Logo
news content
User
Kateqoriyalar

Araşdırma

Qafqazın böyük problemi – Su süzgəcindəki taleyimiz
II hissə. Azərbaycanın “su diplomatiyası” problemin kəskinliyini azalda bilərmi?

Məqalənin birinci hissəsi

Azərbaycanın hidroqrafiyasının əsas xüsusiyyətlərindən biri ondan ibarətdir ki, ölkəni qidalandıran Araz çayının bəzi qolları Ermənistan ərazisində formalaşır. Onların sırasında Arpaçay, Bərgüşadçay, eləcə də çoxsaylı kiçik çaylar var. Məhz bu sahədə həm kəmiyyət, həm də keyfiyyət problemlərinin birləşməsi ən qabarıq şəkildə özünü göstərir.

Kəmiyyət baxımından azalma tendensiyası müşahidə olunur. Bu da həm iqlim amilləri, həm də Ermənistan ərazisində həyata keçirilən su götürmələri ilə bağlıdır. Mövsümi maksimal axınlar zəifləyir, azsulu dövrlər isə daha uzunmüddətli xarakter alır. Keyfiyyət aspektində isə vəziyyət daha mürəkkəbdir: Ermənistandakı dağ-mədən müəssisələri ağır metallar və kimyəvi çirkləndiricilərin əsas mənbələrindən biri hesab olunur. Bu maddələr transsərhəd çaylara daxil olaraq daha sonra Azərbaycan ərazisinə ötürülür. Ekoloji yükün artması su stressini gücləndirir, içməli və kənd təsərrüfatı məqsədləri üçün suyun əlavə təmizlənmə olmadan istifadəsini məhdudlaşdırır.

İqlim modelləri və su balansı ssenariləri göstərir ki, 2030–2050-ci illər intervalında Kür və Araz hövzələri sistemli axın azalması ilə üzləşəcək. Müxtəlif hesablamalara görə, Kürün orta illik axını 15–25 faiz, Arazın orta illik axını isə 20–30 faiz azala bilər. Yay mövsümündə azsulu günlərin sayı 30–40 faiz artacaq, yaz pik axını isə həcminə görə əlavə 10–20 faiz azalacaq.

Bu tendensiyalar Türkiyə və Ermənistanın dağlıq ərazilərində – yəni axının formalaşdığı əsas zonalarda – temperaturun 1,5–2,0 °C artacağı və qar örtüyünün 35–45 faiz azalacağı ilə bağlı proqnozlarla üst-üstə düşür. Bu, bütövlükdə transsərhəd suların regional sabitliyin əsas amillərindən birinə çevriləcəyi ssenarini formalaşdırır. Suyun birgə idarə olunması üzrə çoxtərəfli mexanizmlər yaradılmadığı təqdirdə Cənubi Qafqaz resurslar uğrunda artan rəqabət, suyun keyfiyyətinin pisləşməsi, miqrasiya proseslərinin güclənməsi və ərzaq təhlükəsizliyinin zəifləməsi ilə üzləşə bilər.

Bu isə o deməkdir ki, su məsələsi artıq texniki və infrastruktur çərçivəsindən çıxaraq geosiyasi məzmun qazanır, su diplomatiyası isə münaqişələrin qarşısının alınması və iqtisadi əməkdaşlığın təşviqi baxımından potensial alətlərdən birinə çevrilir.

Məlum olduğu kimi, su diplomatiyası beynəlxalq siyasətin və dövlətlərarası münasibətlərin transsərhəd su ehtiyatlarının (çayların, göllərin, yeraltı su hövzələrinin) idarə olunması, bölüşdürülməsi və mühafizəsi, eləcə də su ilə bağlı münaqişələrin qarşısının alınması ilə məşğul olan istiqamətidir.

Sadə dillə desək, su diplomatiyası eyni çayı və ya hövzəni bölüşən ölkələrin qarşıdurmaya getmədən suyun birgə idarə olunması barədə razılığa gəlməsi üçün diplomatik alətlərdən istifadə etməsidir.

Lakin Cənubi Qafqazın üç müstəqil dövlətinin mövcud olduğu bütün dövr ərzində su ehtiyatlarının idarə olunması üzrə tamhüquqlu çoxtərəfli arxitektura formalaşdırılmayıb. Mövcud razılaşmalar əsasən ikitərəfli və fraqmentar xarakter daşıyıb, bir sıra sənədlər isə hələ sovet dövründən qüvvədə qalır. Yeni reallıqlar fonunda bu vəziyyət həm risklər, həm də imkanlar yaradır.

Risklər ondan ibarətdir ki, xüsusilə də azsulu dövrlərdə mövsümi su resursları uğrunda rəqabət, daha da kəskinləşə bilər. İmkanlar isə ondan ibarətdir ki, su idarəçiliyinə olan tələblər tərəfləri qarşıdurmadan koordinasiyaya keçməyə vadar edir. Çünki su təhlükəsizliyi birtərəfli qaydada təmin oluna bilməz.

Qarabağ münaqişəsinin başa çatmasından sonra formalaşan yeni siyasi landşaft başlanğıc şərtləri köklü şəkildə dəyişir. Azərbaycan və Ermənistan uzun illərdən sonra ilk dəfədir yalnız təhlükəsizlik məsələlərini deyil, həm də əməkdaşlığın funksional istiqamətlərini – o cümlədən su infrastrukturunu, hidroloji postların bərpasını, axımın monitorinqini və sərhədyanı rayonlarda birgə layihələri müzakirə etmək imkanı əldə edirlər. Sərhədlərin delimitasiyası və sabit kommunikasiya kanallarının formalaşması “böhran diplomatiyası”ndan “ümumi resursların idarə olunması” siyasətinə keçid üçün zəmin yaradır. Su diplomatiyası sülh prosesinin ilk praktik ölçülərindən birinə çevrilə bilər.

Birgə hidroloji məlumat bazası, vahid müşahidə standartları, Araz çayı üzrə su götürülməsinin koordinasiyası və irriqasiya layihələri postmünaqişə tənzimlənməsi üçün mühüm olan yeni etimad infrastrukturunu formalaşdıra bilər.

Regional su layihələrinə digər iştirakçıların – Gürcüstan, Türkiyə və İranın da cəlb edilməsi mümkündür.

Kür–Araz hövzəsinin idarə olunması üzrə çoxtərəfli formatın yaradılması perspektivi xüsusi diqqət yetirilməli olan istiqamətlərdən biridir. Bu, Dunay Komissiyası və ya Mərkəzi Asiya Beynəlxalq Su Komissiyası modelinə bənzər mexanizm ola bilər. Hazırda bu ideya siyasi baxımdan mürəkkəb görünsə də, konseptual olaraq kifayət qədər realdır – xüsusən də, “siyasi blok” kimi deyil, texniki, ekoloji və elmi platforma kimi təqdim olunsa.

Başlanğıc addımlar kimi aşağıdakılar nəzərdən keçirilə bilər: açıq hidroloji məlumat mərkəzinin yaradılması; quraqlıqlarla mübarizə üzrə ümumi proqram; sərhədyanı irriqasiya infrastrukturunun bərpası layihələri; suyun keyfiyyəti üzrə vahid beynəlxalq standartların hazırlanması; Kür və Araz çaylarının mənbədən Xəzərə qədər ekoloji monitorinqi. Bu layihələr həm iştirakçı dövlətlərin öz vəsaitləri, həm də Dünya Bankı, Asiya İnkişaf Bankı və Qlobal Ekoloji Fond kimi beynəlxalq donorlar tərəfindən maliyyələşdirilə bilər.

Uzunmüddətli perspektivdə su diplomatiyası Cənubi Qafqazda regional inteqrasiyanın ən praqmatik istiqamətlərindən birinə çevrilə bilər. Çünki su siyasətlə əvəz edilə bilən resurs deyil. Su sərhəd tanımır və hər hansı birtərəfli addım (həddindən artıq su götürülməsi, çirkləndirmə və ya axım rejiminin dəyişdirilməsi) qaçılmaz olaraq transsərhəd nəticələr doğurur. Məhz buna görə də su sahəsində əməkdaşlıq xoş niyyət jesti deyil, zərurətə çevrilir. İqlim dəyişiklikləri təzyiqi artırdıqca, su ehtiyatlarının birgə idarə olunması təkcə ekoloji dayanıqlığın deyil, region ölkələrinin hər birinin milli təhlükəsizliyinin amilinə çevriləcək.

İlqar Vəlizadə