Bakı susmayacaq – Moskva səfirliyə raket zərbəsi ilə nə demək istəyir?
Ekspert: Azərbaycanın reaksiyası maraqlı və sərt idi
15 Noyabr 2025
Noyabrın 14-də Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Azərbaycan XİN-in məlumatına görə, rusiyalı diplomata nota təqdim edilib.
Görüş zamanı noyabrın 14-də gecə saat 01:00 radələrində Kiyevə endirilən raket və dron hücumları zamanı “İskəndər” tipli raketlərdən birinin Azərbaycan səfirliyin ərazisinə düşməsi ilə bağlı kəskin etiraz ifadə olunub.
Qeyd edilib ki, partlayış nəticəsində səfirliyin ərazisini əhatə edən hasarın bir hissəsi tamamilə dağılıb, konstruksiyalar, xidməti avtomobillər, inzibati bina və konsulluq şöbəsi zədələnib, diplomatik nümayəndəliyə ciddi ziyan dəyib. “Xoşbəxtlikdən, insan tələfatı baş verməyib”, – məlumatda deyilir.
Azərbaycan tərəfi görüş zamanı xatırladıb ki, beynəlxalq hüququn normalarına və prinsiplərinə zidd olan bu tip raket zərbələri bundan əvvəl də baş verib. Xüsusilə 2022-ci il 10 mart tarixində Xarkovda Azərbaycan Respublikasının Fəxri Konsulluğunun binasına aviazərbə nəticəsində inzibati binanın ciddi dağıntılara məruz qalması, xidməti avtomobilin yararsız hala düşməsi qeyd olunub.
2025-ci il avqustun 28-də isə Azərbaycanın Ukraynadakı Səfirliyinə təxminən 50 metr məsafədə endirilmiş hava zərbəsi nəticəsində Səfirliyin inzibati binasının və konsulluq şöbəsinin, Səfirin rezidensiyasının zədələndiyi, həmçinin diplomatik nümayəndəliyin ərazisinə ciddi ziyan dəydiyi diqqətə çatdırılıb.
Eyni zamanda, 8 və 18 avqust 2025-ci il tarixlərində Odessa vilayətində SOCAR şirkətinin neft bazasına dron hücumları edildiyi, nəticədə işçilərin xəsarət aldığı, infrastruktura böyük zərər vurulduğu xatırlanıb.
Görüşdə bildirilib ki, diplomatik nümayəndəliklərimizə qarşı bu cür hücumlar yolverilməzdir və Rusiyadan hadisə ilə bağlı müvafiq araşdırma aparılması və ətraflı izahat verilməsi tələb olunub.
Həmin gün Ukrayna prezidenti Vladimir Zelenski “X” platformasında yazıb ki, Azərbaycanın prezidenti İlham Əliyevlə Azərbaycan səfirliyinə endirilən zərbə barədə danışıb.
“Azərbaycan prezidenti İlham Əliyevlə danışdım. Xalqımıza göstərilən dəstəyə və həmrəyliyə görə təşəkkür edirəm. Bu gecə rusiyalılar ukraynalılara qarşı yüzlərlə dron və raket, o cümlədən ballistik raketlərdən istifadə ediblər. Təəssüf ki, dağıntılar olub, o cümlədən Azərbaycan səfirliyi də zərər görüb. Cənab Prezident bu hücumu pislədi və vurğuladı ki, bu, rusiyalıların səfirlik binasını və Azərbaycanın digər obyektlərini hədəfə alması ilə bağlı ilk hadisə deyil.
Biz həmçinin ikitərəfli münasibətlərimizi və tərəfdaşlığın inkişafını müzakirə etdik. İkitərəfli əməkdaşlığın bütün istiqamətləri üzrə həqiqətən “yaşıl işıq” yanır. Yaxşı potensial var və biz onu reallaşdıracağıq. Təşəkkür edirəm!”
XİN-in açıqlamasının tonuna baxanda, Azərbaycanla Rusiya arasındakı münasibətlərin hələ də “buludsuz” olmadığı görünür. “Kəskin etiraz” ifadəsi artıq zarafat deyil. Çox da uzaq olmayan keçmişdə Moskva özü Bakı ilə münasibətləri normallaşdırmağa can atırdı. Belə olan halda “İskəndər” raketinin məhz Azərbaycanın Kiyevdəki səfirliyinin ərazisinə düşməsinə necə yol verildiyi xüsusi maraq doğurur. Çünki belə şeylər təsadüfən baş vermir. Hətta hər hansı qəlpənin Ukrayna paytaxtındakı çoxsaylı xarici diplomatik nümayəndəliklərin ərazisinə düşməsi belə son dərəcə nadir hadisədir. Bu isə o deməkdir ki, rusiyalı hərbçilər haranı və niyə vurduqlarını çox yaxşı bilirlər. Deməli, biz yenidən Rusiyanın Azərbaycandan ciddi narazı olduğunu nümayiş etdirməsinin birmənalı siqnalı ilə üz-üzəyik. Bəs nə baş verib? Moskva niyə belə bir provokasion addım atır?
Pressklub.az-ın suallarına tanınmış xarici ekspertlər cavab veriblər.
Kiyev Dünya Siyasəti İnstitutunun direktoru Yevgen Maqda bildirib ki, siyasətdə simvollar həmişə böyük əhəmiyyət daşıyır.

“Ukraynada Azərbaycan səfirliyinin ərazisinə endirilən zərbə də belə bir simvoldur.
Həqiqətən, son bir il ərzində Azərbaycanla Rusiya arasında münasibətlər xeyli pisləşib. Buna görə də, Ukrayna ilə Azərbaycanın strateji tərəfdaşlığının güclənməsində təəccüblü heç nə görmürəm. Rusiya isə öz narazılığını bu yolla göstərir.
Ukraynaya raket və dron hücumlarının miqyasını nəzərə alsaq, baş verənləri ictimai şəkildə “təsadüf” kimi təqdim etmək mümkündür. Amma biz yaxşı başa düşürük ki, Azərbaycan səfirliyinə bu cür zərbələrin artıq birinci dəfə baş verməməsi heç də təsadüfi deyil və Moskvanın Bakının siyasətinə münasibətini nümayiş etdirmək məqsədi daşıyır.
Lakin düşünürəm ki, həm Ukrayna, həm də Azərbaycan öz siyasətlərində kifayət qədər ölçülü-biçili və müstəqildir. Buna görə də Rusiyanın zərbələrinin hansısa çətinlik yaradacağını görmürəm. Və xüsusilə qeyd etmək istəyirəm ki, bu zərbənin insan tələfatı olmadan ötüşməsi sevindiricidir”, – Maqda vurğulayıb.
Gürcüstan Strateji Analiz Mərkəzinin (GSAC) aparıcı eksperti Gela Vasadze isə bildirib ki, zərbənin məqsədli şəkildə məhz Azərbaycan səfirliyinə endirildiyini düşünmür. Lakin bu, Rusiyanın məsuliyyətini aradan qaldırmır. Çünki Rusiya şəhərə faktiki olaraq qeyri-dəqiq vasitələrlə hücum edir.

““İskəndər 9M723” raketinin zərbə radiusu 100 metrə qədərdir. Bunun şəhər mühitində nə demək olduğunu təsəvvür etmək çətin deyil. Belə hücum üsullarından istifadə etdikdə bu cür hallar qaçılmazdır. Üstəlik, bu, yeganə hadisə deyil. Çox şükür, bu dəfə qurban olmayıb.
Amma burada təkcə xəbər yox, post-xəbər də vacibdir – yəni Azərbaycanın reaksiyası. Bu reaksiya isə kifayət qədər sərt idi. Bu nə deməkdir? Bu, o deməkdir ki, Rusiya–Azərbaycan münasibətlərində yeni norma formalaşıb. Bakı bundan sonra nə bu cür məsələlərdə susacaq, nə də yumşaq reaksiya verəcək. Bu epizod Moskvaya buna bir daha əmin olmaq üçün əlavə səbəbdir”, – Vasadze deyib.
Rauf Orucov