Logo
news content
User
Kateqoriyalar

Analitika

Vens Azərbaycan və Ermənistana 20 hərbi təyyarədə nə gətirib?
ABŞ vitse-prezidentinin müşayiəti sual doğurur: təhlükəsizlik, yoxsa...

ABŞ-ın vitse-prezidenti Cey Di Vensın səfəri ərəfəsində Azərbaycan və Ermənistana ABŞ Hərbi Hava Qüvvələrinə məxsus ən azı 20 hərbi-nəqliyyat təyyarəsi gəlib. Bu barədə Sputnik Ermənistan məlumat yayıb.

ABŞ-ın vitse-prezidenti 9–10 fevral tarixlərində Ermənistanda olub, 10 fevral tarixində Bakıya yollanıb.

Təyyarələrin əksəriyyəti İrəvan və Bakıya 4–8 fevral tarixləri arasında enib. Ermənistana 12 hərbi-nəqliyyat təyyarəsi gəlib, daha 9-u isə Azərbaycana yönəlib. Təyyarələr əsasən ABŞ bazalarından havaya qalxıb və Almaniyadakı “Ramştayn” aviabazasında yanacaq dolduraraq uçuşlarını davam etdiriblər. Demək olar ki, bütün reyslər 77,5 tona qədər yükdaşıma qabiliyyətinə malik Boeing C-17A Globemaster III ağır hərbi-nəqliyyat təyyarəsi ilə həyata keçirilib. Bundan əlavə, İrəvan və Bakıya ABŞ HHQ-nin xüsusi əməliyyat qüvvələri üçün nəzərdə tutulmuş Lockheed Martin MC-130J Commando II tipli ixtisaslaşmış təyyarələr də uçub. Daha iki reys isə Gürcüstana həyata keçirilib”, – məlumatda bildirilir.

Maraqlıdır, bütün bunlar nəyi ifadə edir? Bu kontekstdə hansı ehtimallar irəli sürülə bilər? Bu hərəkətlik ABŞ–İran münasibətlərindəki gərgin vəziyyətlə hansısa şəkildə əlaqəli ola bilərmi?

Mövzu ilə bağlı Pressklub.az-a danışan Azərbaycan Müdafiə Nazirliyinin informasiya-analitik idarəsinin sabiq əməkdaşı, hərbi ekspert Azad İsazadənin sözlərinə görə, təbii ki, heç kim bu sualların dəqiq cavabını bilmir.

Bunu dəqiqliklə ancaq informasiyası olan şəxslər bilə bilər. Biz isə yalnız ehtimallar irəli sürürük. Ağla gələn ilk versiya Cey Di Vensin təhlükəsizliyinin təmin edilməsidir və böyük ehtimalla müəyyən qədər real variantdır. ABŞ prezidentlərindən bizim regiona indiyədək yalnız kiçik Corc Buş gəlib. O, vaxtilə Saakaşvili dövründə Gürcüstanda olub. O zaman prezidentin təhlükəsizliyinin necə təmin edildiyini bilmək maraqlı olardı. Şübhəsiz ki, Vensin Rusiya ilə münasibətlərin qeyri-müəyyən olduğu və Rusiyanın Cənubi Qafqazda maraqlarının mövcud olduğu kifayət qədər mürəkkəb regiona səfəri gücləndirilmiş təhlükəsizlik tədbirləri tələb edir.

Amma başa düşməliyik ki, ABŞ HHQ-yə məxsus 20 hərbi-nəqliyyat təyyarəsi Vensin mühafizəsi üçün eyni zamanda həm çoxdur, həm də azdır. Məncə, çoxdur. Baxmayaraq ki, bu 20 təyyarə bir nöqtədə cəmlənməyib: bəziləri Azərbaycana, bəziləri Ermənistana, digərləri isə Gürcüstana uçub. Xarici, orta və daxili təhlükəsizlik dairələrinin yaradılması üçün regiona müxtəlif xüsusi təyinatlı qrupların (Delta, Alfa və s.) gəlməsi mümkündür, amma say yenə də bir qədər artıq görünür. Eyni zamanda, bu, hər hansı hərbi əməliyyat üçün kifayət deyil”, – ekspert bildirir. 

Onun sözlərinə görə, bu, əməliyyat üçün gətirilə bilinəcək çox kiçik hissədir.

Daha bir versiya da mümkündür: ABŞ silahlı qüvvələri və hərbi-dəniz qüvvələri faktiki olaraq İranı cənubdan əhatəyə alıblar. Şimalda isə bir növ “aldadıcı görüntü” yaradırlar. Bu, həmin təyyarələrin boş olduğu demək deyil. Lakin göstərilir ki, İran şimaldan da əhatəyə alınır: nəsə gətirilib, bəlkə də istifadə olunacaq və sair. Yəni bu, müəyyən mənada İran üçün mesajdır. ABŞ-ın hazırkı administrasiyası üçün belə nümayişkaranə, “şou” üslubunda addımlar xarakterikdir – həm qorxutmaq, həm də güc nümayiş etdirmək.

Daha bir variant var və bu ehtimalı da istisna etmək olmaz. Əgər İran ərazisində hər hansı əməliyyat həyata keçirilərsə, Cənubi Qafqaz ölkələri qaçqın axını ilə üzləşə bilər. Prinsipcə, bu sayda təyyarə qaçqın düşərgələrinin qurulması, çadır və digər ləvazimatın daşınması baxımından yetərli ola bilər. Biz indi sadəcə müxtəlif versiyaları nəzərdən keçiririk. Amma bu halda bir məqamı nəzərə almaq lazımdır: Türkiyəyə təyyarə ilə belə yükləri daşımağa ehtiyac olmaya bilər. Türkiyənin bu sahədə həm təcrübəsi, həm də kifayət qədər infrastrukturu var. Onlar vaxtilə Suriyadan 3 milyona yaxın qaçqın qəbul ediblər və düşərgələrin qurulması baxımından ciddi imkanlara malikdirlər.

Sadalanan üç versiyanın hər biri müəyyən dərəcədə real ola bilər və hazırkı şəraitdə istənilən ehtimalı tam istisna etmək düzgün olmazdı”, – İsazadə yekunlaşdırıb.

Rauf Orucov