Logo
news content

58 ilin qaranlığı, “kosmonavt nömrə 1”in sirli ölümü – II YAZI
Sonuncu uçuşun əbədi sualları

Əvvəli: Burada

Ön kabinəsində Qaqarinin, arxa kabinəsində Seryoginin oturduğu, identifikasiya kodu 625 olan, üzərində 18 yazılan UTİ MiQ-15 saat 10:08-də mühərriki işə saldı, 10:15-də uçuş zolağına çıxdı və qalxmaq üçün icazə istədi — lakin rədd cavabı aldı, çünki başqa təyyarə yerə enirdi. Saat 10:17-də “hava kəşfiyyatçısı” — An-24 yerə endi. Qaydalara görə, onun məlumatları deşifrə olunana qədər uçuşlar başlamamalı idi. Amma qaydalara əməl olunmadı. Saat 10:18:45-də uçuşa icazə verildi. 10:19-da Qaqarin sonuncu dəfə havaya qalxdı. Bir qədər sonra isə buludluluğun aşağı qatı daha da enərək, yerin 400 metrliyinə çatmışdı...

Uçuş planına görə, 18 saylı bort havaya qalxandan sonra onun üçün nəzərdə tutulmuş 20 saylı məşq zonasına daxil olacaq və Qaqarin burada 20 dəqiqə ərzində o qədər də çətin olmayan sadə pilotaj manevrlərini həyata keçirəcəkdi. 

Təyyarə 10:21-də 4200 metr hündürlükdə eşalonu tutdu, bir dəqiqə sonra isə məşq zonasına daxil oldu. Saat 10:25:50-də Yuri Qaqarin uçuş rəhbərinə məlumat verir: “20-ci zonanı tutdum, hündürlük 4200, [uçuş tapşırığını yerinə yetirməyə] başlamağa icazə istəyirəm”. 

Dərhal da icazə verilir. Saat 10:30:10-da uçuş rəhbəri belə bir mesaj eşidir: “625, 20-ci zonada tapşırığı bitirdim, 320 kursuna keçmək üçün icazə istəyirəm”.

320 kursu geriyə, Çkalov aerodromuna istiqamət idi. Beləcə, uçuşa başlamasından 11 dəqiqə, uçuş tapşırığını yerinə yetirmək icazəsi almasından 4 dəqiqə 20 saniyə sonra Qaqarin geriyə qayıtmaq üçün icazə istəyir. Məşqin belə erkən yekunlaşması bu hadisənin ilk müəmması idi. 

Uçuş rəhbərindən icazə alan Qaqarin son dəfə əlaqəyə çıxdı: “Anladım, yerinə yetirirəm”

Saat 10:32:00-da yerdən ekipaja sorğu verildi: “625-ci, niyə sizin kursunuz 220-dir, niyə 21-ci zonadasınız?” Cavab gəlmədi. Radar təyyarəni saat 10:43-ə qədər izləyirdi, lakin komanda məntəqəsinin bütün çağırışları cavabsız qaldı. Sonra məlum olacaq ki, 18 saylı bort həmin vaxt artıq qəzaya uğrayıb, radarda isə səhvən başqa təyyarə izlənilib. 

General Kamaninin gündəliyindən: “Saat 10:50-də Kosmonavtların Hazırlıq Mərkəzindən (KHM) polkovnik Maslennikov mənə zəng edərək məlumat verdi: “Qaqarin Seryoginlə birlikdə UTİ MiQ-15 ilə saat 10:19-da havaya qalxıblar, saat 10:32-də Qaqarinin təyyarəsi ilə əlaqə kəsilib, 10 dəqiqə sonra təyyarənin yanacağı bitəcək”. Çox xoşagəlməz xəbər idi, lakin uçuşun vəzifələrini, şəraitini və ekipajın hazırlığını nəzərə alaraq, hələ də ümid edirdim ki, Seryogin kimi as pilot vəziyyətdən çıxış yolu tapacaq və iş ya məcburi enişlə, ya da ən pis halda pilotların katapultu ilə nəticələnəcək. [HHQ] Baş komandana hadisə barədə məruzə etdikdən və A. İ. Kutasinlə L. İ. Qoreqlyada axtarış təşkil etməyi tapşırdıqdan sonra dərhal Çkalov aerodromuna yollandım”.

Axtarış üçün havaya qaldırılan helikopterlərdən biri saat 14:50-də Çkalov aerodromundan 64 km, Vladimir vilayətinin Novoselovo kəndindən 3 km uzaqlıqda MiQ-15 qalıqlarını müşahidə etdiyini söylədi. Qəza yeri meşəlik idi, oraya uçan xilasedicilər bir kilometr aralıda helikopterdən endilər və təxminən bir saat dərin qarın içi ilə piyada getdilər.

Təyyarə ağacların yuxarısını biçə-biçə yerə düşmüşdü. Birinci kabinə də daxil ön hissəsi torpağa girmişdi. Parça-parça olan hissələr yüzlərlə metr ətrafa səpələnmişdi. Bir müddət sonra üzərində bir qızıl və bir metal diş olan yuxarı çənə sümüyü tapıldı. Tanıyanlar onun Seryoginə məxsus olduğunu söylədilər. Həmin gün Qaqarinin ölümünün sübutu tapılmadığından, cüzi də olsa ümid qalırdı ki, birinci kosmonavt katapult etməyə macal tapıb. Vəziyyət barədə ölkənin partiya rəhbəri Leonid Brejnevə və hökumət başçısı Aleksey Kosıginə məruzə edildi.

Qəza yerində axtarışlar ertəsi gün səhər tezdən davam etdi. Döş cibində polkovnik Qaqarinin adına səhər yeməyi talonu olan qanlı gödəkcə parçası ağaclardan birinin budağında tapıldı. Artıq şübhə və ümid qalmadı: dünyanın birinci kosmonavtı da həlak olmuşdu. “Saat 8:30-da Baş komandan mənim helikopterimin komandiri ilə əlaqə saxladı və məndən yalnız bir söz deməyimi istədi: bir, yoxsa iki? Mən cavab verdim: iki”, — Kamanin yazır.

Qəzanın ertəsi günü Qaqarin və Seryoginin qalıqları kremasiya olundu. Martın 29-da səhər tezdən Sovet Ordusunun Mərkəzi Evində iki pilotla vida mərasimi başladı. Mərasim axşam yekunlaşmalı idi. Amma gələnlər çox olduğundan ertəsi gün səhər saatlarına qədər davam etdi. Martın 30-da hər iki Qəhrəmanın külü Kreml divarına qoyuldu. Həmin gün SSRİ-də matəm elan edildi. Bu, sovet tarixində Lenin və Stalinin ölümündən sonra üçüncü ümummilli matəm idi. 

*** 

Qəzanın səbəblərini araşdırmaq üçün Mərkəzi Komitənin katibi Dmitri Ustinovun rəhbərliyi altında Dövlət komissiyası yaradıldı. Komissiya, öz növbəsində, üç alt komissiya yaratdı:

  • ekipajın uçuş hazırlığını, 27 mart tarixində uçuşların təşkili və təminatını araşdırmaq üçün uçuş alt komissiyası;
  • MiQ-15 UTI təyyarəsinin texniki vəziyyətini araşdırmaq üçün mühəndislik alt komissiyası;
  • pilotların uçuşdan əvvəlki və uçuş zamanı vəziyyətini öyrənmək üçün tibbi alt komissiya.

Təyyarənin texniki vəziyyətilə bağlı mənfi hal aşkar edilmədi. 1956-cı ildə Çexoslovakiyada buraxılan MiQ-15 son dəfə qəzadan 1 il əvvəl, 1967-ci ilin martında olmaqla iki əsaslı təmirdən keçmişdi. Elə həmin vaxt təmir olunan mühərrik də 100 saatlıq resursunun təxminən 67 saatını işlətmişdi. Ekspertiza göstərdi ki, MiQ-15 yerə çırpılan zaman mühərrik işlək vəziyyətdə olub. Digər cihazların nasazlıq halı da aşkar edilmədi. 

Tibbi alt komissiyanın keçirdiyi kimyəvi analiz SSRİ-də daim populyar olan versiyanın əksinə, Qaqarin və Seryoginin orqanizmində alkoqol, eləcə də digər kənar maddələr aşkar etmədi. 

Daha əhəmiyyətli nəticələr uçuş alt komissiyasından gözlənilirdi. Onun gəldiyi rəyə görə:  

  • pilotlara köhnəlmiş hava proqnozu verilib, yerə enən hava kəşfiyyatçısının məlumatları analiz olunmadan uçuş icazəsi verilib; 
  • əlavə çənlər təyyarənin aerodinamik xüsusiyyətlərini məhdudlaşdırıb: hər hansı qeyri-adi vəziyyət yarandığı halda asma çənlər taxılmış MiQ-15-in idarəolunmaz hala gəlməsi ehtimalı adi haldan üç dəfə yüksəkdir; 
  • yerüstü avadanlığın nasazlığı səbəbindən təyyarələrin dəyişən mövqelərini tam izləmək olmayıb, eləcə də  yerüstü radiohündürlükölçən də sıradan çıxıb. Bu nasazlıq səbəbindən MiQ-15 artıq qəzaya uğradığı halda radarda başqa təyyarə izlənilib;
  • Uçuşların planlaşdırılmasında ciddi pozuntular olub. Uçuş rəhbəri havaya qalxan və artıq havada olan təyyarələr barədə tam məlumata malik olmayıb; bəzilərinin uçuş vaxtı gözlənilməyib; uçuş günü plan cədvəlinin öyrənilməsi səthi aparılıb; 

Lakin bütün bunlar qəzanın səbəbini aşkar etmirdi. Qeyd edim ki, parçaların axtarışı son dərəcə diqqətlə həyata keçirilmiş və onların 90 faizi toplanmışdı. Amma onlar da səbəbi izah etmirdilər. 

Komissiya sınaq uçuşunun niyə vaxtından xeyli tez yekunlaşması sualına cavab tapa bilmədi. Təyyarə qara qutu ilə təchiz olunmamışdı. Ehtimal ki, Seryogin ya hava şəraitinin gözlənildiyindən pis olduğunu görərək, ya da Qaqarinin həmin şəraitdə pilotluğundan məmnun qalmayaraq risk etmək istəməyib və uçuşu yekunlaşdırmaq qərarı verib.

Pilotların qolundakı və kabinədəki dayanmış saatlardan aydın olurdu ki, qəza saat 10:31-də, Qaqarinin geriyə dönüş icazəsi istəməsindən cəmi 1 dəqiqə sonra baş verib. Başqa sözlə, UTİ MiQ-15 1 dəqiqə ərzində 4200 metr hündürlükdən düşərək yerə çırpılıb. Enişin adi eniş olmaması, təyyarənin demək olar, şaquli yerə enməsi şübhə doğurmurdu, amma niyə?

Komissiya dəqiq cavabı tapmadı. Ən real sayılan ehtimala görə, dispetçerlə son əlaqədən sonra MiQ-15 havada gözlənilməz maneə ilə — çox güman ki, meteozondla üzləşib və Qaqarin kəskin dönüş edib. Təyyarə sürətlə aşağı enərək buludların arasına girib. 

Kəskin dönüş üzündən qeyri-standart vəziyyətə düşən təyyarədə vizual görmədən məhrum olan Qaqarin məkan oriyentasiyasını itirib. Nəticədə təyyarənin “ştopor”a (təyyarənin idarəetməni itirərək spiralvari trayektoriya ilə sürətlə aşağı düşməsi) keçməsinə mane ola bilməyib — asma çənləri bir daha xatırlayaq. 

Yerdən təxminən 400 m hündürlükdə buludlardan çıxan təyyarəni əvvəlcə üfüqü vəziyyətə keçirib sonra yenidən havaya qaldırmağa vaxt və hündürlük çatmayıb. O, 50 dərəcə bucaq altında 680 km/saat sürətlə burnu üstündə yerə girib. Ekspertizanın rəyinə görə, Qaqarin və Seryogin buludlardan 250-300 metr daha yüksəkdə çıxsaydılar, xilas ola bilərdilər. 

Bu zaman buludların aşağı qatı barədə məlumatın düzgün olmaması, MiQ-15 sürətlə aşağı enərkən kabinədəki hündürlükölçənin gecikmiş məlumat göstərməsi (təyyarənin hündürlüyünü bir az əvvəl olduğu yerdə göstərirdi) də pilotların yanlış hesablamalarına səbəb ola bilərdi. 

***

Qəza səbəbinin dəqiq aşkar edilməməsi, sadəcə ehtimal irəli sürülməsi, eləcə də komissiya sənədlərinin məxfi saxlanılması alternativ versiyaların ortaya çıxmasını qaçılmaz edirdi. Onların arasında ən sensasiyalısını və populyarını Qaqarinin kosmonavt yoldaşı, açıq kosmosa çıxan ilk insan olan Aleksey Leonov səsləndirib. 

Kosmonavtın sözlərinə görə, Jukovsk şəhərində yerləşən aerodromdan havaya qalxmış Su-15 təyyarəsinin də həmin rayonda sınaqları aparılırdı. Sınanan Su-15  buludlarda supersonik (səs sürətindən yüksək) sürətlə Qaqarinin təyyarəsinin yaxınlığından keçib və onun hava axını MiQ-15-in ştopora yuvarlanmasına səbəb olub. Leonov komissiya sənədlərinin məxfi saxlanılmasını onunla izah edir ki, Su-15-i məşhur pilot, Sovet İttifaqı Qəhrəmanı idarə edib və hadisənin bilərəkdən törədilmədiyi nəzərə alınaraq onu cəzalandırmamaq qərara alınıb. 

İlk baxışda yetərincə ağlabatan görünən versiyadır. Lakin SSRİ-nin əməkdar sınaq təyyarəçisi Stepan Mikoyan bu versiyanı rədd edərək bildirir ki, aparılan sınaqlar MiQ-15-in axın səbəbindən ştopora yuvarlana biləcəyini təsdiq etməyib. Mikoyan özü təyyarənin meteozondla toqquşmadan qaçmaq, hətta, ola bilər, toqquşması səbəbindən ştopora düşməsi versiyasının tərəfdarıdır. 

Üstəlik, Dövlət komissiyasının üzvü olmuş Arseni Mironov Leonova açıq məktub yazaraq, onun versiyasını inkar etdi. Mironova görə, həmin gün Jukovsk aerodromundan iki Su-15 havaya qalxıb. Bunlardan biri 10:24-də yerə enib. Qaqarin isə, yuxarıda yazdığım kimi, 10:25-də uçuş tapşırığını yerinə yetirməyə icazə istəmişdi. İkinci Su-15 (məhz onu Sovet İttifaqı Qəhrəmanı Aleksandr Şerbakov idarə edib) saat 11:20-də, yəni Qaqarin artıq qəzaya uğrayandan sonra havaya qalxıb. Beləliklə, birincinin UTİ MiQ-15-i ştopora yuvarlatması inandırıcı deyil, ikincinin etməsi isə imkansızdır. 

Nəhayət, mənim öz fikrimcə, birinci kosmonavtın ölümünə bilməyərəkdən də olsa səbəb olmuş şəxsin heç bir cəza almaması — heç olmasa, rütbəsinin azaldılması, partiyadan çıxarılması, töhmət verilməsi və s. — ağlabatan görünmür.

Başqa bir versiyaya görə, uçuş zamanı Seryoginin halı pisləşib və o, şturvalın üzərinə yıxılıb. Təlim təyyarələrində isə təlimatçının şturvalı üstünlüyə malikdir. Başqa sözlə, təlimatçı idarəetməni öz üzərinə götürəndə cihazlar digər pilotun göstərişlərini inkar edirlər. Lakin bu versiyanın heç bir sübutu yoxdur. Üstəlik, bu halda təyyarə sona qədər eyni trayektoriya ilə hərəkət edərdi. Halbuki onun buludlardan çıxdıqdan sonra yerlə toqquşmadan yayınmaq cəhdi şübhəsiz idi.

Növbəti versiya təyyarədə ventilyasiya kranlarından birinin açıq qalması üzündən hermetikliyin pozulması və 3-4 min metr hündürlükdə bunu fərq edən pilotların təcili aşağı düşmə cəhdi nəticəsində qəza vəziyyətinin yaranmasıdır. Amma göstərilən hündürlükdə hermetikliyin pozulması nəticəsində yaranan oksigen çatışmazlığı narahatlıq yaratsa da, fəlakətli hal deyil və təlaşa qapılmaq üçün əsas vermir. 

Nəhayət, daha bir versiyaya görə, Qaqarin bilərəkdən təyyarəni “pike” vəziyyətində, 90 dərəcə bucaq altında sürətlə aşağı endirib. Bu zaman buludların aşağı qatının 900 metr hündürlükdə olduğunu düşündüyündən üfüqi uçuşa keçmək üçün yetərincə vaxtının olacağını düşünüb. Lakin buludlardan çıxanda yerə 400 metr qaldığından qəzadan qaça bilməyib. Bu versiya mümkündür, lakin hər iki Sovet İttifaqı Qəhrəmanı intizamsızlığa və məsuliyyətsizliyə yol veriblər. O da ola bilər ki, komissiyanın sənədləri məhz bu üzdən, birinci kosmonavtın ideallaşdırılmış obrazına xələl gətirməmək üçün məxfiləşdirilib. 

Qəzanın səbəbini izah etməyə çalışan bu ehtimallardan əlavə, daha bir neçə konspiroloji versiya mövcuddur. Onların arasında artıq yuxarıda xatırladığım alkoqol versiyası, eləcə də Qaqarinin sovet rəhbərliyinin etimadını itirdiyindən qəsdən aradan götürülməsi və başqaları var. Konspirologiya həvəskarları üçün maraqlı ola biləcək bu versiyaların arxasında fantaziyadan başqa heç nə durmur. 

*** 

Yuri Qaqarin kosmosdan sağ qayıdacağına əmin deyildi. Uçuş ərəfəsində arvadına və qızlarına məktub yazmışdı. Həmin məktub yalnız 7 il sonra ailə üzvlərinə verildi:

 

“Salam, mənim əzizlərim, çox sevdiyim Valeçka, Lenoçka və Qaloçka!

Qərara gəldim ki, sizə bir neçə sətir yazım, bu gün mənə qismət olan sevinc və xoşbəxtliyi sizinlə bölüşüm. Bu gün hökumət komissiyası kosmosa birinci məni göndərmək qərarı verdi. Bilirsən, əziz Valyuşa, nə qədər sevinirəm, istəyirəm siz də mənimlə birlikdə sevinəsiniz. Sadə bir insana belə böyük dövlət vəzifəsi həvalə edilib — kosmosa ilk yolu açmaq!

Bundan böyük nə arzulamaq olar? Axı bu — tarixdir, bu — yeni bir dövrdür! Bir gün sonra start götürməliyəm. Siz bu vaxt öz işlərinizlə məşğul olacaqsınız. Çiyinlərimə çox böyük vəzifə düşüb. İstərdim ki, bundan əvvəl bir az sizinlə olum, səninlə danışım. Amma təəssüf ki, siz uzaqdasınız. Buna baxmayaraq, sizi həmişə yanımda hiss edirəm.

Texnikaya tam inanıram. O, məni yarı yolda qoymamalıdır. Amma olur ki, insan düz yerdə yıxılıb boynunu sındırır. Burada da nəsə baş verə bilər. Amma özüm hələ buna inanmıram. Əgər nəsə baş versə, sizdən, ilk növbədə isə səndən, Valyuşa, xahiş edirəm — dərddən özünü öldürmə. Axı həyat həyatdır və heç kimə sabah onu maşın vurmayacağına zəmanət verilmir. Qızlarımızın qeydinə qal, xahiş edirəm, onları mənim sevdiyim kimi sev. Onları nazlı, ərköyün yox, həqiqi insan kimi böyüt — həyatın çətinliklərindən qorxmayan insan kimi. Yeni cəmiyyətə — kommunizmə layiq insanlar yetişdir. Bu işdə sənə dövlət kömək edəcək. Öz şəxsi həyatını isə vicdanının dediyi kimi qur, necə düzgün bilirsənsə, elə et. Mən sənə heç bir öhdəlik qoymuram və buna haqqım da yoxdur. Məktub bir qədər matəm ovqatında alınır. Özüm buna inanmıram. Ümid edirəm ki, bu məktubu heç vaxt görməyəcəksən və mən özüm bu ötəri zəifliyimə görə utanacağam. Amma birdən nəsə baş versə, sən hər şeyi sona qədər bilməlisən.

Mən indiyədək vicdanla, düzgün, insanlara fayda verərək yaşamışam, hərçənd bu fayda böyük olmayıb. Uşaqlıqda bir dəfə Valeri Çkalovun sözlərini oxumuşdum: “Olmalısansa, birinci ol”. Mən də buna çalışmışam və sona qədər çalışacağam. İstəyirəm, Valeçka, bu uçuşu yeni cəmiyyətin insanlarına — artıq daxil olduğumuz kommunizmə, bizim böyük Vətənimizə, elmimizə həsr edim.

Ümid edirəm ki, bir neçə gündən sonra yenə birlikdə olacağıq, xoşbəxt olacağıq.

Valeçka, xahiş edirəm, imkanın olsa, mənim valideynlərimi unutma, onlara kömək et. Məndən onlara böyük salam çatdır və qoy məni bağışlasınlar ki, bu barədə heç nə bilmirdilər — zatən bilməməli idilər. 

Belə, vəssalam. Sağ olun, mənim doğmalarım. Sizi möhkəm-möhkəm qucaqlayıb öpürəm. Salamlarla, sizin atanız Yura. 10.04.61”