Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya Ukraynada Qərb hərbçilərini "qanuni hədəf" sayacağını bildirir

Rusiya Ukraynada Qərb ölkələrindən qüvvələrin yerləşdirilməsini qeyri-mümkün sayaraq qətiyyətlə rədd edib. Rusiya Xarici İşlər Nazirliyi (XİN) yanvarın 6-da Ukraynanın Fransa və Böyük Britaniya ilə imzaladığı Paris bəyannaməsini belə şərh edib.

"Sənəd sülh yolu ilə tənzimləmədən çox uzaq alınıb. O, davamlı sülh və təhlükəsizliyə deyil, militarizasiyanın, eskalasiyanın davam etməsinə hədəflənib", – XİN sözçüsü Mariya Zaxarova deyib. Onun sözlərinə görə, Ukrayna ərazisində Qərb ölkələrinin hərbi bölmələrinin, digər infrastrukturun yerləşdirilməsi xarici müdaxilə sayılacaq, "onlara Rusiya Silahlı Qüvvələrinin qanuni hədəfi kimi baxılacaq".

Britaniyanın "The Times" qəzeti yazıb ki, Britaniya və Fransa Ukraynaya 15 minədək hərbçi göndərmək istəyir. Bu isə ehtimal olunandan xeyli azdır. ABŞ, Avropanın bir sıra ölkələri isə bu addımı istisna ediblər.

Təhlükəsizlik təminatları Ukraynanın sülh sazişlərini imzalamaq üçün əsas şərtidir. Media daha öncə ABŞ rəsmilərinə istinadla Rusiyanın sonucda kompromis çərçivəsində buna razılaşacağına inandığını yazıb. Onların fikrincə, Moskva üçün ən əsası ərazilərə, xüsusilə Donetskə nəzarətdir.

Ukrayna prezidenti Volodimir Zelenski, Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Kir Starmer atəşkəsdən sonra Ukraynada çoxmillətli qüvvələrin yerləşdirilməsi ilə bağlı bəyannamə imzalayıblar.