Logo
news content
User
Kateqoriyalar

Analitika

Üçüncü Dünya müharibəsi başlayıb, yoxsa başlayacaq?
Dünya iki cəbhəyə bölünəcək, Azərbaycan neytral mövqe tutacaq

Serbiya Prezidenti Aleksandar Vuçiç bütün dünyanın müharibəyə hazırlaşdığı barədə xəbərdarlıq edib. Bu barədə Belqradın “Kurir” nəşri məlumat yayıb.

Bütün dünyada tam bir kollaps və xaos hökm sürür. Dünyada hər şey getdikcə daha da çətinləşəcək, bizdə də müəyyən məsələlər üzrə vəziyyət ağır olacaq. İnsanlar anlamalıdırlar: hamı müharibəyə hazırlaşır.
Əgər müharibəyə hazırlaşırlarsa, deməli, müharibə olacaq. Biz artıq bilirik ki, müharibə olacaq – mən də hər şeyin necə baş verdiyini, hamının necə hazırlaşdığını görürəm və bunu sizə deyirəm. Heç kim danışıqlara hazırlaşmır, hamı yalnız kim kimin tərəfində olacağına baxır. Hər kəs öz səngərini qazır və başlanğıcı gözləyir.
Hamı bilir ki, müharibə yaxınlaşır və sadəcə hazırlaşır”, – Vuçiç bildirib.

Beləliklə, Serbiya lideri dünyanın iki əsas düşərgəyə bölünəcəyini və faktiki olaraq Üçüncü Dünya müharibəsinin qaçılmaz olduğunu iddia edib. Bu, Avropada yerləşən dövlətin prezidentinin sözləridir və onları qulaq ardına vurmaq olmaz. Sual isə bütün bunların nə vaxt baş verə biləcəyindədir? Postsovet ölkələri hansı tərəfdə olacaqlar? Məsələn, Cənubi Qafqaz dövlətləri hansı mövqeni tutacaqlar?

Tanınmış xarici ekspertlər bu məsələ ilə bağlı Pressklub.az-a fikirlərini bildiriblər.

Jeşuv Universitetinin polyak analitiki, “Qafqaz: keçmiş, indi, gələcək” jurnalının baş redaktoru Dariuş Popek bildirib ki, Ukraynada və Qəzza zolağında davam edən müharibələr İkinci Dünya müharibəsindən əvvəlki hadisələri xatırladır, bu baxımdan bəzi ekspertlər Üçüncü Dünya müharibəsinin artıq başladığını düşünürlər.

Ancaq mənim fikrimcə, bu qənaət üçün hazırda əsas yoxdur. Daimi gərginlik, qarşıdurma, münaqişə və daxili və ya xarici düşmən axtarışı – avtoritar və populist hökumətlərin istifadə etdiyi bir modeldir. Onlar bunu ictimai diqqəti ölkədaxili problemlərdən yayındırmaq və öz hakimiyyətlərini qorumaq üçün edirlər. Belə vəziyyət uzun illərdir Rusiyada müşahidə olunur, hazırda isə İsraildə, ABŞ-da, Çində və bir çox başqa ölkələrdə eyni vəziyyətdir.
Dünya miqyasında müharibə aparmağa qadir yeganə ölkə ABŞ-dır. Onların kifayət qədər hərbi gücü, inkişaf etdirilə bilinəcək iqtisadi potensialı və geniş siyasi-iqtisadi əlaqələr şəbəkəsi (Aİ, Yaponiya, Cənubi Koreya, Kanada, Avstraliya və s.) var. Bu ölkələr bir qədər əvvəlki qeyri-sabitliyə baxmayaraq, qlobal böhran zamanı ABŞ-ın ətrafında birləşəcək və onun təsirini gücləndirəcəklər.
Lakin hazırda ABŞ-ın belə bir müharibə başlatmaq üçün motivi yoxdur. Mövcud prezidentin dövründə daha çox regional münaqişə ehtimalı var – məsələn, ABŞ-ın özünə təhlükə yaratmayan bir dövlətə, məsələn, Venesuelaya qarşı lokal müharibə aparması mümkündür.
ABŞ-da C.D. Vensin hakimiyyətə gəlməsi və daxili populist siyasət böhranı ilə vəziyyət dəyişə bilər. Bu, təxminən növbəti 5–10 il ərzində mümkündür. Amma o vaxta qədər ABŞ-ın bu imkanları qalacaqmı – bu, artıq başqa sualdır.
Əgər Çin bu gün Tayvana hücum etməyə qərar versə və Rusiyanı da münaqişəyə cəlb etməyə çalışsa, bu toqquşmanın qlobal müharibəyə çevrilməsi az ehtimal olunur. Belə dövr artıq başa çatıb. İndi biz yalnız regional səviyyəli müharibələrdən və ya nüvə müharibəsi nəticəsində tam məhvdən danışa bilərik.
Çin Tayvana hücum etsə və Rusiya Avropa cəbhəsində öz məqsədləri üçün aktivləşsə, bu qarşıdurmalar, çox güman ki, adi silahlarla, yəni nüvə silahı tətbiq edilmədən aparılacaq. Heç bir tərəfin qlobal məqsədi olmayacaq – hamının, o cümlədən ABŞ-ın da məqsədi regional xarakter daşıyacaq”, – analitik öz proqnozunu açıqlayıb.

Ekspertin fikrincə, belə bir ssenari həm siyasi, həm də iqtisadi baxımdan qlobal nəticələr doğuracaq. “Digər avtoritar və populist rejimlər bu münaqişəyə qoşulmayacaqlar, çünki məğlubiyyət riski böyükdür. Əksinə, neytrallıq onlara öz hakimiyyət sistemlərini qorumaq və hər iki tərəfdən iqtisadi və siyasi fayda əldə etmək imkanı verəcək. Bu yanaşma digər iri iqtisadiyyatlı olan ölkələrə (Hindistan, Pakistan, Braziliya, Meksika, Misir, CAR, İndoneziya) də aiddir – onlar vəziyyətdən öz maraqları üçün istifadə etməyə çalışacaqlar.
Amma belə görünür ki, Çin bu məqsədə çatmaq üçün hələ öz potensialını tam reallaşdırmayıb. O, Tayvana və Cənubi Çin dənizi regionundakı digər ölkələrə təzyiq göstərərək gərginlik yaradır, regionda mövqelərini möhkəmləndirməyə çalışır. Əgər siyasi və iqtisadi məqsədlərinə nail ola bilməsə, güc tətbiqinə əl ata bilər.
Qafqaz ölkələri isə iqtisadi və siyasi təsiri az olan oyunçular kimi bu mürəkkəb mənzərədə müxtəlif tərəflər arasında manevr etməyə çalışacaq, vəziyyətdən maksimum fayda götürməyə və öz hakimiyyət sistemlərini qorumağa cəhd göstərəcəklər. Hansı dövlət idarəçiliyi olmasından asılı olmayaraq, Qafqaz regionu ölkələri üçün hər bir qlobal böhran eyni zamanda həm təhlükə, həm də imkan deməkdir”, – Popek bildirib.

Siyasi şərhçi, tarix elmləri doktoru, professor Askar Cakişev (Bişkek) xatırladıb ki, Birinci dünya müharibəsinin başlanmasının formal səbəbi serb millətçilərinin 1914-cü ilin 28 iyununda Serbiyada Avstriya-Macarıstan imperiyasının vəliəhdi Frans Ferdinand və həyat yoldaşını öldürməsi olub.

Serbiyada tarixi yaddaş çox güclüdür. Buna görə də Serbiya prezidenti Aleksandar Vuçiçin yaxınlaşan fəlakət barədə açıq danışması təsadüfi deyil. O, bununla dünya ictimaiyyətinin diqqətini artan hərbi hazırlıqlara yönəltməyə çalışıb. Nəzərə alsaq ki, XX əsrdə hər iki dünya müharibəsi Avropada başlayıb, bu xəbərdarlıq olduqca simptomatikdir.
Serbiya prezidentinin sözlərini təsdiqləyən iki amil var. Birincisi – Qərb ölkələri, xüsusən NATO üzvləri Ukrayna-Rusiya münaqişəsinə o qədər dərin müdaxilə ediblər ki, artıq geri çəkilmək üçün uyğun çıxış yolu görmürlər.
İkincisi – bu gün Avropada hakim bürokratiya arasında gənc və təcrübəsiz nəsil kök salıb. Onlar öz hərəkətlərinin nəticələrini dərk etmir, müharibəni sanki isti kabinetlərdən baxmaq və idarə etməyin mümkün olduğu virtual oyun kimi qəbul edirlər”, – professor qeyd edib.

Cakişevin sözlərinə görə, qarşı duran tərəflər artıq döyüş hazırlığı vəziyyətindədirlər. “Zərbə hədəfləri müəyyənləşdirilib. Qərb siyasətçilərinin aqressiv və təxribat xarakterli bəyanatları gərginliyi artırır və bir anda tərəflərdən birinin səbir kasası daşaraq hadisələri nəzarətdən çıxara bilər. Bu səbəbdən, genişmiqyaslı müharibə istənilən an başlaya bilər.
Əgər belə bir müharibə başlayarsa, KTMT-yə üzv dövlətlər – Belarus istisna olmaqla – ilkin mərhələdə birbaşa döyüşlərə qatılmamağa çalışacaq, Rusiyaya maddi-texniki və humanitar dəstək göstərəcəklər.
Sonradan bu ölkələrdən hərbi mütəxəssislərin və könüllülərin göndərilməsi mümkündür.
Türkmənistan, Özbəkistan, Gürcüstan, Ermənistan və Azərbaycan isə neytral mövqe tutacaqlar”, – Cakişev proqnozlaşdırır.

Rauf Orucov