Logo
news content
User
Kateqoriyalar

Xəbər

Türkiyə siyasətində fırtına - Məhkəmə CHP barəsində qərar verdi
Özgür Özəl postundan uzaqlaşdırıldı, Kılıçdaroğlu geri dönür

Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyası barısində (CHP) şok məhkəmə qərarı verilib. Ankara Bölgə Apellyasiya Məhkəməsi Özgür Özəlin sədr seçildiyi qurultayın nəticəsini ləğv edərək, Kamal Kılıçdaroğlunun yenidən rəhbərliyə gətirilməsinə qərar verib. Qərardan dərhal sonra Borsa İstanbulda səhmlər kəskin ucuzlaşıb, liderlər isə bir-birinin ardınca sərt bəyanatlar yayıblar.

Türkiyə mediası xəbər verir ki, Ankara Bölgə Apellyasiya Məhkəməsinin 36-cı Mülki Kollegiyası CHP-nin böyük səs-küyə səbəb olan 38-ci Növbəti və 21-ci Növbədənkənar qurultaylarının nəticələrinin ləğv edilməsi tələbi ilə açılan iddia işi üzrə sensasiyalı qərar çıxarıb.

Məhkəmədən "Mütləq Butlan" (Hüquqi Yoxluq) qərarı

Məhkəmə hər iki qurultay barəsində "mütləq butlan" (hüquqi cəhətdən tamamilə etibarsız/yox hökmündə) qərarı verib. Qərara əsasən, 2023-cü ilin noyabrında Özgür Özəlin sədr seçildiyi qurultay keçirildiyi andan etibarən qanunsuz sayılır.

Məhkəmənin qəbul etdiyi təxirəsalınmaz ehtiyat tədbiri qərarı ilə:

Mövcud sədr Özgür Özəl, Mərkəzi İcra Heyəti və Partiya Məclisinin üzvləri müvəqqəti olaraq vəzifədən uzaqlaşdırılıb, 

Məhkəmə yekun qərar qətiləşənə qədər keçmiş sədr Kamal Kılıçdaroğlu və onun rəhbərliyinin səlahiyyətlərini bərpa edərək, partiyanın idarəçiliyini yenidən onlara həvalə edib, 

Eyni zamanda, CHP-nin İstanbul vilayət təşkilatında da rəhbərlik dəyişib. Gürsel Tekinin "qəyyum"luq fəaliyyətinə son qoyulub və bu posta Gülsüm Hale Özcömert Coşkun təyin edilib.

"Mütləq Butlan" nədir?

Hüquqi termin olaraq hər hansı bir prosesin qanunun imperativ (əmredici) normalarına kökündən zidd olması, icra edildiyi andan etibarən "heç baş verməmiş" kimi qəbul edilməsidir. Bu isə o deməkdir ki, Özgür Özəl rəhbərliyinin indiyə qədər atdığı bütün hüquqi və siyasi addımlar (bələdiyyə seçkilərində namizəd təyinatları da daxil olmaqla) böyük bir sual işarəsi altına düşür.

Kılıçdaroğlundan İlk açıqlama: "Xeyirli olsun"

Qərardan dərhal sonra "TGRT Haber" kanalına danışan CHP-nin yenidən hüquqi rəhbəri elan edilən Kamal Kılıçdaroğlu qısa və konkret reaksiya verib. Kılıçdaroğlu, "Mütləq butlan qərarı Türkiyəyə və CHP-yə xeyirli olsun" deyərək məhkəmənin qərarını dəstəklədiyini və partiyanın sükanını yenidən ələ almağa hazır olduğunu bəyan edib.

Özgür Özəldən sərt cavab: "Təslim olmamağı vəd edirəm!"

Vəzifədən uzaqlaşdırılan CHP lideri Özgür Özəl isə məhkəmənin qərarına qarşı geri addım atmayacağını və mübarizəni davam etdirəcəyini bəyan edib. Şok qərardan sonra şəxsi "X" (Twitter) hesabında partiyanın 39-cu Növbəti Qurultayındakı çıxışından bir hissə paylaşan Özəl, rəqiblərinə və məhkəmə qərarına meydan oxuyub. 

"Mən sizə iqtidara doğru gül bağçasından keçərək getməyi vəd etmirəm. Mən sizə ağrılara qatlanmağı, amma təslim olmamağı vəd edirəm! Mən sizə şərəf, ləyaqət, cəsarət və mübarizə vəd edirəm!" - deyə Özgür Özəl qeyd edib.

İqtisadiyyatda şok: birja çökdü, əməliyyatlar dayandı

Müxalifətdə baş verən bu gözlənilməz rəhbərlik dəyişikliyi və yaranan siyasi qeyri-müəyyənlik Türkiyənin maliyyə bazarlarına dərhal mənfi təsir göstərib.

Qərarın açıqlanmasının ardınca Borsa İstanbul (BIST 100) indeksi gün ərzində 6 %-dən çox, bankçılıq indeksi isə 8,6 % dəyər itirib. İtkilərin kəskinləşməsi və panika səbəbindən birjada avtomatik təhlükəsizlik sistemi (devre kesici) işə düşüb; aksiya bazarında ticarət sessiyası vaxtından əvvəl dayandırılaraq bağlanıb.

Hüquqşünaslar və siyasi ekspertlər bu qərarın Yüksək Seçki Qurumu (YSK) və Siyasi Partiyalar Qanunu çərçivəsində necə tətbiq olunacağının yaxın günlərin ən kritik müzakirə mövzusu olacağını bildirirlər. Ekspertlərin fikrincə, yaranmış hüquqi böhrandan çıxmaq üçün CHP-nin tamamilə yeni bir növbədənkənar qurultaya getməsi artıq qaçılmazdır.

Turqu