İranda yanvar etirazlarının üç iştirakçısı edam edilib
21 Mart 2026
İran hakimiyyəti yanvarda kütləvi etirazlara çıxan üç nəfəri martın 19-da edam edib. Hökumətin nəzarətində olan İran mediasının məlumatına görə, onlar iğtişaşlar zamanı iki polis əməkdaşının qətlində, eləcə də "Allaha qarşı düşmənçilik"də (dövlət quruluşuna qarşı etirazlarda iştirak) təqsirli biliniblər. İran hakimiyyəti etirazçıların hazırda İslam Respublikasına qarşı hərbi kampaniya aparan İsrail və Birləşmiş Ştatların maraqlarına uyğun hərəkət etdiyini bildirir.
Hər üçü Qum şəhərində asılıb.
İnsan haqları qruplarının məlumatına görə, edam edilənlər arasında 19-yaşlı güləşçi Saleh Məhəmmədi də var. Hüquq müdafiəçilərinin sözlərinə görə, işgəncə altında o, polislərin qətlində günahını etiraf edərək özünə qarşı ifadə verib.
"Amnesty International" məhkumların ədalətli məhkəmə hüququndan məhrum olunduğunu qeyd edərək edamları pisləyib.
Yanvarda kütləvi etirazların yatırılması zamanı minlərlə insan öldürülüb. Yüzlərlə etirazçı həbs edilib. ABŞ prezidenti Donald Tramp İran hakimiyyətini onları edam etməməyə çağırıb. ABŞ və İsrailin hücumundan sonra İran rejiminin hökmlərin çıxarılmasını sürətləndirdiyi bildirilir.