“SEPAH öz pozuculuq əməllərinə ordunu da qatmaq istəyir...” – ŞƏRH
21 May 2026
İranda ordu ilə İnqilab Keşikçiləri korpusu (SEPAH) arasında daxili mübahisələr və münaqişə kəskin şəkildə artıb. Bu barədə Amerikanın "Əl-Hora" şəbəkəsi İran daxilindəki məlumatlı hərbi və siyasi mənbələrə istinadən bildirib. Məlumata görə, bu mübahisələr İranın bir neçə böyük şəhərində silahlı toqquşmalara səbəb olub. 15 may 2026-cı ildə dərc olunmuş hesabatda İran məsələləri üzrə ixtisaslaşmış keçmiş İran ordusu zabitlərindən və fəallarından sitat gətirilərək, son həftələrdə Tehran, Təbriz, İsfahan və Əhvazın bəzi hissələri də daxil olmaqla mühüm şəhərlərdə rəsmi ordu qüvvələri ilə İnqilab Keşikçiləri Korpusu arasında silahlı toqquşmaların baş verdiyi ətraflı şəkildə bildirilir.

Siyasi analitik, Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan Pressklub.az-a açıqlamasında bildirib ki, 1979-cu il islam inqilabından sonra yaranan SEPAH ölkədə qeyri-rəsmi hakimiyyəti ələ alıb: “İnqilabdan sonra SEPAH-la ordu arasında daim ziddiyyət olub. Rəsmi ordu "Ərteş" adlanır. Onlar SEPAH-ı peşəkar hərbi qurum kimi qəbul etmirlər. Çünki onlar SEPAH-çılar hərbçidən çox siyasi-ideoloji düşüncənin daşıyıcıları, xidmətçiləridir. Hərbçilər ölkənin ərazi bütövlüyünün qorunmasına xidmət edir. SEPAH isə Xomeyninin inqilab doktrinasının transformasiyasından tutmuş, hər cür pozuculuq fəaliyyətilə məşğuldur”.
Analitikin fikrincə, bu kim dəlillər "Ərteş"lə SEPAH arasındakı bu münaqişənin silahlı qarşıdurmaya keçdiyini, yaxud keçəcəyini istisna etmir.
“Ehtimal etmək olar ki, SEPAH öz pozuculuq əməllərinə "Ərteş"i də qatmaq istəyir. Bu da onlar arasında silahlı münaqişə ilə müşahidə olunur” – analitik bildirib.