Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ata xəstədir, oğul yaralı: Çeçenistanın gələcəyi dumanlıdır

Çeçenistan paytaxtında bir neçə avtomobilin törətdiyi yol qəzası Rusiyanın bu cənub rayonunun gələcəyi sarıdan qeyri-müəyyənliyi artırıb. Kremlin dəstəklədiyi region lideri Ramzan Kadırovun səhhəti ilə bağlı şayiələr səngimir. Mənbələr isə onun mümkün varisi, 18 yaşlı Adəmin yanvarın 16-da Qroznıda qəzada yaralandığını, Moskvaya aparıldığını deyir.

Çeçenistanda və Rusiyada hakimiyyət, dövlət mediası susur.

AzadlıqRadiosunun Rusiya/Ukrayna/Belarus üzrə redaktoru Stiv Qatterman bu haqda yazır.

Nə baş verib?

AzadlıqRadiosunun Şimali Qafqaz xidmətinə danışan çoxsaylı mənbələr, digər media orqanları maşın karvanından bir avtomobilin kənar bir avtomobilə dəydiyini yazır. "Novaya Gazeta Europe" qeyd edir ki, qəzaya karvandakı əsas avtomobilin sürücüsünün qırmızı işıqda keçməsi səbəb olub.

Həmin avtomobili Adəmmi idarə edib, yoxsa onun sərnişinimi olub, bu haqda fərqli məlumatlar var. 18 yaşlı Kadırov və ətrafı Ramzan Kadırovun qardaşı oğlu Xamzat Kadırovun 29 yaşını qeyd edirmiş, karvan da yüksək sürətlə gedirmiş.

"Nəticədə avtomobillər bir-birinə dəyib, xeyli yaralının olması haqda məlumat alırıq", – Çeçenistanın NIYSO müxalifət hərəkatının Telegram kanalı yazır.

Bir nəfər həlak olub. Bəzi mənbələr onun karvanın vurduğu avtomobilin sürücüsü olduğunu deyirlər. Adəm Kadırov və üç cangüdəni əvvəlcə Qroznıda xəstəxanaya, sonradan Moskvaya aparılıb. 18-20 nəfərin Qroznıda xəstəxanaya yerləşdirildiyi, sonradan buraxıldığı deyilir.

Bir neçə məndə A.Kadırovun durumunun ağır olduğunu bildirir. NIYSO isə yanvarın 17-də onun həyatına təhlükə olmadığını yazıb. AzadlıqRadiosunun mənbəsi onun huşsuz halda reanimasiyada olduğunu, digəri isə Moskvaya aparılmazdan öncə huşunun qayıtdığını deyib.

Rəsmilər nə deyirlər?

Heç nə. Qəza haqda nə rəsmilərdən, nə də dövlət mediasından açıqlama gəlib.

Üstəlik, R.Kadırovun Telegram kanalı, dövlətə bağlı media orqanları Adəmin polis və təhlükəsizlik qüvvələrinin komandirləri ilə görüşməsinin, dövlət medallarını təqdim etməsinin görüntülərini yayıb. Bu isə məsələni ört-basdır etmək cəhdi kimi görünə bilər.

Dəlillər bu görüntülərin yanvarın 15-də, qəzadan bir gün öncə çəkildiyini göstərir. Çeçenistanda bu praktika nə qədər yayılıb, dəqiq bilinmir. Amma Kreml bunu prezident Vladimir Putinlə bağlı tez-tez edir.

Yanvarın 17-də təhlükəsizlik qüvvələri Qroznıda Adəmin aparıldığı xəstəxanada həkimlərin, digər personalın mobil telefonlarını yoxlayıblar. Görünür, qəza haqda informasiya sızdıranları cəzalandırmaq istəyiblər.

Adəm Kadırov kimdir?

R.Kadırovun azı 12 uşağının olduğu deyilir, bəziləri həyat yoldaşı Mədinədən deyil, başqa qadınlardandır. Adəm isə onun ən çox tanınan altı övladından kiçiyidir, sevimlisi sayılır.

Noyabrda 18 yaşı olan Adəm daha öncə regionda bəzi vəzifələrə çəkilib. 2023-cü ildən atasının təhlükəsizlik xidmətinin başçısıdır, ötən ilin aprelində Çeçenistan Təhlükəsizlik Şurasının katibi təyin olunub, bir sıra başqa vəzifələri də var.

Hələ azyaşlı olanda "Çeçenistanın Milli Qəhrəmanı" adına layiq görülüb. O zaman 15 yaşında olan Adəm Quranı yandırmaqda ittiham olunaraq həbs edilmiş bir məhbusu döymüşdü. Bu isə regionda zorakılıq və hüquqsuzluğun göstəricisi sayılırdı.

Bu arada R.Kadırovun ağır xəstə olması, yeniyetmənin atasının mümkün varisi olacağı haqda spekulyasiya dolaşır. Çeçenistan konstitusiyasına görə, region liderinin azı 30 yaşı olmalıdır.

Bəs varislik necə olacaq?

S.Qatterman bunun saysız faktorlardan asılı olduğunu yazır. Ən əsası, qəza Adəmin səhhətinə uzunmüddətli iz buraxacaqmı? Amma atasının durumu və niyyəti bundan da vacibdir.

İndilik baş verənlər isə Çeçenistanda yaxın və uzaq gələcəkdə hakimiyyətdə kimin olacağı ilə bağlı qeyri-müəyyənliyi artırır. Bu məsələ Moskva üçün də önəmlidir, Putin Kadırova bel bağlayır.

49 yaşlı Kadırov 2007-ci ildə Çeçenistan prezidenti təyin olunub. Onu insan haqları qrupları ağır insan haqları pozuntularında ittiham edirlər. Putini açıq dəstəkləyir, Ukraynadakı işğalçı müharibəyə çeçenləri də göndərib. Tənqidçilər deyirlər ki, Kadırov Çeçenistanda separatçılığı nəzarətdə saxladığı üçün Putin onun yol verdiyi bütün pozuntuları görməzdən gəlir.

Kadırov təkcə Adəmə deyil, digər övladlarına da yüksək vəzifələr, mükafatlar verib. Bu ayın əvvəlində 20 yaşlı Axmat Kadırov baş nazirin müavini təyin olunub.

Təhlilçilərin fikrincə, o, ölümündən, yaxud istefasından sonra ailəsinin regiona nəzarətdə saxlamasına çalışır, nəinki bir varisə fokuslanmağa.

Kadırovun özünə nə olub?

Onun səhhəti haqda şayiələr illərdir dolaşır. "Novaya Gazeta Europe" 2024-cü ildə onun mədəaltı vəzi problemindən əziyyət çəkdiyini yazıb. Sosial mediada yayılan videolarda şişkin görünüb, dili dolaşıb.

Ötən ilin mayında isə "Novaya Gazeta Europe" Kadırovun səhhətinin pisləşdiyini bildirib. Dekabrın sonunda isə onun Moskvada xəstəxanaya yerləşdirildiyi xəbər verilib. Bu, Putinin keçirəcəyi böyük iclas öncəsi baş verib. 2025-ci ildə internetdə yayılan bəzi videolarda Kadırov aşkar xəstə, narahat görünürdü.

Mayda yayılan bir videoda tünd rəngdə kapüşon taxmış Kadırov yavaş-yavaş gəzişir, ona aid olduğu deyilən səs isə deyirdi ki, "xəstəlik və ölüm hər insanın keçdiyi yoldur: Həyatda olan heç kəs bu yoldan qaça bilməyib".