Tramp: Danışıqların nəticəsinin əhəmiyyəti yoxdur, biz qalib gəldik
12 Aprel 2026
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İranla Pakistanda keçirilən danışıqların nəticəsi onu narahat etmir, çünki "Vaşinqton artıq bu müharibədən qalib çıxıb".
Amerika lideri bu barədə Ağ evin Cənub çəmənliyində jurnalistlərin suallarını cavablandırarkən bildirib.
"Razılaşma əldə edib-etməyəcəyimizin mənim üçün heç bir əhəmiyyəti yoxdur. Məsələ burasındadır ki, biz qalib gəldik", - Tramp deyib və əlavə edib ki, ABŞ İranı "tamamilə darmadağın edib".
O, ABŞ-nin İranın Hərbi Hava Qüvvələrini, Hərbi Dəniz Qüvvələrini və rəhbərliyini məhv etməsi, hazırda isə Hörmüz boğazından sərbəst keçidin təmin olunması üzərində işləməsi barədə əvvəlki iddialarını təkrarlayıb.
"Özümüz istifadə etməsək də, boğazı açacağıq, çünki ondan dünyada ya qorxan, ya zəif olan, ya da xəsislik edən bir çox başqa ölkələr istifadə edir. Məsələnin nədə olduğunu bilmirəm, lakin NATO bizə kömək etmədi", - Ağ ev rəhbəri bəyan edib.
Qeyd edək ki, ABŞ və İranın yüksək vəzifəli nümayəndə heyətlərinin İslamabaddakı danışıqları səkkiz saata yaxındır ki, davam edir.