Ankara ilə İrəvan arasında yeni mərhələ: Quru ticarət reallığa çevrilir
Erməni ekspert: Bu, iki ölkə arasında münasibətlərin yeni mərhələsinə keçid deməkdir
19 Fevral 2026
Türkiyə və Ermənistan iki dövlət arasında quru yolla birbaşa ticarətə başlamaq barədə razılığa gəliblər. Bu barədə Türkiyənin T24 nəşri yazıb.
“Al Monitor”un jurnalisti Ezgi Aki danışıqların nəticəsi barədə məlumatı olan iki kommersiya mənbəsinə istinadən bildirir ki, Ankara və İrəvan birbaşa quru ticarətinin işə salınması ilə bağlı razılıq əldə ediblər.
Bu addım ABŞ-ın rəhbərliyi ilə Cənubi Qafqazda daha geniş regional sülh təşəbbüsləri çərçivəsində münasibətlərin normallaşdırılması fonunda atılır. Türkiyə ilə Ermənistan arasında rəsmi diplomatik münasibətlər yoxdur, sərhəd isə 1993-cü ildən bağlıdır. Bununla belə, tərəflər 2022-ci ildən sərhədlərin açılması və diplomatik əlaqələrin qurulması məqsədilə danışıqlara başlayıblar.
Normallaşma prosesi çərçivəsində Türkiyənin Ermənistanla münasibətlər üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç və Ermənistan parlamentinin vitse-spikeri, İrəvanın xüsusi nümayəndəsi Ruben Rubinyan altı dəfə görüşüblər. Sonuncu görüş sentyabr ayında Ermənistanda baş tutub. Mənbənin sözlərinə görə, bu görüşlərdən sonra Kılıç noyabr ayında Türkiyə Ticarət və Sənaye Palataları və Əmtəə Birjaları İttifaqının (TOBB) sədri Rifat Hisarcıklıoğlu ilə razılaşmanın texniki detalları barədə danışıqlar aparıb.
Türkiyə-Ermənistan Biznesin İnkişafı Şurasının icraçı sədrinin müavini Noyan Soyak bildirib: “Artıq texniki işlər artıq aparılırdı və qərar bir müddət əvvəl qəbul edilib”.
Bu vaxta qədər iki ölkə arasında quru ticarəti Gürcüstandakı vasitəçi şirkətlər üzərindən kvazireeksport sxemləri ilə həyata keçirilirdi. Ermənistana göndərilən Türkiyə malları Gürcüstana daxil olarkən rəsmi şəkildə ayrıca ixrac kimi təsnif edilirdi. Yeni razılaşmaya əsasən, Gürcüstan üzərindən tranzit daşımalar artıq “reeksport” (təkrar ixrac) hesab edilməyəcək: yüklər tranzitin bütün mərhələlərində ilkin ixrac statusunu saxlayacaq.
Xatırladılır ki, 2022-ci ildə Türkiyə və Ermənistan normallaşma addımları çərçivəsində birbaşa yük aviadaşımalarını da işə salıblar.
Ermənistanın Statistika Komitəsinin məlumatına görə, 2024-cü ildə Türkiyə ilə Ermənistan arasında ikitərəfli ticarətin həcmi 336 milyon dolları ötüb. Türkiyədən Ermənistana idxal təxminən 335 milyon dollar təşkil edib və tədarüklərin təxminən 40%-i Gürcüstan üzərindən quru yolu ilə həyata keçirilib. Bu isə o deməkdir ki, birbaşa tranzitlə bağlı yeni razılaşma ilk növbədə türkiyəli biznesmenlərə fayda verəcək.
Türkiyədən Ermənistana ixrac olunan əsas məhsullar maşın və mexaniki avadanlıqlar, dəmir və polad məmulatları, digər sənaye məhsulları və tekstildir. 2025-ci il üzrə rəsmi məlumatlar hələ açıqlanmasa da, Soyak ümumi ticarət dövriyyəsinin təxminən 400 milyon dollara çata biləcəyini ehtimal edir. Həmçinin qeyd olunur ki, reeksport mexanizminin ləğvi Türkiyə şirkətləri üçün 10–15% həcmində əlavə yükün aradan qaldırılmasına imkan verəcək.
O da qeyd olunur ki, erməni biznesmenlər də bundan əvvəl texniki baxımdan malları Gürcüstan üzərindən Türkiyəyə göndərə bilirdilər. Lakin Türkiyə quru gömrük xidmətində Ermənistan mənşəli mallara münasibətdə qeyri-müəyyənlik prosedurları çətinləşdirir, bəzən yüklərin itirilməsinə səbəb olur və Ermənistanın Türkiyəyə ixracını məhdudlaşdırırdı.
Beləliklə, bu prosesi necə qiymətləndirmək olar? Qarşılıqlı ixrac üçün şərtlərin yüngülləşdirilməsi Ermənistanın iqtisadi inkişafına təkan verə bilərmi? Və bu addım malların daşınması ilə məşğul olan insanlar arasında münasibətlərinin yaxşılaşmasına gətirib çıxara bilərmi?
Pressklub.az-ın suallarına cavab verən tanınmış erməni analitik və publisist İşxan Verdyanın fikrincə, Ermənistanla Türkiyə arasında ikitərəfli ticarətin qurulması Ermənistanın iqtisadi vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.

“İlk növbədə, kiçik və orta biznes, hətta mümkündür ki, iri biznes üçün də logistika yükünü kəskin şəkildə azaldacaq. Artıq üçüncü ölkələrin sərhədlərini keçməyə və marşrutları süni şəkildə yüzlərlə, minlərlə kilometr uzatmağa ehtiyac qalmayacaq. Bu isə qaçılmaz olaraq hiss olunan müsbət effekt verəcək: xərclər azalacaq, kapitalın dövriyyəsi sürətlənəcək, erməni şirkətlərinin rəqabət qabiliyyəti artacaq.
İkincisi, Ermənistanda artıq bu gün müxtəlif çeşiddə Türkiyə məhsulları istehlak olunur. Söhbət yalnız hazır mallardan deyil, həm də Ermənistan istehsalında istifadə edilən xammal və komplektləşdirici hissələrdən gedir”, – ekspert bildirib.
Onun sözlərinə görə, iki ölkə arasında məhdudiyyətlərin aradan qaldırılması keyfiyyətcə yeni biznes mühiti formalaşdıracaq və daha sağlam, daha proqnozlaşdırılan atmosfer yaradacaq. “Belə şəraitdə sahibkarlıq mühiti ikinci nəfəsini ala bilər.
Bundan əlavə, Ermənistanın perspektivdə Türkiyəyə konkret hansı malları ixrac edə biləcəyi hələ tam aydın deyil. Lakin qarşılıqlı tədarük üçün potensialın mövcud olduğu aydındır. Deməli, birbaşa ticarətin açılması iki ölkə arasında münasibətlərin yeni mərhələsinə keçid deməkdir”, – Verdyan yekunlaşdırıb.
Rauf Orucov