Tramp nəhayət başa düşdü: NATO ölkələri İrana qarşı əməliyyatda iştirakdan imtina edib
18 Mart 2026
Bir çox NATO ölkəsi Vaşinqton administrasiyasına ABŞ və İsrailin İrana qarşı əməliyyatında iştirak etməyəcəklərini bildirib.
Bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" yazıb.
O qeyd edib ki, artıq NATO ölkələrinin köməyinə ehtiyacı yoxdur.
Onun sözlərinə görə, NATO müttəfiqlərinin əksəriyyəti ABŞ-nin Yaxın Şərqdəki hərəkətlərində iştirak etməkdən imtina edib, baxmayaraq ki, onlar İranın nüvə silahına sahib olmasının yolverilməzliyi barədə ABŞ-nin mövqeyini dəstəkləyirdilər.
"Mən onların mövqeyinə təəccüblənmirəm, çünki biz onları qoruyuruq, onlar isə bizim üçün heç nə etmirlər, xüsusilə ehtiyac anında", - Tramp vurğulayıb.
O qeyd edib ki, ABŞ İranın hərbi potensialına fəlakətli zərbə endirdi: hərbi-dəniz qüvvələri, aviasiya, hava hücumundan müdafiə sistemləri və radarlar məhv edildi və ola bilsin ki, ən əsası - onların demək olar ki, bütün səviyyələrdə liderləri aradan qaldırıldı.
"Belə bir hərbi uğur sayəsində bizə artıq NATO ölkələrinin köməyi lazım deyil və biz onu istəmirik - bizə heç vaxt lazım olmayıb! Eynilə Yaponiyanın, Avstraliyanın və ya Cənubi Koreyanın (köməyi - red.) kimi. Əslində, dünyanın şübhəsiz ən güclü ölkəsi olan ABŞ-ın Prezidenti kimi deyirəm, biz heç kimdən kömək istəmirik!", - o əlavə edib.