Logo
news content

“Xalq düşməni”nin oğlu, “sərt üslublu” sənətkar, Berlində ölən bakılı balası... – HƏYAT HEKAYƏTİ
Dünyaya səs salmış azərbaycanlı rəssamın keşməkeşli həyatı

Bakı, 1928-ci il. Cəmi 8 ildir Azərbaycan “ağ günə” çıxıb. Deməli, hələ görəcəkli günlər qabaqdadır. Həmin il noyabr ayının 29-da Bakının dar dalanlarından birində yerləşən, bu şəhərin iqlim şəraitinə uyğun tikilmiş mülkədar mülklərinə aid yastı, çardaqsız evdə bir oğlan uşağı dünyaya gəldi. Adını Tahir qoydular. Ərəb dilindən tərcümədə təmizlik mənasını verir. Atası bu adı ona verəndə pisliklərdən təmizə, ağ günə çıxmağı düşünürmüş. 

Ailədə Tahirdən başqa dörd uşaq böyüyürdü. Ümumilikdə iki qardaş, üç bacı idilər. Sovet hökumətinin bütün dədə-baba malını əlindən alanda, atası, əvəzində onlardan məvacib dəyərinə iş istəmişdi. İşlə təmin etmişdilər, elə bir işlə ki, günü əyalətləri gəzməklə keçirdi. Ana evdə beş uşaqla təkbaşına məşğul olmağa məcbur idi. 

Bu minvalla, üstəlik, səksəkə içində 1938-ci ilin iyuluna gəlib çıxdılar. İyulun 4-ü gecə beş uşaq və ata-ana küçədən onların evlərinin qapısına doğru gəldiyi eşidilən addım səslərinə oyandılar. Həmin uzunboğaz çəkməlilər atanı “xalq düşməni” damğası ilə gecə ilə evdən apardılar.  

O zamandan 9 yaşlı Tahir böyüdü, daxilən, mənən, düşüncə sarıdan böyüdü. “Zavallı anam qaldı beş uşağın əlində. Sonra da müharibə”.  Ana 1942-ci ildə “Bakı fəhləsi” zavoduna işə düzələndə evdə toy-bayram etdilər. Amma qəlbindən qara qanlar axan, ətrafdakılardan hər addımda “xalq düşməninin ailəsi” kimi  tənələr görən qadını ağır iş rejimi, dərd, xof, xiffət xəstə saldı. 1944-cü ildə işləyə bilmədiyindən zavoddan çıxdı və Dağüstü parkın təmizliyinə baxmaq üçün yüngül işə düzəldi. Uşaqlar da hərəsi bir iş tapıb, evə qazanc gətirirdi. Hamısı da qazancını anaya verirdi ki, ailəni saxlasın.    

1945-ci ildə Əzim Əzimzadə adına rəssamlıq məktəbinə daxil olan Tahir də təqaüdünü anasına verirdi. Burada müəllimi Baba Əliyev Tahirin istedadına heyran qalmaqla bahəm, bu uşağın daxili dünyası onu çəkir. Öyrənir ki, uşaq ailədə ağır günlər yaşayır. Ustad anlayır ki, Tanrı Tahirə istedadı onun bu ağır durumdan güc tapıb çıxması üçün verib. Müəlliminin tövsiyəsi ilə Tahir Moskva Surikov adına Rəssamlıq İnstitutuna daxil olur. Orda oxuduğu 1951-57-ci illər ərzində atasının bəraəti üçün də çalışır, lazımı sənədlər toplayır. Nəhayət, 1956-cı ildə atasına bəraət verilir və ailə rahat nəfəs alır. Elə Tahirin özü də. Daha ətrafdan qınayıcı, ehtiyatedici nəzərlər üstündən götürülür.  İnstitutda P.Pokarjevskinin emalatxanasında rəssamlığın sirlərini öyrənir. İstedadın üstünə əmək gələndə nəticə uğurlu olur. İlk gündən müəlliminin etimadını qazanan Tahir Salahov hələ üçüncü kursda oxuyanda Bakıda açılan respublika təsviri sənət sərgisində “Ləpə” və “Estakada” adlı əsərlərini nümayiş etdirir. Diplom işi isə “Növbədən qayıdanlar” tablosu olur ki, bu gün dünyada tanınmış rəssamın bu diplom işi hələ də dillər əzbəridir.

 Rəssamlığa dəyər verən, ondan bir az məlumatı olan kəs rəssamın “Növbədən qayıdanlar” tablosuna laqeyd qala bilmir. O vaxt Moskvada nəşr olunan “İskusstvo” jurnalı yazırdı: “Tablonun koloriti çox lakonikdir. Tahir Salahov insan həyatının ekspressiv təsiri ilə öz əsərində əsl pafos və romantika açıqlamışdır”.

Bu, bir sənətşünasın rəyidir. Əslində adi tamaşaçı üçün bu rəyi sadə dildə belə deyirlər – Tahir Salahov o tabloda, sadəcə yaşadığı və şahidi olduğu həyatı əks etdirib. Sovet fəhləsini, onun bir iş günündən evə qayıtmasını təsvir edib.

“Növbədən qayıdanlar” Tahir Salahovu tanıtmaqla onun sonrakı möhtəşəm tablolarına çığır açmış oldu. 

Sənətşünasların dediyinə görə, Tahir Salahov sərt üslubda işləyən rəssamdır. Yəqin haqlıdırlar, çünki onlar bu işin xiridarlarıdır. Görünür, əsərlərin monumentallığı, kompozisiya həllinin kəskinliyi, qırmızı, qara, açıq və tutqun rəng çalarlarının harmonik kontrastları sərt üsluba aiddir. Elə bilirdim, rəssam ya açıq rənglərlə, ya da tünd rənglərlə dostluq edər, onun xarakterindən irəli gələn bir vaqeədir. Tahir Salahovdan yazacağım üçün onun əsərləri ilə yaxından tanış olanda ilk dəfə bu qədər kontrastlı rənglərin harmoniyası ilə rastlaşdım. Elə bil sehrli, indiyə qədər mənə tanış olmayan bir aləmə düşdüm. Bütün bu harmoniya ilə bahəm Tahir Salahovun əsərlərində çox böyük sadəlik, səmimilik var. Bu da fırça tutanın ustalığından irəli gəlir. Ən adi tamaşaçı o əsərlərdən nə isə götürə, anlaya, düşünə bilər. 

Tahir Salahov sovet dövründə yetişmiş bir sovet rəssamıdır, amma əsərləri bütün dünyada anlaşılan, qəbul olunan bir sovet rəssamı. Çünki o əsərlərdə insan həyatı, insanın daxili dünyası, iztirabı, sevinci, düşüncəsi öz əksini tapıb. Bəlkə də bütün bunlar Tahir Salahov fırçasına onun ağır uşaqlıq illərindən süzülüb gəlir. İlk baxışda, mövcud quruluşun sosial sifarişlərini yerinə yetirən rəssam, əsərlərinin, heç dərin qatlarını demirəm, elə üz qatında insan durduğunu büruzə verir. 

Rəsm əsərlərinin adlarına fikir verin – “Təmirçilər”, “Səhər qatarı”, “Rezervuar parkı”, “Pəncərə”, “Neftçi portreti”, “Quraşdırıcılar”... Hər birində sovet rejiminin sifarişi içərisində insan amili var. 

1968-ci ildə bu “Sərt üslub”lu əsərlərin SSRİ dövlət mükafatına layiq görülməsi həm də bu cərəyanın təqdiri oldu. 

Tahir Salahova onun fırçasının məhsulu olan portretlər böyük uğur gətirib. “Anamın portreti”, “Aydan”, tanınmış insanlardan isə “Qara Qarayev”, “Mirzə Ələkbər Sabir”, “Fikrət Əmirov”, “Rəsul Rza” və digər əsərlərini göstərmək olar. 

Rəssam öz şəxsi həyatını da sanki tabloları ilə tərcümeyi-hal kimi yazıb. Qızına və həyat yoldaşına həsr etdiyi “Alagöz-Şərqin əfsanəsi”, “Aydan-Şərqin ulduzu”, “Varya qırmızı divanda”, “Varya qırmızı papaqda”, “Varya Pikasso paltarında” əsərləri bu qəbildəndir. 

Qızından söz düşmüşkən, bu gün Tahir Salahovun qızı Moskvada yaşayır. Həm atasının sənətini davam etdirir, həm də iş adamıdır. Daha bir azərbaycanlıdır ki, atasının timsalında Azərbaycanı da dünyaya təbliğ etməklə məşğuldur.

“Xəzər sahilində”, “Dalğalar”, “Səhər qatarı”, “Neftçi”, “Odlar ölkəsi”, “Adət-ənənələr və müasirlik” tabloları Tahir Salahovun vətəndaşlığının və vətənsevərliyinin göstəricisidir. Bir rəssamın meydana çıxıb “Azadlıq” qışqırması o qədər vacib deyil, onun əsərləri bunu pıçıldaya bilər. Yaxud yüksək tribunalardan gəlişi-gözəl sözlər söyləməz, əsərləri bunu diktə edər.  

Onun yaradıcılığı teatr və kino sahəsinə də işıq salıb. Neçə-neçə teatr tamaşalarına, kinolara dekor, səhnə və kostyum müəllifi olub. 

Tahir Salahov 1960-61-ci illərdə Azərbaycan Rəssamlar Birliyində katib vəzifəsində çalışıb. 1963-74-cü illərdə Azərbaycan Dövlət İncəsənət Universitetində dərs deyib. 1984-92-ci illərdə Moskva Dövlət Universitetinin bədii yaradıcılıq kafedrasının müdiri vəzifəsində çalışıb. 1973-92-ci illərdə SSRİ Rəssamlar Birliyində birinci katib olub. 1997-ci ildə Rus Rəssamlıq Akademiyasının vitse-prezidenti seçilib. Onun əsərləri Azərbaycanda, Rusiyada, Ukraynada, eləcə də dünyanın bir çox ölkələrində nümayiş etdirilib. 

Tahir Salahov Sovet İttifaqının ən yüksək təltiflərinə, orden və medallarına layiq görülüb, Sosialist Əməyi Qəhrəmanı adını alıb. Rusiyanın “Vətən qarşısında xidmətlərinə görə” ikinci və üçüncü dərəcəli ordenlərinə, Azərbaycanın ali mükafatı olan “İstiqlal” ordeninə, Bolqarıstan, Polşa, Monqolustan və başqa ölkələrin ordenlərinə, müxtəlif medallara və mükafatlara layiq görülüb. Həmyerlimiz Rusiyanın və MDB-nin bir çox ölkələrinin rəssamlıq akademiyaları ilə bərabər, Madriddəki San-Fernando Kral İncəsənət Akademiyasının və Fransa Zərif Sənətlər Akademiyasının müxbir üzvü idi. Bundan başqa, Ölməzlər Akademiyası adlanan Fransa Zərif Sənətlər Akademiyasına SSRİ-dən cəmi üç nəfər üzv seçilib ki, onlardan biri də Tahir Salahovdur. O, həm də ABŞ-ın bir neçə şəhərinin və Montana ştatının fəxri vətəndaşı olub.

Tahir Salahov Azərbaycan Rəssamlıq Akademiyasında bakalavrlar və magistrlər buraxılışı üzrə dövlət komissiyasına bir neçə il sədrlik edib. Moskvada isə Rusiya Federal Məclisi Federasiya Şurasının sədri yanında Mədəniyyət Şurasının üzvü seçilib. Son mükafatını öz vətənində alıb, yubileyi ərəfəsində ölkə başçısının əlindən.

Bu qədər bəsdir, ardını sadalasam, oxucunu bezikdirərəm, amma bütün bunlar bir azərbaycanlının imza atdığı işlərdir.

Əlimin altında dünya rəssam və sənətşünaslarının, dünyanın tanınmış şəxsiyyətlərinin Tahir Salahov barədə dedikləri fikirlər, ona verdikləri yüksək dəyərlər toplusu var. Heç birini verməyəcəyəm, çünki niyə öz həmyerlimizi-azərbaycanlımızı başqalarının dediyi fikirlərə görə qiymətləndirməliyik, bəlkə artıq özümüzün dəyər verməyi öyrənməyimiz gərəkdir. Tahir Salahov 21-ci əsrin dünya miqyasında tanınmış, qəbul olunmuş, dəyərli şəxsiyyətlərindəndir.

Tahir Salahov ilk dəfə 19 yaşında – 1947-ci ildə özbək rəqqasə Tamara xanımın qızı Vansetta Qarayaqubova ilə ailə qurub. Bu nikahdan onun üç övladı dünyaya gəlib – Lara, Alagöz və Aydan. İkinci dəfə Varvara Salahova ilə evlənib, bu nikahdan da İvan adlı bir övladı olub.

Xalq rəssamı Tahir Salahov 2021-ci il mayın 21-də Berlində müalicə aldığı xəstəxanada ağciyər iltihabından vəfat edib. Bakıda Fəxri Xiyabanda dəfn edilib.