43 qadını öldürdü, 14 nəfər onun əvəzindən tutuldu, özü özünü “satdı”...
“Vitebsk cəlladı”nın tükürpədici hekayəti
16 Dekabr 2025
1984-cü il fevralın ilk günlərində Belarusiyanın Vitebsk şəhəri yaxınlığındakı Luçesa stansiyasının həndəvərində Tatyana Katsuba adlı qadının meyiti tapıldı. O, boğularaq öldürülmüşdü. Bir şahid həmin yerin yanından yük maşınının keçdiyini söylədi. Maşının sürücüsünün Oleq Adamov adlı şəxs olduğu müəyyənləşdirildi və o, sorğu-suala çəkildi. Sürücü günahını inkar etdi. Həmin ərazidə olmasını isə yaxınlıqdakı karxanadan qum daşıması ilə izah etdi, amma müstəntiqlər inanmadı.
Adamovun evində bir neçə dəfə axtarış aparılsa da, heç bir dəlil-sübut tapılmadı. Belə olduqda, istintaq saxtakarlığa əl atdı. Növbəti axtarış zamanı Oleqin evindən öldürülən qadının şəkli “tapıldı”. Bu, həbs üçün yetərli sayıldı. Sonrası isə texniki məsələ idi. Fiziki və psixoloji təzyiqə məruz qalan, ölüm hökmü ilə təhdid edilən sürücü etirafedici ifadələr verdi. Məhkəmə onu 15 il azadlıqdan məhrum etdi.
Lakin Oleq 1986-ci ilin əvvəllərində həbsdən azad edildi. Çünki həqiqi qatil tapılmışdı. Üzləşdiyi inanılmaz ədalətsizliyə baxmayaraq, Adamovun bəxtinin gətirdiyini söyləmək olar: o, cəmi 2 il həbsdə qaldı. Halbuki Gennadi Mixaseviçin - qatilin ad-soyadı belə idi - cinayətlərinə görə həbsdə xeyli çox müddət keçirənlər vardı, hətta bir nəfər güllələnmişdi.
***
Gennadi Mixaseviç 1947-ci ildə anadan olub. Xüsusi travmalı uşaqlığı olmayıb. Doğrudur, atası içirdi və tez-tez anasını döyürdü. Amma o zaman belə hallar nadir deyildi və ümumiyyətlə, Belarusiya SSRİ-nin ən “içən” respublikalarından sayılırdı. Gennadinin gənclik dövrü də əksər yaşıdlarından fərqlənməyib, hepatit səbəbi ilə hərbi xidmətdən vaxtından əvvəl tərxis olunmasını saymasaq. O, 1970-ci ildə Qorodok şəhərində Kənd təsərrüfatının mexanikləşdirilməsi texnikumuna daxil olur. İlk qətllərini də tələbə ikən, doğma yerlərə səfər edəndə törədir.
Sonralar o, öz motivini belə izah edir ki, sevdiyi Lena adlı qız onu tərk etdiyindən özünü asaraq intihar etmək barədə düşünürmüş. Bu zaman qarşısına çıxan 19 yaşlı Lüdmila Andralovaya baxıb, fikrini dəyişir: “Mən niyə qadından ötrü özümü boğmalıyam, yaxşısı budur onları boğum”. O, doğrudan da, az qala, bütün qətllərini boğmaqla törədir.
Qeyd etmək lazımdır ki, Gennadi normal zahiri görünüşü olsa da, qapalı və utancaq olduğundan romantik münasibətlərdə uğurlu olmur, qızlar tərəfindən lağ hədəfi olur və seksual natamamlıq yaşayır. Buna görə də sevdiyi qızın onu tərk etməsi adi halda olduğundan daha kəskin reaksiya doğurur.
Andralovaya hücum edən gənc tələbə onu ağaclıq yerə sürüyür, zorlayır və boğaraq öldürür. Hadisə 1971-ci il mayın 14-də, Vitebsk vilayətinin Polotsk rayonunun Ekiman kəndi ərazisində baş verir. Bununla da Mixaseviçin 14 il sürən cinayət karyerası başlayır.
O, 1970-ci illərdə cinayətlərini nisbətən böyük fasilələrlə törədir. Məsələn, həmin 1971-ci ildə bir də oktyabrın 29-da bir qızı öldürür. 1972-ci ildə aprel və iyulda olmaqla iki qətl törədir. 1973-cü ilin aprelində törətdiyi daha bir qətldən sonra iki il kimsəni öldürmür. Bu, bəlkə də texnikumu bitirərək doğma kəndinə qayıtması ilə bağlı idi. Amma 1975-ci ildə qətlləri bərpa edir və 1980-ci ilə qədər 8 qadın öldürür.
Gennadi cinayətlərini əvvəlcə yalnız sutkanın qaranlıq vaxtı törədirdi. Lakin 1981-ci ildə “Zaporojets” markalı avtomobil alır. Üstəlik, təmirxanasında usta işlədiyi “Dvina” sovxozunun “Texniki yardım” yük avtomobilini idarə edir. Bu isə ona artıq gündüzlər də “ov”a çıxmağa imkan verdi. Cinayətlərin sayı da artdı. 1981-ci ildə 3, 1982-ci ildə 5, 1984-cü ildə 12 qətl törədir. Yalnız 1983-cü ildə bir qurbanla kifayətlənir.
Zahirən isə o, tamamilə qanunsevər, nümunəvi sovet vətəndaşı həyatı yaşayırdı. Hətta milisə yardım göstərən xalq drujinasının üzvü idi. 1976-cı ildə evləndi, bir oğlu və bir qızı dünyaya gəldi. Qızına vaxtilə onu tərk etmiş Lenanın adını verdi. 1978-ci ildə Kommunist partiyasının üzvü oldu, hətta özək sədri seçildi. Nümunəvi işçi kimi şəkli Şərəf lövhəsinə vurulmuşdu. Siqaret çəkmirdi, həmkəndlilərin çoxundan fərqli olaraq, nadir hallarda və az-az içirdi. Sonralar anasının istintaqa ifadəsində “Genaya görə qonşular bizə həsəd aparırdılar” deməsi əsassız deyildi.
***
Mixaseviçin cinayətlərini araşdıran hüquq-mühafizə orqanları isə bu zaman məsum insanları şərləyib həbsə göndərməklə məşğul idi. İlk qurban Lüdmila Andralovaya görə Oleq Qluşakov adlı birisinə 15 il həbs cəzası kəsdilər. 1972-ci ilin aprelində öldürülən üçüncü qurbana görə məhkum olunan Vladimir Qorelov həbsdə görmə qabiliyyətini tam itirdiyinə görə 6 il sonra azad edildi.
Mixaseviçin 1972-ci ilin iyulunda törətdiyi qətlin istintaqı uzun sürdü. İlyarım sonra üç dost həbs olundu. Valeri Kovalyov 15 il, Vladimir Paşkeviç 12 il, Nikolay Yançenko isə 2,5 il azadlıqdan məhrum edildilər. Paşkeviç və Yançenko müddətlərini “zəngdən zəngə” çəkdilər. Kovalyov isə Mixaseviçin həbsindən sonra azadlığa buraxıldı.
1979-cu ildə törədilən bir qətlə görə Nikolay Terenya və rəfiqəsi Lüdmila Kaduşkina həbs edildilər. Cütlük qeyri-sağlam həyat tərzi keçirirdi və əsas məşğuliyyətləri alkoqol içmək idi. Bu hal və əvvəllər də məhkum olunması Terenyanın aqibətini ağırlaşdırdı: o güllələnməyə, Kaduşkina isə 10 il həbsə məhkum edildi.
1982-ci il iyulun 7-də Polotsk “Steklovolokno” müəssisəsinin usta köməkçisi Vladimir Luşkovski beş il romantik münasibətlərdə olduğu Lüsi Ovlasenko ilə görüşə yarım saat gecikdi — gecə növbəsindən sonra yatıb yuxuya qalmışdı. Həmin yarım saat ərzində qadın Mixaseviç tərəfindən öldürüldü. İyulun 11-də Luşkovski saxlanıldı və sevgilisini öldürməkdə ittiham olundu. Qətli qısqanclıq zəminində törətməsi barədə ifadə verən usta köməkçisi canını 10 il həbslə qurtardı.
Ümumilikdə Mixaseviçin törətdiyi 11 cinayət üzrə 14 nəfər məhkum edildi. Bu zaman əsas sübut tutulanların etiraf ifadələri idi. Həmin ifadələr isə işgəncələrlə, qeyri-insani rəftarla, bolluca bit-birə və siçovul olan kameralarda saxlanılmaqla, eləcə də, etiraf edilməzsə, güllələnməyə məhkum edilmə təhdidi ilə əldə olunurdu.
Bu işlərin əksəriyyətinin arxasında respublika prokurorluğunun mühüm işlər üzrə müstəntiqi Mixail Javneroviç dururdu. Javneroviç bütün cinayətlərin üstünü açan bacarıqlı müstəntiq sayılırdı və “Belarusiya Meqresi” (Meqre - belçikalı məşhur detektiv yazıçısı Jorj Simenonun baş personajı) adı ilə tanınırdı. Qırmızı Əmək Bayrağı Ordeni və başqa təltiflərə layiq görülmüşdü. Halbuki onun uğurlu karyerası heç də xəfiyyə məharəti ilə bağlı deyildi.
Javneroviç dəlil-sübut axtarmaqdansa şübhəli bildiyi şəxsdən etiraf ifadəsi almağa üstünlük verirdi. Bunun üçün isə yuxarıda sadalanan üsullara əl atır, onlar kömək etmədikdə yenilərini fikirləşirdi: məsələn, başqa qətlləri də boynuna qoymaq, tutulanın ailə üzvünü cinayətdə iştirak və ya cinayəti gizlətməkdə ittiham etmək. Bəzən etiraf ifadəsi vermiş şəxs məhkəmədə ifadəsindən imtina edir, günahsız olduğunu bildirirdi. Belə hallarda müttəhimin vəkili işə qoşulurdu. O, müvəkkilinə cinayəti etiraf edib peşmanlıq bildirməyi məsləhət görür, əks halda güllələnmə cəzası alacağını deyirdi. Hakimlər də işdəki bütün uyğunsuzluqlara, dəlil çatışmazlığına baxmayaraq, nüfuzlu müstəntiqin ittiham aktını qəbul edir və ona uyğun hökm çıxarırdılar.
Javneroviç insan taleyinə qarşı belə etinasızlığını “Hər bir şəxs cinayətkardır. Hələ cinayət törətməsə də, törədə bilər” yanaşması ilə izah edirdi. Daha əvvəl adını çəkdiyim Vladimir Paşkeviçə istintaq zamanı deyirdi: “Bilirəm ki, sən öldürməmisən. Amma mənim üçün nə fərqi? Əsas işi bağlamaqdır”. Beləcə, Vitebsk manyakının işində qurban təkcə Mixaseviçin öldürdükləri deyildi.
Javneroviçin uzun müddət par-par parlayan ulduzuna 1983-cü ildə ləkə düşdü. 1981-ci ilin iyulunda Mozır şəhəri yaxınlığında yerləşən Bolşiye Savişşi gölündə oxşar familiyalı - Kuzmenkov və Kuzmenko - iki nəfərin cəsədi tapıldı. Birincisi Mozır prokurorluğunun müstəntiqi, ikinci isə balıq ovuna nəzarət inspektoru idi. Ekspertiza onların ağır xəsarət yetirilərək gölə atılmaları və suda boğularaq ölmələri barədə rəy verdi.
Yerli xəfiyyələrin araşdırması uzandıqda Minskdən Javneroviçi Mozıra göndərdilər. O, adəti üzrə cinayətin üstünü sürətlə açdı. Daha doğrusu, guya açdı. Mozır stansiyasının beş sakini həbs edildi, etiraf ifadələri alındı və biri 15 il, digərləri isə daha az müddətə həbs cəzasına məhkum olundular. Adi hallarda iki poqon daşıyıcısının qətlinə görə mütləq ölüm hökmü çıxarılardı. “Mozır işi”ndə analoji hökmün olmaması göstərir ki, hakim də müttəhimlərin günahkar olmalarına əmin deyilmiş və edam kimi ağır günaha batmaq istəməyib.
İki il sonra, 1983-cü il aprelin 30-dan mayın 1-nə keçən gecə Mozırda iki milis nəfəri öldürüldü. Cinayətin üstü tez açıldı, amma bu dəfə doğrudan açıldı. Qətli Kovalçuk qardaşlarından ibarət beş nəfərlik dəstə törətmişdi. Qardaşlardan birinin istintaq zamanı ağzından qaçırdığı sözdən tutub düyünü açan müstəntiq iki il əvvəlki ikiqat qətli də Kovalçukların törətdiyini aşkar etdi. Deməli, beş günahsız insan həbsə göndərilmişdi.
“Mozır işi” partiya və hüquq-mühafizə orqanlarında böyük rezonans doğurdu. Amma sonda məsələyə “hamı səhv edə bilər” məntiqi ilə yanaşıldı və ciddi cəzalar tətbiq olunmadı. Bununla belə, Javneroviçin “qüsursuz xəfiyyə” imici ciddi zədələndi.
***
Vitebskdə 1984-cü ildə 12 nəfərin öldürülməsi nəinki respublika, həm də İttifaq rəhbərliyinin diqqətini çəkdi. 1985-ci ilin yanvarında vilayətə yeni milis rəisi təyin olundu. Meçislav Qleb adlı bu rəisin qarşısında duran ən mühüm vəzifə qadın qatilini və ya qatillərini (cinayətkarın bir və ya bir neçə nəfər olması məlum deyildi) tapmaq idi.
Tədricən qatilin eyni adam(lar) olması fikri formalaşmağa başladı. Çünki epizodlarda açıq-aşkar oxşarlıq vardı. Cinayətlər nisbətən məhdud ərazidə və eyni üsulla - boğmaqla həyata keçirilirdi. Amma silsilə qatil fikri yalnız son illər baş verən və üstü açılmayan qətllərlə bağlı idi. 14 nəfərin günahsız cəzalandırılması hələ kimsənin ağlına gəlmirdi.
Analoji cinayətlərdə istintaqı çətinləşdirən əsas iş qurbanların təsadüfi seçilməsidir. Başqa cinayətlərin araşdırılması zamanı motiv axtarılırsa, qurbanın yaxın çevrəsi gözdən keçirilirsə, indi bu üsullar faydasız idi. Mixaseviç də heç zaman tanıdığı qadınlara hücum etmirdi və bu, onun ifşasını çətinləşdirirdi.
Vitebskdə isə vəziyyət gərgin idi. Bir il ərzində 12 qadının öldürülməsi əhalidə böyük narahatlıq yaratmışdı. Halbuki şəhər yüngül sənaye mərkəzi idi və burada əsasən qadınların işlədiyi xeyli iri müəssisə vardı: trikotaj və tikiş fabrikləri, xalçaçılıq və ipəkçilik kombinatları və s. Silsilə qatil haqqında xəbərlərdən qorxuya düşən qadınlar ikinci və üçüncü növbə işləməkdən imtina edirdilər.
Nəhayət, bir şahid tapıldı və öldürülən qadınlardan birinin son dəfə qırmızı “Zaporojets”ə mindiyini söylədi. Vitebsk vilayətində minlərlə qırmızı “Zaporojets” olsa da, bu, artıq müəyyən ipucu idi.
Mixaseviçə qarşı növbəti faktı isə... Mixaseviç özü verdi. Özü drujinaçı olan və axtarışların intensivləşdiyini bilən qatil — özü milislə birlikdə qırmızı “Zaporojets” sürücülərini yoxlayırdı — 1985-ci ildə uzun müddət qətl törətmədi. Amma görünür, dinc durmaqdan bezdi və milislə oynamaq qərarına gəldi. O, həmin ilin avqustunda uydurma “Vitebsk vətənpərvərləri” antisovet təşkilatı adından “Vitebski raboçiy” qəzetinə məktub göndərdi.
Həmin məktubda iddia olunurdu ki, “Vitebsk vətənpərvərləri” ərlərinə xəyanət edən qadınları cəzalandırır, üstəlik, mənfur sovet rejimi ilə mübarizə aparır. Məktub redaksiyadan KQB-nin yerli şöbəsinə göndərildi. İdarədə isə ona xüsusi əhəmiyyət vermədilər. Vilayətdə gücləndirilmiş axtarışların getdiyini hamı bilirdi və məktubu istənilən şəxs yaza bilərdi. Müəllifin qatilin özü ola biləcəyi ehtimalı ciddi görünmədi.
Axtarışların nəticə vermədiyini görən Gennadi ürəkləndi və 1985-ci il sentyabrın 5-də daha bir qadını öldürdü. Oktyabrın 27-də isə özünün sonuncu, 36-cı qətlini törətdi. Zorlayıb boğduğu Valentina Piroqovanın ağzına “Xəyanətə görə ölüm! Kommunistlərə və onların quyruqbulayanlarına ölüm! Vitebsk vətənpərvərləri” yazılmış kağız qoydu.
Qurbanın ağzından tapılan kağız barədə eşidən KQB avqustda yazılan məktubu xatırladı. Xətlər tutuşduruldu və eyni adam tərəfindən yazılması təsbit edildi. O zaman vilayətdə mümkün olan bütün xətlərin yoxlanılması qərara alındı. Olduqca böyük miqyaslı və yorucu iş idi, amma başqa çıxış yolu yoxdu. Müxtəlif idarə və müəssisələrə daxil olmuş ərizə və şikayətlər, “Vitebsk raboçi” qəzetinə abunə qəbzləri və s. daxil olmaqla 556 min xətt nümunəsi yoxlanıldı. Amma müsbət nəticə əldə olunmadı.
O zaman müxtəlif bəhanələrlə qırmızı “Zaporojets” sahiblərinin xətt nümunələrini əldə etmək qərara alındı. Noyabrın 25-də sahə müvəkkili Gennadi Mixaseviçdən izahat aldı. Qatil qəzetə məktub göndərəndə və son qurbanının ağzına qoyacağı kağızı yazanda, əlbəttə, xəttini dəyişmişdi. Amma təcrübəli qrafoloqlar oxşarlıqları müəyyən etdilər və izahatla məktubu eyni adamın yazması barədə rəy verdilər. Yaxın günlərdə ailəsi ilə birlikdə Odessaya uçmağa hazırlaşan Mixaseviç 1985-ci il dekabrın 9-da qonşu kənddə qaynının evində həbs olundu.
O, iki gün günahını inkar etdi, amma evindən tapılan qurbanlara məxsus əşyaları gördükdə hər şeyi boynuna aldı. Onun etirafları müstəntiqləri şoka saldı. Yalnız indi bildilər ki, Mixaseviç qətllərə son illərdə deyil, 14 il əvvəl başlayıb və onun cinayətlərinə görə başqa adamlar məhkum olunublar.
Mixaseviç vaxtilə sevdiyi Lenadan başqa bütün qadınlara nifrət etdiyini, onları öldürəndən sonra rahatlıq duyduğunu deyirdi. İstintaq eksperimenti zamanı çəkilən görüntülərdə onun özünü sərbəst hiss etməsi, hətta törətdikləri ilə fəxr etməsi duyulur. Qatil özü 43 nəfəri öldürdüyünü deyirdi, amma istintaq cəsədləri aşkar edilən 36 nəfərin qətlinə görə ittiham irəli sürdü. Həmin 36 nəfərdən altısının cəsədinin yerini Mixaseviç göstərdi, daha əvvəl itkin düşmüş sayılırdılar.
Vitebsk boğucusunun məhkəməsi 1987-ci il aprelin 14-də başladı. Mayın 19-da hökm elan olundu: güllələnmə. Qatil özü cəzasının yüngülləşdirilməsi xahişi ilə müraciət etmədi, anasının müraciəti isə rədd edildi. Gennadi Mixaseviç həmin il sentyabrın 25-də güllələnərək edam olundu.
***
14 günahsız şəxsin şərlənməsində iştirak edənlərin əksəriyyəti inzibati tənbehlərlə qurtuldular. Yalnız Oleq Adamovun evinə şəkil atılmasını təşkil edən müstəntiq 4 il həbs cəzası aldı.
“Mozır işi”ndə sudan quru olmasa da, azacıq islanmış çıxan Javneroviç bu dəfə yağmura düşdü. Onu partiyadan və prokurorluq orqanlarından qovdular, haqqında cinayət işi açıldı. Amma yardımına Oktyabr çevrilişinin 70 illiyi münasibətilə verilən amnistiya yetişdi. Həmin aktda İkinci dünya müharibəsi veteranları üçün xüsusi güzəştlər nəzərdə tutulurdu. Javneroviç də veteran olduğu üçün cinayət işinə xitam verildi. Amma o, elə 1987-ci ildə öldü.
Mixaseviçin cinayətlərinə görə məhkum olunanlara bəraət və kompensasiya olaraq mənzil verildi. Qatilin yoldaşının və övladlarının soyadları dəyişdirilərək, başqa yerə köçürüldülər.