Paşinyan Trampın Sülh Şurasına qoşulur
21 Yanvar 2026
Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ prezidenti Donald Trampın Sülh Şurasına qoşulmaqla bağlı təklifini qəbul edib. O, Şuraya təsisçilərdən biri kimi qoşulmaq üçün rəsmi dəvət almışdı.
Baş nazirin mətbuat katibi Nazeli Bağdasaryan deyib ki, Paşinyan təklifi qəbul edib və Ermənistanın sülhün təşviqinə sadiqliyini təsdiqləyib.
Tramp Fransa şərabına 200 faizlik rüsumla hədələyir. Makron Sülh Şurasına qoşulmayacağını demişdi...
ABŞ prezidenti Donald Tramp Fransa şərabları və şampanlarına 200 faiz rüsum tətbiq edəcəyini deyib. Onun sözlərinə görə, bu addım Fransa prezidenti Emmanuel Makronu Trampın Sülh Şurası təşəbbüsünə qoşulmağa vadar edəcək. Bu şura qlobal münaqişələri həll etməyi hədəfləyir.
Jurnalist Trampa Makronun şuraya qoşulmayacağını deməsi ilə bağlı sual verib.
"Belə deyib? Yaxşı, onsuz da onu heç kim istəmir, çünki çox tezliklə vəzifədən gedəcək", – Tramp bildirib.
"Mən onun şərab və şampanlarına 200 faiz rüsum qoyaram və qoşular, amma qoşulmaya da bilər", – o əlavə edib.
Makrona yaxın mənbə yanvarın 19-da deyib ki, Fransa indiki mərhələdə Sülh Şurası təşəbbüsünə qoşulmaq dəvətini rədd etmək niyyətindədir.
Putin də Trampın Sülh Şurasına dəvət olunub
Rusiya lideri Vladimir Putin ABŞ prezidenti Donald Trampın Qəzzanın bərpasına nəzarət edəcək Sülh Şurasına qoşulmağa dəvət edilib. Bunu Putinin mətbuat katibi yanvarın 19-da bildirib.
"Prezident Putin diplomatik kanallarla Sülh Şurasına dəvət olunub", – Dmitri Peskov mütəmadi brifinqdə jurnalistlərə deyib.
Onun sözlərinə görə, Kreml hazırda dəvəti nəzərdən keçirir, "ABŞ-nin daha ətraflı məlumat verəcəyinə ümid edir".
Qəzza Sülh Şurasında daimi yer almaq istəyən ölkələr 1 milyard dollar ödəməlidir
ABŞ administrasiyası Sülh Şurasında daimi yer tutmaq istəyən ölkələrdən 1 milyard dollar istəyir. Bu haqda "Bloomberg", "Reuters" şuranın nizamnamə layihəsinə istinadla yazır.
Layihənin 60-dək ölkəyə göndərildiyi bildirilir. 1 milyard dollar üç ildən çox davam edəcək üzvlükdən gedir.
Qalan üzvlər isə qurumun tərkibində üç ilədək qalacaqlar, sədrin onları dəyişdirmək səlahiyyəti olacaq.
Sənədə görə, Sülh Şurasının ilk sədri ABŞ prezidenti Donald Tramp olacaq, quruma kimlərin dəvət olunmasına, kimləri çıxarmağa da o qərar verəcək.
Qərarlar səs çoxluğu ilə qəbul ediləcək, amma qərarları sədr təsdiqləyəcək.
Adı çəkilməyən ABŞ rəsmisi "Bloomberg"ə deyib ki, yığılan vəsait Qəzzanın bərpasına xərclənəcək.
Sülh Şurasının yaradılması Trampın Qəzzada münaqişənin nizamlanmasına dair sülh planına salınmışdı. Amma "The Financial Times" yazır ki, nizamnamə mətnində Qəzza xatırlanmır. Sənədə görə, "Sülh Şurası münaqişələrdən zərər çəkmiş, onların yaranma riski olan bölgələrdə sabitliyin təşviqinə, etibarlı və qanuni idarəçiliyin bərpasına, davamlı sülhü təmin etməyə çalışan beynəlxalq qurumdur".
"Bloomberg" yazır ki, Trampın tənqidçiləri ABŞ prezidentinin uzun müddətdir tənqid etdiyi BMT-yə alternativ və ya rəqib qurum yaratmağa çalışmasından ehtiyatlanırlar. Məlumata görə, Tramp artıq bir sıra dünya liderlərini, Argentina prezidenti Xavyer Miley, Kanada baş naziri Mark Karni, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Sülh Şurasına dəvət edib. "Reuters" mənbələrinə istinadla Fransa, Almaniya və Avstraliya liderlərinin də dəvət olunduğunu bildirir. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Avropa İttifaqını təmsil etmək üçün dəvət olunub.