Güləşçilərimiz Avropa çempionatını 13 medalla başa vurublar
27 Aprel 2026
Azərbaycan güləşçiləri Albaniyanın paytaxtı Tiranadakı Avropa çempionatını 13 medalla başa vurublar.
Yarışın sonuncu günündə sərbəst güləşdə beş çəki dərəcəsində mükafatçılar bəlli olub.
Nurəddin Novruz (61 kq) üçüncü yer uğrunda görüşdə italiyalı Simone Pirodduya uduzub.
Turan Bayramov (74 kq) finalda Taymuraz Salmazanova (Slovakiya), Arseniy Djioyev (86) İbrahim Kadiyevə (UWW) məğlub olaraq gümüş medala sahib çıxıblar.
Ali Tsokayev (92 kq) finalda Ahmed Batayevə (Bolqarıstan), Giorgi Meşvildişvili (125) Vladislav Baytsayevə (Macarıstan) qalib gələrək Avropa çempionu olublar.
Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) Avropa çempionu olub. Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal qazanıblar. Yunan-Roma güləşi üzrə milli komanda hesabında birinci yeri tutub.
Qadın güləşçilərdən Jalə Əliyeva (57 kq) və Günay Qurbanova (59 kq) bürünc mükafata sahib çıxıblar. Sərbəst güləşdə İslam Bazarqanov (57 kq) qızıl, Cəbrayıl Hacıyev (79 kq) bürünc medal əldə edib.