Logo
news content

Ah, dəniz, dəniz... Mavi Xəzərimiz hara yox olur?!
Epiqraf: “Su sərhəd tanımır, amma sərhədlər onun qarşısını kəsə bilir...”

Kosmosdan çəkilmiş şəkillərdə Xəzər dənizi getdikcə daha da kiçik görünür. Amma bu görüntüdən narahat olan peyklər deyil, onun sahillərində yaşayan insanlardır – dənizin sanki vidalaşmadan, köhnə tanış kimi sakitcə çəkildiyini görənlər...

Xəzər niyə “dayazlaşır”?
Bir neçə əsas səbəb var və onların hamısı həm təbii, həm də insan amili ilə bağlıdır.

Əvvəla, dənizə töküləm çayların axını azalır – xüsusən də Xəzərin su balansının 80–85 faizini təmin edən Volqa çayının axını. Məhz burada – Xəzərin şimal “damarının” başlanğıcında – zəncirvari reaksiya başlayır. Volqa bu gün bəndlər və su anbarları sistemi ilə tənzimlənir. Həmin sistemlər hələ sovet illərində, uzunmüddətli iqlim nəticələri nəzərə alınmadan yaradılıb. Əgər əvvəllər bu qurğular zərərsiz görünürdüsə, indi, temperaturun artdığı və yağıntıların azaldığı şəraitdə onların suyu toplama effekti artıq kosmosdan da aydın görünür.

İkincisi, iqlim isinib, buxarlanma güclənib və hövzədə su miqdarı azalıb. 

Və nəhayət, insan faktoru – bəndlər, su anbarları və suyu başqa məqsədlər üçün ayırmalar çayların axarını dənizin xeyrinə yox, əleyhinə tənzimləyir.

Aparılan tədqiqatların nəticəsinə görə, 1995-ci ildən bəri dənizin səviyyəsi davamlı şəkildə enir, 2006–2024-cü illər ərzində isə iki metr azalıb – hazırda dünya okeanının səviyyəsindən 29 metr aşağı düşüb. Ekspertlərin qiymətləndirməsinə görə, orta müddətli perspektivdə Xəzər öz sahəsinin daha dörddə birini itirə bilər.

Bir çox tədqiqatçılar və Xəzəryanı ölkələrdə səslənən şərhlər Xəzərin dayazlaşmasına məhz Volqa çayı üzərində Rusiya bəndlərininin səbəb olduğunu bildirilər. Lakin Rusiyanın rəsmi mövqeyi belədir: məsələni təkcə Volqanın tənzimlənməsi ilə məhdudlaşdırmaq olmaz, çünki Xəzərə təxminən 130 çay tökülür və axının dəyişməsi mürəkkəb, kompleks prosesdir.

Bununla belə, elə Rusiyanın özündə də getdikcə daha çox ekspert Volqanın axınının tənzimlənməsinin izsiz ötüşmədiyini deyir. Bəndlər zənciri çayı “kilidlədikdə”, yuxarı axının buraxılış rejimində baş verən ən kiçik dəyişikliklər belə, yüzlərlə kilometr uzaqda – Xəzərin səviyyəsində öz təsirini göstərir.

Təsadüfi deyil ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev və Azərbaycan prezidenti İlham Əliyev Xəzər dənizinin səviyyəsinin enməsi və əməkdaşlığın zəruriliyi barədə çıxışlarında dəfələrlə vurğulayıblar: dənizə əsas təhlükə bu gün şimaldan gəlir. Deməli, problemlərin həlli də birgə, Rusiyanın iştirakı ilə, lakin şəffaflıq və qarşılıqlı etimada əsaslanaraq həyata keçirilməlidir.

Bununla belə, akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin sahil və dib geomorfologiyası şöbəsinin müdiri, professor Amir Əliyev hesab edir ki, bəndlərin rolu çox vaxt şişirdilir.
“Bəndlər həm Xəzərin səviyyəsi qalxanda, həm də enəndə mövcud idi”, – o bildirir.

“İlk instrumental müşahidələr 1837-ci ildə Bakıda başlanıb… Bu gün əsas amil – su balansındakı dəyişiklik və temperaturun artması nəticəsində buxarlanmanın sürətlənməsidir”, – alim qeyd edir. O, həmçinin xatırladır ki, Xəzər təbii dəyişkənliklərə məruz qalır: səviyyədə enmələr və yüksəlmələr bir-birini əvəz edir və ehtimal var ki, əsrin ortalarına doğru bizi növbəti “optimizm dalğası” gözləyir.

Kim nə itirir

Rusiya

Volqa çayının sularının istifadəsindən doğan ən böyük itkilər və qazanc məhz Rusiyanın payına düşür.

• Yuxarı axın – Tver, Yaroslavl, İvanovo və Kostroma vilayətləri: Volqanın hövzəsi burada nisbətən dardır və əsasən içməli və sənaye su təchizatı üçün istifadə edilir.

• Orta axın – Nijni Novqorod, Çuvaşıstan, Mari El, Tatarıstan, Ulyanovsk və Samara vilayətləri: sıx məskunlaşmış və sənaye cəhətdən inkişaf etmiş hissədir, burada su intensiv şəkildə suvarma üçün istifadə olunur. Taxıl, günəbaxan, çuğundur – bütün bunların hamısı suvarma tələb edir.

• Aşağı axın – Saratov, Volqoqrad, Həştərxan vilayətləri və Kalmıkiya: sudan ən intensiv istifadə edilən zonadır. Su burada demək olar, “yoxa çıxır” – böyük hissəsi buxarlanır və sistemə qayıtmır.

Həştərxan vilayətində su itkisi xüsusilə yüksəkdir - əsasən su tutumu çox olan kənd təsərrüfatı səbəbindən: düyü tarlaları, bostanlar və yem otlaqları. Quraq iqlimə malik Kalmıkiyada da düyüçülük bol suvarma tələb edir. Bu suyun əhəmiyyətli hissəsi buxarlanaraq sistemdən çıxır.

Eyni zamanda, Volqanın deltasında balıqçılıq (o cümlədən məşhur kürü Xəzər kürüsü), gəmiçilik, infrastruktur və yerli icmaların gəlirləri təhlükə altındadır.

Qazaxıstan

Dayazlaşma Aktau və Kurık limanlarının fəaliyyətinə mane olur, ixraca və neft terminallarının işinə təsir edir. Şimal-şərq sektorunda – Tenqiz və Kaşağan yataqlarının yerləşdiyi ərazidə sahil onlarla kilometr geri çəkilib.

Türkmənistan

Balıqçılıq və sahil infrastrukturu zərər çəkir, şelfin sahəsi azalır, bu isə hasilatdan əldə edilən gəlirlərə zərbə vurur.

İran

Urmiya gölünün təcrübəsi bir şeyi xatırladır: “Əvvəl su çəkilir, sonra səbir tükənir”. Sahilin duzlaşması və balıqçı icmalarının çətinlikləri artıq tanış mənzərədir.

Azərbaycan

Kür deltasında və sahilyanı yaşayış məntəqələrində limanlar və ekosistemlər üçün risklər yaranır. Çöküntü balansı dəyişir, bu isə balıq ehtiyatlarına və infrastruktur obyektlərinə təhlükə yaradır.

Qanunlar, konvensiyalar və reallıq

2003-cü ildən Xəzərin dəniz mühitinin mühafizəsi üzrə Tehran Çərçivə Konvensiyası qüvvədədir – sənəd yaxşı tərtib olunsa da, çox vaxt olduğu kimi, effektivliyi aşağıdır. 2018-ci ildə isə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb. Burada şelf və mülkiyyət məsələləri tənzimlənib. Amma təəssüf ki, su qanunlara tabe deyil. Real nəticə üçün imzalar yox, mexanizmlər lazımdır – birgə maliyyələşmə, işlək proqramlar və siyasi iradə.

Azərbaycan, məsələn, BMT-nin Ətraf Mühit Proqramı (UNEP) vasitəsilə Xəzərin dayazlaşmasının səbəbləri üzrə beynəlxalq araşdırma təşəbbüsü ilə çıxış edib. Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayevin sözlərinə görə, UNEP-in ilkin nəticələri göstərir ki, əsas problem çay axınının azalması, temperaturun artması və yağıntıların qeyri-bərabər paylanmasıdır. Bakı həmçinin açıq regional dialoq və əməkdaşlığa çağırır.

Sadəcə “bəndləri dağıtmaq” olarmı?

Bu ideya ekoloji romantizm ruhunda gözəl səslənir: “bəndləri dağıdaq – və dəniz geri qayıdacaq”. Amma reallıq daha mürəkkəbdir. Onilliklər ərzində Rusiya Volqa üzərində elə bir kaskad sistem qurub ki, hər bir hidroqovşaq sanki Xəzərin “nəfəsini” tənzimləyən klapan rolunu oynayır.

İstənilən dəyişiklik bütün Xəzəryanı ölkələrin razılaşdırılmış hərəkətlərini tələb edir – əks halda bir ölkə çayı tənzimləyir, qiymətini isə digəri ödəyir.

Rusiyanın Volqa-Kama kaskad sistemi – enerji, gəmiçilik, suvarma, su təchizatı və daşqınlardan mühafizəni təmin edən nəhəng orqanizmdir. Bu, bir-biri ilə əlaqəli su anbarları və SES-lər zənciridir – hər tikili qonşu tikili ilə sıx bağlıdır və vahid mexanizm kimi işləyir. Ona görə də burada söhbət “dağıtmaqdan” deyil, optimallaşdırmaqdan getməlidir: ekoloji baxımdan tənzimlənən su buraxılışları, suvarma sistemlərinin modernləşdirilməsi, su itkisini azaltmaq üçün yenilənmiş infrastruktur. Bu, inqilab deyil – dəqiq cərrahiyyədir. Amma məhz bu cərrahiyyə xəstəni xilas edə bilər.

Suya görə ödəniş: utopiya, yoxsa gələcəyin iqtisadiyyatı?

İlk baxışdan qəribə səslənir, amma dünya təcrübəsində belə modellər mövcuddur: çayın aşağı axınında yerləşən ölkələr yuxarı axındakı ölkələrə “ekosistem xidmətlərinə görə” pul ödəyi. Yəni onlar lazımi su axınını təmin etdiklərinə görə kompensasiya alırlar.

Bu cür mexanizmlər (Payment for Ecosystem Services) qarşılıqlı etimad və şəffaflıq tələb edir. Nəzəri cəhətdən Rusiya Volqanın rejimini dəstəklədiyi üçün kompensasiya ala bilərdi. Amma praktikada sual yaranır: digər Xəzəryanı ölkələr pul ödəməyə hazırdırlar? Nə qədər ödəməyə razıdırlar? Hər kəsin payı necə hesablanacaq? Yəqin ki, bu sualların ardınca onlarla yeni sual doğacaq. Bu, incə diplomatik məsələdir – burada “kubmetrlərin çəkisi” artıq böyük su siyasətinə çevrilir.

Urmiya gölünün dərsləri

Cənubi Azərbaycandakı (İran) Urmiya gölü canlı bir xatırlatmadır: gözləmək olmaz. Orada çox uzun müddət mübahisə etdilər, müşavirələr keçirdilər – su tamamilə çəkilənə qədər. Bərpa cəhdləri bu gün də davam edir, amma milyardlarla dollara başa gəlir və polad iradə tələb edir.

Xəzəri hələ xilas etmək mümkündür – belə dramatik ssenarilərə çatmadan. Əsas olan indi hərəkət etməkdir. Dəniz duzlu xatirələr silsiləsinə çevrilməyənə qədər.

Nə etməli (sonsuz müşavirələr əvəzinə)

- Volqada su buraxılış rejimlərini ekoloji tələbləri və bölgələrə kompensasiyaları nəzərə alaraq razılaşdırmaq.

- Suya qənaətə investisiya qoymaq – suvarma sistemlərinin modernləşdirilməsindən tutmuş su itkisini izləyən “ağıllı” texnologiyalara qədər.

- Regional su fondu yaratmaq – burada “aşağı axında” yerləşən ölkələr (bizim halda Xəzəryanı dövlətlər) və donorlar sabit su buraxılışının təminatı üçün ödəniş etməlidir.

- Hər kəs öz ərazisində çay deltalarını və bataqlıq zonalarını bərpa etməlidir – bu təkcə ekologiya deyil, həm də suyun sistemdə qalmasını təmin edən mexanizmdir.

- Birgə monitorinq və elmi tədqiqatları inkişaf etdirmək – Xəzər dənizi nadir toplantılar və təsadüfi ölçmələrdən daha çoxuna layiqdir.

- Beş ölkənin dövlətlərarası “Su Konfransını” keçirmək – elmi mərkəzlərin, energetiklərin və ekoloqların iştirakı ilə “Xəzərin xilasına dair yol xəritəsi” hazırlamaq üçün. Volqa çayının rejiminə və onun məcrası boyunca – mənbədən deltaya qədər – fəaliyyətlərin uzlaşdırılmasına xüsusi diqqət edilməlidir.

Son söz əvəzinə

Xəzər möcüzə istəmir – o, qarşılıqlı əlaqə yaradılmasını istəyir. Bu gün çox şey Rusiyanın qonşuları ilə birlikdə Volqa sularının istifadəsi üçün ədalətli və şəffaf rejim yarada bilib-bilməyəcəyindən asılıdır. Çünki şimaldakı bəndlərdən Bakı limanına qədər Xəzər vahid sistemdir.

Xəzər dənizi təkcə iqlimin deyil, həm də beş ölkənin ünsiyyət qabiliyyətinin güzgüsüdür. Bəndləri dağıtmaq asandır, amma qarşılıqlı etimadı dağıtmaq ondan da asandır. Əgər bu beş ölkə Xəzər üçün ortaq dil tapa bilsə, əgər elm, diplomatiya və sadə təsərrüfat düşüncəsini birləşdirə bilsə, onda Xəzər yeni Urmiyaya çevrilməyəcək, əksinə, nəfəs alan, bəsləyən və xatırladan bir dəniz olaraq qalacaq.

Su sərhəd tanımır, amma ona hörmət etmək – insana məxsus keyfiyyətdir.