan texnoloji sıçrayış son dərəcə çətin idi. Sovet konstruktorları da məhz bunu etməli idilər, özü də mümkün qədər tez.
MiQ-in parlaq konstruktoru Rostislav Belyakovun rəhbərliyi altında qrup işə başladı. Bu qədər yüksək sürətlə uçmaq üçün yeni qırıcıya nəhəng dartı qüvvəsi yaradan mühərriklər lazım idi. SSRİ-nin aparıcı mühərrik konstruktoru Tumanski artıq bu işin öhdəsindən gələ biləcəyi düşünülən bir mühərrik – əvvəlcə yüksək hündürlükdə uçan qanadlı raket layihəsi üçün nəzərdə tutulmuş R-15 turboreaktiv mühərrikini hazırlamışdı. Yeni MiQ-ə bunlardan ikisi lazım idi və hər biri 11 ton dartı qüvvəsi verə bilirdi.
Bu qədər yüksək sürətlə uçmaq təyyarənin hava molekullarını “yarıb” keçməsi nəticəsində nəhəng sürtünmə istiliyi yaradır. “Lockheed SR-71 “Blackbird”i hazırlayarkən titandan istifadə etmişdilər; titan bu cür ekstremal istiliyə davam gətirə bilirdi. Lakin titan bahadır və onunla işləmək çətindir. MiQ isə başqa yol seçdi – polad. Və çoxlu polad. MiQ-25 əl ilə qaynaq edilərək yığılmışdı.
Yalnız MiQ-25-in yanında dayandıqda – bu təyyarələrdən bir neçəsi indi Rusiyanın hərbi muzeylərində, çəmənlikdə “təqaüd” həyatı yaşayır – görülən işin nə qədər çətin olduğunu tam dərk etmək olur. MiQ-25 nəhəngdir. Uzunluğu 64 fut (19,5 m) olan bu təyyarə İkinci Dünya müharibəsi dövrünün “Lancaster” bombardmançısından cəmi bir neçə fut qısadır. Korpus bu qədər böyük olmalı idi ki, mühərrikləri və onları işlətmək üçün lazım olan nəhəng yanacaq ehtiyatını yerləşdirmək mümkün olsun. Trimblin sözlərinə görə, “MiQ-25 təxminən 30 min funt (13 600 kq) yanacaq daşıya bilirdi.”
Ağır polad füzelyaj MiQ-25-in bu qədər böyük qanadlara malik olmasının əsas səbəbi idi – ABŞ qırıcıları ilə hava döyüşünə girmək üçün yox, sadəcə havada qala bilmək üçün.
MiQ-lər qalxaraq 2,5Maxa qədər sürət yığmaq üçün nəzərdə tutulmuşdu və yaxınlaşan hədəflərə yerüstü, iri radarlar vasitəsilə yönləndirilirdi. Hədəfə 80 km-dən az qaldıqda, bortdakı radarlar işi öz üzərinə götürür, bundan sonra isə raketlər buraxılırdı. Təyyarənin nəhəng ölçülərinə uyğun olaraq bu raketlərin uzunluğu təxminən 6 m idi.
ABŞ-ın “Blackbird”inə cavab olaraq MiQ həm də silahsız, lakin kamera və digər sensorlarla təchiz edilmiş kəşfiyyat variantı hazırlamışdı. Raketlər və yönləndirici radar olmadığına görə bu versiya daha yüngül idi və 3,2Max sürətinə qədər uça bilirdi. 1971-ci ildə İsrailin müşahidə etdiyi məhz bu variant idi.
Lakin 1970-ci illərin əvvəllərində ABŞ-da müdafiə sahəsinin rəhbərləri MiQ-in nəyə qadir olduğunu bilmirdilər, hərçənd, ona “Foxbat” kod adı vermişdilər. Onlar bu təyyarəni yalnız kosmosdan çəkilmiş bulanıq fotolardan və Aralıq dənizi üzərində radar ekranlarında görünən işarələrdən tanıyırdılar. Hansısa yolla bir MiQ-i ələ keçirmək mümkün olmasaydı, o, sirli təhlükə olaraq qalacaqdı.
Məyus sovet qırıcı pilotlarından biri öz planını qurana qədər belə davam etdi.
Viktor Belenko nümunəvi sovet vətəndaşı idi. O, İkinci Dünya müharibəsindən az sonra Şimali Qafqazda anadan olmuşdu. Hərbi xidmətə qəbul edilmiş, qırıcı pilotu ixtisası almışdı – bu isə orta statistik sovet vətəndaşı ilə müqayisədə müəyyən imtiyazlar verirdi.

Amma Belenko məyus idi. Bir uşağı olan pilot boşanma ərəfəsində idi. Onda sovet cəmiyyətinin mahiyyəti barədə və Amerikanın kommunist rejimin təsvir etdiyi qədər “şər” olub-olmaması haqqında suallar yarandı. “O vaxt sovet təbliğatı sizi tamamilə pozulmuş, çürüyüb dağılan cəmiyyət kimi təqdim edirdi,” – Belenko 1996-cı ildə “Full Context” jurnalına deyirdi – “Amma mənim beynimdə suallar yaranmışdı”.
Belenko anladı ki, təlim keçdiyi nəhəng yeni qırıcı onun qaçışı üçün açar ola bilər. O, Uzaq Şərqdə, Vladivostok şəhəri yaxınlığında yerləşən Primorski diyarındakı Çuquyevka aviabazasında xidmət edirdi. Yaponiya cəmi 644 km məsafədə idi. Yeni MiQ sürətli və yüksəkdən uça bilirdi, lakin iki nəhəng, acgöz mühərriki üzündən uzağa uça bilməzdi, hər halda, ABŞ aviabazasında enəcək qədər uzağa.
Sentyabrın 6-da Belenko digər pilotlarla birlikdə təlim uçuşuna qalxdı. MiQ-lərin heç biri silahlı deyildi. O, artıq təxmini marşrutu planlaşdırmışdı və yanacaq çənləri ağzına qədər dolu idi. O, cərgədən çıxdı və bir neçə dəqiqə sonra dalğaların üzərində Yaponiyaya uçurdu.
Həm sovet, həm də yapon hərbi radarlarının görməməsi üçün Belenko çox alçaqdan – dəniz səviyyəsindən təxminən 100 fut (30 m) hündürlükdə uçmalı idi. Yaponiya hava məkanına kifayət qədər çox daxil olduqdan sonra o, MiQ-i 6 000 m hündürlüyə qaldırdı ki, yapon radarları onu aşkar etsin. Təəccüblənmiş yaponlar bu naməlum təyyarə ilə əlaqə yaratmağa çalışdılar, lakin Belenkonun radiosu düzgün tezliyə köklənməmişdi. Yapon qırıcıları havaya qaldırıldı, amma Belenko o vaxta qədər Byenidən sıx bulud örtüyünün altına endi. O, yapon radarlarının ekranından yoxa çıxdı.
Bütün bu müddət ərzində sovet pilotu təxminlərə əsasən, qalxmazdan əvvəl öyrəndiyi xəritələri xatırlayaraq uçurdu. Belenko təyyarəsini Çitose aviabazasına endirməyi planlaşdırmışdı, lakin yanacağın çatmaması onu ən yaxın hava limanına enməyə məcbur etdi. Bu isə, indi bildiyimiz kimi, Hakodate idi.
Yaponlar nə ilə üz-üzə qaldıqlarını yalnız MiQ-in gözlənilməz enişindən sonra tam anladılar. Birdən-birə əllərində həm qaçqın bir pilot, həm də indiyədək Qərb kəşfiyyatından yayınan bir qırıcı var idi. Hakodate hava limanı isə qəflətən casus fəaliyyətinin mərkəzinə çevrildi. CIA öz xoşbəxtliyinə inana bilmirdi.
MiQ yaxınlıqdakı aviabazaya aparıldıqdan sonra hərtərəfli şəkildə araşdırıldı. “MiQ-250-i söküb bir neçə həftə ərzində hissə-hissə baxandan sonra onlar bu təyyarənin nəyə qadir olduğunu dəqiq anladılar,” – deyə Trimbl bildirir.
Smitson İnstitutunun aviasiya üzrə kuratoru Rocer Konnor deyir ki, sovetlər Pentaqonun qorxduğu “super-qırıcı”nı yox, çox konkret bir tapşırıq üçün yaradılmış, çevik olmayan bir təyyarə hazırlamışdılar. “MiQ-25 o qədər də faydalı döyüş təyyarəsi deyildi,” – Konnor deyir. – “Bahalı və yekəpər idi, döyüşdə effektliyi yox idi”.
Başqa problemlər də vardı. 3Max sürətində uçuş mühərriklər üzərinə nəhəng təzyiq yaradırdı. “Lockheed” şirkəti özünün SR-71-də bu problemi mühərriklərin ön hissəsinə konuslar yerləşdirməklə həll etmişdi; bu konuslar havanı kifayət qədər yavaşıdırdı ki, mühərrikin hissələrinə zərər verməsin. Sonra isə hava, mühərrikin arxa hissəsindən sıxışdırılaraq çıxarılır və dartı qüvvəsi artırdı.
MiQ-in turboreaktiv mühərrikləri yanacağın yandırmaq üçün havanı soraraq dartı qüvvəsi yaradırdı. Lakin 3200 km/saat-dan yuxarı sürətlərdə problemlər başlayırdı. Havanın dəhşətli gücü yanacaq nasoslarını sıradan çıxara, mühərrikə getdikcə daha çox yanacaq dolmasına səbəb ola bilərdi. Eyni zamanda kompressorların yaratdığı güc o qədər böyük olurdu ki, mühərrikin öz hissələrini sovurmağa başlayırdı. MiQ sanki öz-özünü “yeməyə” başlayırdı.
MiQ-25 pilotlarına qəti tapşırılmışdı ki, 2,8Max sürətini keçməsinlər; 1971-ci ildə İsrailin 3.2Max sürətlə izlədiyi MiQ, demək olar ki, mühərriklərini məhv etmişdi və möcüzə sayəsində bazaya qayıtmışdı.
MiQ-25-in yaratdığı qorxu ABŞ-ı yeni, böyük bir aviasiya layihəsinə başlamağa vadar etdi – bu layihə guya MiQ-25 həm sürətli, həm də yüksək manevrli olması nəzərdə tutulan F-15 “Eagle” qırıcısının yaranmasına yol açdı. Qırx il sonra belə F-15 hələ də xidmətdədir.
Geriyə baxdıqda demək olar ki, Qərbin bu qədər qorxduğu MiQ əslində “kağız pələng” imiş. Onun nəhəng radarı ABŞ modellərindən illərlə geri qalırdı, çünki tranzistorlar əvəzinə köhnəlmiş vakuum lampalardan istifadə edirdi (bununla belə, bu texnologiya onu nüvə partlayışlarında yaranan elektromaqnit impulslara qarşı dözümlü edirdi). Nəhəng mühərriklər o qədər çox yanacaq tələb edirdi ki, MiQ-in uçuş məsafəsi heyrətamiz dərəcədə qısa idi. O, tez havaya qalxa, düz xətt üzrə çox sürətlə uça, raket buraxa və ya şəkillər çəkə bilirdi. Vəssalam.
Belenkonun uçub gəldiyi MiQ-25 qırıcısı qismən yenidən yığıldı və sonra da SSRİ-yə qaytarılmaq üçün gəmiyə yükləndi. Yaponlar daşınma xərclərinə və Belenkonun Hakodate hava limanında vurduğu ziyana görə sovetlərə 40 min dollarlıq hesab təqdim etdilər.
Tezliklə aydın oldu ki, qorxu təlqin edən MiQ-25 ABŞ-ın SR-71 hərbi təyyarəsini ələ keçirə bilmir, halbuki onunla mübarizə üçün yaradılmışdı.
“MiQ ilə SR-71 arasındakı əsas fərq ondadır ki, SR-71 təkcə sürətli deyil, o, həm də marafon qaçır, – Konnor izah edir. – “MiQ isə sprint qaçır. Bu, Useyn Bolt kimidir, amma elə Useyn Boltdur ki, marafonçudan ləng qaçır”.
Bu məhdudiyyətlər 1200-dən çox MiQ-25 istehsal edilməsinə mane olmadı. “Foxbat” sovetlərin dəstəklədiyi hava qüvvələri üçün prestijli təyyarəyə çevrildi; onlar Yer üzündə ikinci ən sürətli təyyarəyə sahib olmağın təbliğat dəyərini yüksək qiymətləndirirdilər. Əlcəzair və Suriyanın bu təyyarələrdən hələ də istifadə etdiyi güman edilir. Hindistan isə kəşfiyyat modelindən 25 il ərzində böyük uğurla yararlandı; yalnız ehtiyat hissələrinin çatışmazlığı səbəbindən 2006-cı ildə istismardan çıxarıldı.
Trimblin sözlərinə görə, MiQ-25-in yaratdığı qorxu onun ən təsirli effekti idi. “1976-cı ilə qədər [ABŞ] onun SR-71-i ələ keçirməyə qadir olmadığını bilmirdi və bu, həmin dövr ərzində amerikalıları sovet hava məkanından uzaq saxladı”.
Belenkonun özü isə sökülmüş qırıcısı ilə birlikdə SSRİ-yə qayıtmadı. Geniş rezonans doğurmuş qaçaq pilota ABŞ-a köçməyə icazə verildi; onun ABŞ vətəndaşlığı şəxsən prezident Cimmi Karter tərəfindən təsdiqləndi. Belenko sonradan mühəndis-aviakonstruktor oldu və ABŞ Hərbi Hava Qüvvələrinə məsləhətçi kimi çalışdı.
Onun hərbi vəsiqəsi və Yapon dənizi üzərində uçarkən dizüstü lövhədə tələsik etdiyi qeydlər hazırda Vaşinqtondakı CIA muzeyində nümayiş olunur.
Viktor Belenko 2023-cü il sentyabrın 24-də İllinoys ştatında vəfat etdi.
Hazırladı: Yadigar Sadıqlı
Mənbə: Burada